Ukraynanın aşağı yaşlılardan ibarət yığmasının sabiq üzvü Oleksiy Şevçenko məşqçi Roman Qriqorçuk barədə həqiqətləri ortaya çıxarıb.
33 yaşlı qapıçı hazırda Qazaxıstanın "Okjetpes" klubunda çıxış edir. O, vaxtilə R.Qriqorçukun rəhbərliyi altında Odessanın "Çernomorets" komandasında forma geyinib.
Oleksiy Şevçenko "Neftçi"nin sabiq baş məşqçisini sərt tənqid edib: "Çernomorets"də yaxşı heç nə görmədim. Sanki 15 il əvvələ qayıtmışdım. Bu, dəhşətli idi. "Şaxtyor"dan sonra şoka düşmüşdüm. Qriqorçuk haqqında bir yaxşı insan kimi nəsə deyə bilmərəm. Onun təkcə mənə yox, bütün oyunçulara münasibəti pis idi. Qriqorçukun futboldan anlayışı olduğuna şübhəm var. O, futbol oynayıb ki?"
Futbolçunun sözlərinə görə, R.Qriqorçuk adətən güclü maliyyə dayaqlarına malik klublarda çalışmağa üstünlük verir: "Çernomorets"də işləyəndə komandanın çiçəklənmə dövrü idi. Futbolçular onsuz da qələbə qazana bilərdilər. Qazaxıstanın "Astana" klubunda işləyəndə isə Qriqorçuka ehtiyac yaranmadı, komanda baş məşqçisiz çempion oldu. Yaxşı məşqçi olsaydı, onu "Astana"da saxlayardılar. Qriqorçuk harda yaxşı pul varsa, orda işləyir"
O.Şevçenko məşqçinin xarakterində problem olduğunu söyləyib: "Qriqorçuk diktatordur. Valdimir Putin kimi ikonanın qarşısında diz çökür, dua edir. Onun danışıq tərzi də Kreml diktatorunku ilə eynidir. Həmişə Allahı xatırladır. Deyir ki, futbol mənim ürəyimdədir. Daima təhqiramiz sözlər işlədir, futbolçuları incidir. Hətta bəzi nəzəri iclaslardan sonra bir neçə futbolçunu ağlatmışdı da. Hər dəfə məğlubiyyətə görə günahkar axtarır. Belə bir şey yoxdur ki, desin, "uduzduq, hər şeyi unuduruq, növbəti oyuna hazırlaşırıq". O, məğlubiyyətdən sonra 1-2 futbolçu tapır və bütün günahları onların üzərinə yıxır".
Qeyd edək ki, R.Qriqorçuk 2024-cü il iyunun sonlarında "Neftçi"yə gəlib, elə həmin ilin oktyabrında komandadan göndərilib. O, karyerası ərzində Latviyanın “Dinaburq” (1998-2005) və “Ventspils” (2005-2009), vətənində “Metallurq” (2009-2010) və “Çernomorets” (2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Azərbaycanın “Qəbələ” (2015-2018), Qazaxıstanın “Astana” (2018-2019), Belarusun “Şaxtyor” (2020-2021) klublarında çalışıb.//Offsideplus.az
ŞƏRHLƏRŞƏRH YAZ