İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsiman Yaqublu kimdir?- Jurnalistlərin tarix müəllimi, ömrü faciə ilə bitən alim

Xəbər verdiyimiz kimi, avqustun 25-də 19 radələrində tarixçi alim, deputatlığa namizəd Nəsiman Yaqublu vəfat edib.

Musavat.com lent.az-a istinadən "Bioqrafiya" rubrikasında Nəsiman Yaqublunun həyatından bəhs edir.

- Nəsiman Yaqublu harada və nə zaman anadan olub?

Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. 

- Nəsiman Yaqublu harada təhsil alıb?

Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. 

- Nəsiman Yaqublunun karyerası barədə nə bilirik?

O, "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. 1993-cü ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərib. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib.

2001-ci ildə "Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" mövzusunda namizədlik dissertasiyasını, 2014-cü ildə "Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2008-ci ildə Türkiyənin Ankara şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyinə həsr edilən beynəlxalq konfransda, 2009-cu ildə Polşanın Varşava şəhərində Qafqaz mühacirlərindən Piradzeyə həsr edilən konfransda, 2015-ci ilin oktyabr ayının 26-29-da Polşanın Varşava Universitetinin Şərqi Avropanı Öyrənmə Mərkəzinin təşkil etdiyi Beynəlxalq Prometey konfransında iştirak edib.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.

- Nəsiman Yaqublu yazdığı kitablardan böyük qazanc əldə edirdi?

Kitablarının birinə yazdığı giriş sözündə kitablarının çapından qazanc əldə etmədiyini, hətta ev almaq üçün götürdüyü kreditin bir hissəsini əsərlərini çap etdirməyə  sərf etdiyini yazıb.

- Nəsiman Yaqublu I Qarabağ döyüşlərində iştirak edib?

1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, daha sonra "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. 

- Nəsiman Yaqublu elmi işlərinə görə hansı mükafatları alıb?

Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratı olub. 

- Nəsiman Yaqublu deputatlığa namizədliyini vermişdi?

Bəli. Həm də dəfələrlə.

2000-ci il parlament seçkilərində Nəsiman Yaqublu Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 12-ci sırada olub.

Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana ,deputat seçilə bilməmişdi.

Nəsiman Yaqublu 2006-cı il təkrar parlament seçkilərində Müsavat Partiyasının 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi üzrə deputatlığa namizədi olmuşdu.

Nəsiman Yaqublu 2010-cu il parlament seçkilərində AXCP-Müsavat Seçki Blokunun vahid namizədi və Müsavat Partiyasının üzvü olaraq 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdu.

Nəsiman Yaqublunun 2015-ci il parlament seçkilərində Müsavat Partiyasının namizədi olaraq 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülsə də, dairə seçki komissiyası onun namizədliyini qeydə almamışdır. O, Mərkəzi Seçki Komissiyasına qərarla bağlı şikayət etsə də, şikayəti təmin olunmamışdı

Nəsiman Yaqublu 2020-ci il parlament seçkilərində 24 saylı Nizami birinci seçki dairəsi üzrə Müsavat Partiyasının deputatlığa namizədi olmuşdur. O, 352 səs səs toplayaraq deputat seçilə bilməmişdi.

Nəsiman Yaqublu Müsavat Partiyası Divanının 12 iyul 2024-cü ildə növbədənkənar iclasında alınan qərarla partiyanın 2024-cü il növbədənkənar parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi olmuşdu.

Tarixçi-professor Nəsiman Yaqublu Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb.

- Nəsiman Yaqublu hansı şəraitdə həlak olub?

Nəsiman Yaqublu 25 avqust 2024-cü ildə Cəbrayıl rayonu ərazisində idarə etdiyi "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb və nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. O, xəstəxanada vəfat edib.

Onun ölümündən xəbər tutan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, hazırda Fransada yaşayan Rais Rəsulzadə göz yaşlarını saxlaya bilməyib, "O mənim canım ciytərim idi" deyərək ağlayıb. Rais Rəsulzadə ilə Nəsiman Yaqublunun dostluğu  alimin M.Ə.Rəsulzadə barəsində kitab yazdığı illərdə başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR