Onlayn ictimai-siyasi qəzet
Çox istədim ki, bu tüğyan edən “türk dili-rus dili” qovğasına qoşulmayım, mümkün olmadı. Məni buna “Ayaz Salayev haqlıdır” deyən həmkarlarım vadar etdilər.
Bəri başdan deyim ki, Ayaz Salayevin sənətkarlığı, mədəni səviyyəsi və vətənpərvərliyi ilə işim və onlara şübhəm yoxdur, amma bu məsələdə haqlı deyil. Onu haqlı sayanlar da haqsızdır. Hətta mən durub burada onları müdafiə etsəm, üçümüz də haqsız olarıq.
Niyə? Yavaş-yavaş yazım. Yazıçı Şərif Ağayar yazır ki, qohum dillər bir-birini daha tez yeyib-bitirir, nəinki yad dillər...
Bəzi qohum dillər bəlkə də elə şeylər edir, amma Avropanın qohum dilləri bir-birindən xeyli qidalanıb və heç biri o birini yeyib-qurtarmayıb, bir-birinə minlərlə söz veriblər.
Həmkarımız Rəşad Babalı isə son 30 ildə Anadoluda işlək olan türkcədən Azərbaycanda işlək olan türkcəyə keçən sözlərin təxminən 150-200 civarında olduğunu yazıb və o sözləri bircə-bircə qeyd edib. Aralarında bu kimi sözlər var: Açılım, anlam, ayrıntı, bağlantı, bölgə, coşqu, çaba, çözüm, doğal, dolğu, dönəm, endirim, ertələmək, gündəm, ilişki, incələmək, ipucu, keçərli, kimlik, olay, ortam, ödül, öndər, önəmli, önləmək, özəl, özləmək, paylaşım, qalıcı, seçənək, seçkin, simgə, sinirli, sonuc, sözlük, tanıtım, təpki, toparlamaq, toplum, türlü, ulus, uzman, yaşam, yatırım, yayım, yetərsay, yetki, yönəlik.
İndi bu 150-200 söz dilimizi korladımı? “Məna” əvəzinə “anlam”, “mühit” əvəzinə “ortam”, “əhəmiyyətli” əvəzinə “önəmli”, “dövr” əvəzinə “dönəm” deyəndə dil korlanır? Korlanmır. Əksinə, dil zənginləşir. Yuxarıdakı sözlərin hamısı sırf türk sözləridir, onlar dilimizdəki ərəb-fars mənşəli sözlərlə paralel işlətsək, zərəri olmaz. Yox, bu sözlər o biriləri sıxışdırıb çıxaracaqsa, cəhənnəmə çıxarsın. Dərdə bax. “Müvəffəqiyyət” deyəndə dilimiz dolaşmayacaq, “başarı” deyəcəyik, söhbət bitəcək.
İndi latıncadan, Avropa dillərindən dilimizə keçən sözlərə baxaq. A-dan başlayaq: abituriyent, abonent, absurd, adaptasiya, aksent, aksioma, aktual, alqoritm, allergiya, alyans, alternativ, ambisiya, analiz, analoji, aspekt, attestat, atribut, arqument, arbitr, avantüra və sair və ilaxır ...
Bu, təkcə bir hərflə başlayan Avropa mənşəli sözlərin 1-2 faizidir. Leksikonumuzda yüzlərlə A ilə başlayan yabançı söz var. Yerdə qalan 31 hərfin I xaric 30-u ilə başlayan belə sözlərin sayı minlərlədir.
Məsələn, bakalavr, banket, baryer, bloknot, brifinq kimi B ilə başlayan sözlərdən girib, deklarasiya, debat, de-yure, de-fakto, delimitasiya, demarkasiya kimi D ilə başlayan kəlmələrlə davam edib, S-yə adlayıb, 15 dənə də sayt, seksiya, sektor, semestr, seminar, senzura, server, sessiya, sertifikat, sfera, sxem, simptom, sistem, sinxron, situasiya, sponsor kimi sözlər sadalaya, axırda Z ilə (ziqzaq) ilə bitirərək, N qədər söz yazmaq olar.
O sözləri hər gün yazılarımızda, danışığımızda bol-bol, təkrar-təkrar, dönə-dönə, altını cıza-cıza, üstündən basa-basa işlədirik, hamı mənasını anlayır və heç kim də həyəcan təbili, nağarası, kərənayı, şeypuru, vuvuzelası çalmır, “ay aman, qoymayın, dil əldən getdi” demir.
İndi bu yad dillərdən aldığımız minlərlə söz, termin dilimizi korlamır, amma doğma türkcəmizdə olan, yenidən aktivləşən 200 söz korlayır?
Şifahi danışığımızda dilimizi həqiqətən də korlayan yüzlərlə söz var -“çerez”, “srazı”, "kruq", “tupoy”, “prosto”, “uje”, “patalok”, “obşi”... karoçi, “paşti”dən “bləd”ə qədər. Çox sevdiyiniz meyxanaların qafiyələrinin yarıdan çoxu türmə jarqonlarıdır, “kulivatdıya-kulivatdıya” gedirik.
İndi isə hələ 50-60 il əvvəl populyar olan iki türk mahnısından sitat gətirirəm. Biri budur:
“Gəncliyim harab olsa,
Göz yaşım şarab olsa,
Hər günüm azab olsa,
Yenə səni sevəcəyim”.
Tərcüməyə ehtiyac var? Varsa, edək, 3 dənə a saitini ə ilə əvəz edərik, iş bitər. Hə, bir də H səsini gərək X kimi tələffüz edək, yoxsa dil xarab olar.
İndi İbonun təzə çıxdığı vaxt oxuduğu mahnının sözlərinə baxaq:
“Ayağında kundura
Yar gəlir dura-dura.
Gənc ömrümü çürütdüm,
Köksümə vura-vura”.
Bu bənddə 10 söz var, qulağa və gözə yad gələn bircə “kundura”dır, o da italyancadan türkcəyə keçmiş sözdür, ayaqqabı növlərindən birini ifadə edir - yarın ayağında o olub, “krasovka” olmayıb. Hələ İbo mahnıda “köksümə” ilə paralel bir dəfə “sinəmə” və iki dəfə də “ölürəm mən, ölürəm” deyir. Əslində “ölüyorum” deməliydi.
Yəni Türkiyədə işlənən türkcə ilə bu tərəflərdəki türkcənin sözləri 95 faiz civarında eynidir, sadəcə, hər tərəf ordan-burda 4-5 faiz söz alıb. Bir də ləhcə fərqi var. Ona qalsa, o fərq öz ölkəmizdə də var, şəkililərin ləhcəsi ilə qarabağlıların ləhcəsi fərqlənir. Amma əvəzində Qazax-Tovuz zonasının ləhcəsi ilə qarslıların ləhcəsi seçilməz dərəcədə oxşardır.
Dil polemikasına dair şərh yazan bir adamı isə, görün, nə dəhşətə gətirib. Parkda oynayan uşaqlardan biri “morardım” deyib. Pah! Qan olub. Mor sözü lap qədimlərdən dilimizdə mövcud deyilmi? Uşaq da soyuqdan göyərib və bunu hansısa cizgi filmindən, yəni multfilmdən eşitdiyi sözlə ifadə edib. Nə olacaq? Rusca desəydi, yaxşıydı?
Bir-iki nəfər də “abi” sözünün çox işlənməsindən narahat olub. Bütün şəhər bir-birinə “brat-brat” deyəndə dinən yox idi, amma 3-5 adam “abi” deyəndə gözə görünür. “Abi” pis söz deyil, “ağabəy”in qısaldılmış formasıdır, “böyük qardaş” deməkdir.
Uzun sözün kəsəsi, abilər, bu dartışmanı sonlandırmaq gərək, heç kimsə bundan böylə bardaqda tusunami, yəni nəlbəkidə sunami yapmasın.
P.S. Sonuncu cümlə bir az məzəli görünə bilər, amma təklif ciddidir.
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ