İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəvəsi Nuriyyə Əhmədovanın yaşadığı faciələrdən danışdı - "Ürəyi dözmədi"

"AStar" layihəsi mərhum Xalq artisti Nuriyyə Əhmədova ilə bağlı reportaj hazırlayıb. 

Mərhum sənətçinin qətlə yetirilən 20 yaşlı qızı İlahənin oğlu Faiq İbadzadə onunla bağlı xatirələrindən danışıb.

Onun sözlərinə görə, N.Əhmədovanın ürəyi övladlarını itirməyinə dözməyib:

"Həmişə məni sənətə yönəldib. O, mənə həm ana, həm nənə olub. Çalışıb ki, məndən heç nəyi əsirgəməsin. Baxıb hansısa uşaqda nəyisə görüb istəməmişəm. Heç nəyimi əsirgəməyib. O cür böyüdüb məni. Hətta pis övladın belə ölməyi anaya təsir edər. O ki, qaldı yaxşı övlad. Nuriyyə xanım bir ömür bu dərdlə yaşadı. Hər dəfə mənə deyirdi ki, sənə baxıb onu xatırlayıram. Sən mənim üçün bu həyatda stimulsan. Nə edirəmsə, sənə görə edirəm. Sonra elə oldu ki, oğlu da dünyasını dəyişdi. Onda da bir-birimizə sığındıq. Amma ürəyi dözmədi. İnsanın dərdinin üzərinə dərd yığıldıqca üzdə bilinməsə də, ürəyində çəkdiyini bir Allah bilir, bir də özü.

Onun sonuncu müsahibələrinə baxsanız, gözlərində dərdinin əks olunduğunu görəcəksiniz. O, oğlu üçün çox çalışdı. Bilirdim ki, onun ürəyi buna dözməyəcək. Vəziyyətini görürdüm". 

Xalq artisti Həmidə Ömərova həmkarının başına gələn faciəni belə xatırlayır:

"Gücllü qadın idi. Hər qadın o dərdi qaldıra bilməz. Hər qadın o dərdə, itkilərə dözə bilməz. Nuriyyəni birinci yıxan ağır itki qızı oldu. O bunu dəfələrlə danışırdı. Amma mən bunu görmüşəm. Biz yasda idik. İlahənin yası idi. Nuriyyə o qədər ağlamışdı ki, göz yaşı qurumuşdu. Onun ancaq bir jestini görürdüm. Gözləri heç yerə baxmırdı. Əlləri stolun üstündə idi və tərpədirdi. Elə bil lal-lalı soruşurdu ki, nə edim? Bütün yas boyu gözündən bir gilə yaş axmadı. Çünki bu qadının qucağında balası ölmüşdü. O qədər özündə deyil, şok keçirmişdi. Xəstəxanaya qızını çatdıranda qucağında can verib, amma o, elə bilirdi ki, sağdır. Balanın anasının qucağında can verməsi ağır dərddir. Heç bir qadına bunu arzu etmirəm". 

Xalq artisti Səidə Quliyeva həmin ərəfədə N.Əhmədovanın filmə çəkildiyini vurğulayıb:

"Bu ərəfədə, 1998-ci ildə "Yerlə göy atasında" filmi çəkilirdi ki, bu hadisə oldu. Hamı elə bildi ki, Nuriyyə xanım filmə çəkilməyəcək. Artıq başqa bir aktrisa axtarılırdı. Nuriyə xanım zəng vurdu ki, heç bir aktrisa dəvət etməyin, özüm gəlib çəkiləcəyəm. Hamımız şokda idik. Nuriyyə 10 gün, 2 həftə olardı ki, balasını itirmişdi. O, nəcə gəlib çəkiləcəkdi? İnandırım sizi, onda olan qəhrəmanlıq, əzəmət, sənətə olan vurğunluq... Bəlkə də o film Nuriyyəni ölməməkdən xilas etdi. Çünki dəhşətli faciə idi. Hər ana buna dözə bilməz. Vaqif Mustafayevin (Xalq artisti, kinorejissor - red.) filmi onu xilas etdi.

Biz orada Nuriyyəni qoruyurduq. Həyat yoldaşı Xanlar da yanında idi. Halı pis olurdu, dəfələrlə təcili yardım üstünə gəlirdi. Amma onunla belə filmə çəkildi. Elə bil ki, bununla o, yaralarını qaysaqlayırdı. İçindəki içində idi. Aydındır ki, onun dərdini ondan başqa heç kim hiss etmirdi.

Təsəvvür edin, ana sağikən iki övladını faciəli şəkildə itirib. Mən onun həyatdan zövq almadığını gördüm. Yaşadın, yaşamadın, onun üçün eyni şey idi". 

Qeyd edək ki, N.Əhmədovanın yenicə ana olan qızı 1996-cı ildə kürəkəni tərəfindən qətlə yetirilərək öldürülüb. Sənətçinin oğlu Əli isə  37 yaşında xərçəngdən dünyasını dəyişib.

O, özü 2015-ci ilin oktyabrın 10-da  ürək tutmasından Bakıda vəfat edib. Sənətçi vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunub. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR