İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft Fondunun səhm investisiyalarından gəliri kəskin artıb

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun büdcə gəlirləri 15 milyard 4,0 milyon manat, büdcə xərcləri isə 9 milyard 634,5 milyon manat təşkil edib.

Musavat.com Fonda istinadən xəbər verir ki, 9 ayda gəlirlərin 9 milyard 424,1 milyon manatı neft və qaz sazişlərinin həyata keçirilməsindən əldə olunub.

Bu mənbədən gəlirlərdə illik ifadədə 23 faizə yaxın azalma qeydə alınıb – ötən ilin 9 ayında neft və qaz sazişlərinin həyata keçirilməsindən Fonda 12 milyard 227,2 milyon manat daxil olmuşdu.

Bu zaman mənfəət neftinin və qazın satışından 8 milyard 641,8 milyon manat (24,3 faiz az), bonus ödənişləridən 778,2 milyon manat (2,7 faiz az), tranzit gəlirləri olaraq 0,5 milyon manat, akrhesabı ödənişləri kimi 3,6 milyon manat gəlir əldə edilib.

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 5 milyard 579,9 milyon manat (2,1 dəfədən çox artım) təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 9 milyard 585,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Eyni zamanda 18,0 milyon manat “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə, 10,8 milyon manat “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə yönəldilib. Sözügedən dövrdə ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 19,9 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 4 197,6 milyon manat olub.

Ötən il bu istiqamətdə 257,8 milyon manat zərər qeydə alınmışdı.

Fond bildirir ki, aktivlərin idarə edilməsindən əldə edilən gəlirlərdəki artıma əsas töhfə səhm investisiyalarının payına düşür:

“İnflyasiyanın sabitləşməsi və iqtisadi artımın dayanıqlı olması fonunda dünyanın aparıcı iqtisadiyyatlarının mərkəzi bankları uçot dərəcələrini aşağı salaraq yumşaq monetar siyasətə doğru keçid ediblər. Bu siyasət dəyişikliyi sabit gəlirli qiymətli kağızların dəyərinin artmasına və gəlirliliyin yüksəlməsinə səbəb olub. Yüksək borclanma xərclərinin iqtisadiyyata təzyiqinin azalması ehtimalları investorların davranışına müsbət təsir göstərib ki, bu da öz növbəsində səhm bazarında canlanma ilə nəticələnib və əsas səhm indekslərində artımlar müşahidə olunmub. Bu, xüsusilə texnologiya və istehlak malları kimi sektorlar üçün faydalı olub”.

Qeyd edək ki, 2024-cü il sentyabr ayının 30-na ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlinə (56 069,7 milyon ABŞ dolları) nisbətən 10 faiz artaraq 61 697,6 milyon ABŞ dolları təşkil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR