İnsanlara hürriyət, millətlərə istiqlal!

Necə edək ki, azərbaycanlılar müalicəyə İrana yox, Türkiyəyə getsin - təklif

Azərbaycanda səhiyyənin inkişafı yönündə son illərdə bir sıra addımlar atılsa da, ayrı-ayrı savadlı həkimlərimiz olsa da, tibbi xidmətlərin səviyyəsinin, peşəkarlığın yüksək olmaması sirr deyil. İnsanlar həm bu səbəbdən, həm də xidmətlərin xeyli ucuz olmasına görə uzun illərdir ki, müayinə və müalicə üçün İrana üz tuturlar. İlk baxışda burada bir problem görünməsə də, əslində çox böyük bir təhlükəli vəziyyətin mövcudluğu ortaya çıxıb. Belə ki, İranın xüsusi xidmət orqanlarının doktor, tibbi personalından istifadə edərək, azərbaycanlıları məxfi fəaliyyətlərə cəlb etdikləri də üzə çıxıb.

Vəziyyətin təhlili onu göstərir ki, qarşıda bu cür ələalmalar daha da geniş vüsət ala bilər. Odur ki, həm vətəndaşların maarifləndirilməsi, həm də İrana müalicə üçün getməsini minimuma endirmək zərurəti yaranır. Təbii, bunu inzibati yollarla tənzimləmək mümkünsüz görünür. Çünki ölkəmizdə tibb yetərli deyil, Türkiyədə isə digər ölkə vətəndaşları üçün səhiyyə ödəmələri, qiymətlər çox bahadır. Düzdür, Türkiyə vətəndaşları sığorta ilə qəpik-quruş ödəyərək ən yüksək səviyyədə tibbi xidmət alırlar. Amma hazırda digər ölkə vətəndaşları üçün adi müayinə xərcləri 1000-2000 dollar civarında dəyişir. Hansı ki, əvvəllər azərbaycanlılar bu xidmətlər üçün 150-200 manat ödəyirdilər. Bu səbəbdən vətəndaşlarımız Türkiyəyə yox, müalicə üçün İrana axışırlar.  

Elə bir şərait yaranmalıdır ki, insanlar müalicə üçün İrana axışmasın. Bunun üçün iki optimal variant uyğun görünür:

Azərbaycanda Türkiyənin müxtəlif klinikalarının, savadlı tibbi personalının münasib qiymətlərlə ölkəmizə gəlib çalışmasına dair proqram icra etməklə;

Qardaş Türkiyədə Azərbaycan vətəndaşlarının Türkiyə vətəndaşları ilə bərabər şərtlərlə müalicə almasına dair dövlətlər arasında anlaşma əldə etməklə.

Bəs bu məsələ nə qədər mümkündür?

Ceyhun Məmmədov: Ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və  qayğı var - AZƏRTAC

Ceyhun Məmmədov: “Ölkənin səhiyyə sistemi elə bir səviyyəyə çatdırılmalıdır ki, vətəndaşlar xaricə üz tutmasın, öz səhiyyəsinə etibar etsin”

Millət vəkili Ceyhun Məmmədov qeyd etdi ki, ölkənin səhiyyə sistemi elə bir səviyyəyə çatdırılmalıdır ki, vətəndaşlar xaricə üz tutmasın, öz səhiyyəsinə etibar etsin:

“Bu məsələnin qarşısını almaq üçün birinci ölkəmizdə tibbi  xidmətin keyfiyyəti artırılmalı, səhiyyə sistemi öz xidmətinin daha da təkmilləşdirməlidir. Yəni ilk növbədə  Azərbaycan xalqında səhiyyəmizə olan inamı bərpa etməli və gücləndirməliyik.

İkincisi,  İrana müalicəyə gedən insanlarla söhbət etsəniz görərsiniz ki, İranda səhiyyə heç də təqdim olunan formada güclü deyil. Bu daha çox İranın apardığı bir təbliğatdır və azərbaycanlıları təsir altına salmaq üçün bir  vasitədir. Yəni heç də İrana gedən bütün xəstələrimiz oradan sağlam geri dönmür. Bir sıra hallarda zərərli təsirlərə məruz qalır və yaxud onlara yalnız diaqnoz qoyulur".

Deputat qeyd edib ki, azərbaycanlıların müalicə üçün İrana deyil, qardaş Türkiyəyə üz tutması üçün bir sıra məsələləri həll etmək lazımdır:

“Türkiyəyə gediş-gəlişi asanlaşdırmağın yolu budur ki, biz ən qısa  zamanda Zəngəzur dəhlizinin açılmasına nail olmalıyıq.  İnsanlarımız məhz sərhəd baxımından İrana rahat gedib-gələ bildikləri üçün yol xərcləri ucuz başa gəldiyi İrana üz tuturlar. Ona görə də bu gün dövlətimiz də çalışır ki, Zəngəzur  dəhlizi ən qısa zamanda istifadəyə verilsin.

Digər məsələ, uzun müddətdir ki, ölkədə aviabiletlərin baha olması məsələsi geniş müzakirə  olunur. Avia biletlərin qiymətinə baxılmalıdır. Qiymətlərin həddən artıq yüksək olması insanların daha çox İrana üz tutmasına gətirib çıxarır, məcbur olurlar ki, daha ucuz olan istiqamət üzrə hərəkət etsinlər.

O ki qaldı Türkiyədə azərbaycanlılar üçün daha sərfəli müalicə və müayinə məsələsinin yaradılmasına, hesab edirəm ki, bununla bağlı dövtlərarası hansısa sənəd imzalana bilər. Bir çox sahələrdə artıq belə sənədlərimiz, əməkdaşlığımız var və münasibətlərimizi nəzərə alaraq hər iki dövlət buna gedə bilər. Sadəcə, aidiyyəti qurumlar bu istiqamətdə fəaliyyətə başlamalıdır".

Bakupost.az - Bu, böyük qayıdış üçün vacibdir - Arzu Nağıyev

Arzu Nağıyev: “İnsanların bu vəziyyətindən istifadə edib, onlara müəyyən əməkdaşlıq təklifləri olunub, amma... ”

Millət vəkili Arzu Nağıyev qeyd etdi ki, İrandakı vəziyyətlə bağlı ora axın edənlərin sayı xeyli azalıb:

“Ümumiyyətlə, arzu edərdim ki, səhiyyəmiz o qədər inkişaf etsin ki, müalicə üçün vətəndaşlarımızın nə İrana, nə Türkiyəyə, nə də digər dövlətlərə üz tutmasına ehtiyac olmasın. Amma bu gün səhiyyəmizdə, istər dövlət, istərsə də özəl səhiyyə müəssisələrimizdə geniş imkanlar var, bu danılmazdır.

Zamanında ona görə İrana axın var idi ki, orada dövlətin dotasiyası var idi. Yəni dövlət birmənalı şəkildə səhiyyəni ciddi şəkildə maliyyələşdirirdi, ona görə də istər dərman preparatları, istərsə də müalicə ucuz başa gəlirdi. Həmçinin dil və din, sərhəddən asan keçmə məsələsi də var idi. Yəni şəxs bir günə İrana çatıb, müalicə və müayinə oluna bilirdi. Bu gün isə İranda qiymətlər qalxıb, ora axın da böyük deyil, problemlər də yaşanmaqdadır.

Digər məsələ, bu gün artıq Türkiyə, Almaniya və digər ölkələrdə yüksək səviyyədə tibb təhsili almış Azərbaycan vətəndaşları ölkəyə qayıdır, özəl və yaxud dövlət klinikalarında fəaliyyətdədirlər. Bu da çox gözəl tendensiyadır.

Məlum olduğu kimi, tibbin özündə biznes fəaliyyəti var. Bu istiqamətdə kiminsə başqa ölkəyə gedib-gəlməsinin qarşısını ala bilmərik. Əlbəttə, insanların bu vəziyyətindən istifadə edib, onlara müəyyən əməkdaşlıq təklifləri olunub, amma bu, geniş vüsət almayıb, çünki bu insanın özündən asılıdır.

Hesab edirəm ki, hazırda səhiyyə istiqamətində müvafiq addımlar atılır və aparılan istiqamətlər gələcəkdə öz müsbət nəticəsini göstərəcək".

Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov: “İşini reklam edərkən  etik qaydaları pozmaq olmaz...”

Zülfüqar Yusifov: “Bu, anlaşmalara, müzakirələrə bağlı bir məsələdir”

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov isə mövzuya bu cür şərh bildirdi:

“Arzu olunur ki, ölkəmizdə tibbi təhsilin, kadrların səviyyəsi o qədər gözəl və adekvat olsun ki, insanlar müalicə və yaxud müayinə üçün xaricə üz tutmasın. Nəinki xarici ölkələrə, rayonlardan, kəndlərdən Bakıya axın azalsın. Bəzən görürük ki, bəsit tibbi xidmətlər üçün belə insanlar böyük məsafələr qət edib, paytaxta gəlir. Bu da həm xəstənin, pasiyentin sağlamlığını müəyyən risk altına almış olur, həm də ekonomik, vaxt itirmək problemlərini və sairə yaratmış olur.

Əlbəttə, müəyyən patoloji xəstəliklər var ki, onlar üçün dünyanın hansısa mərkəzlərinə getmək olar. Amma adi tibbi xidmətlər üçün  digər ölkələrə getməyə ehtiyac yoxdur.

Təbii ki, zərurət yaranarsa, arzuolunandır ki, insanlarımız İrana deyil, qardaş Türkiyəyə üz tutsunlar. Çünki Türkiyənin tibbi təhsili digər ölkələrdən fərqlənir. Bu gün Türkiyə tibbi təhsili Amerika, Avropa standartlarına uyğundur.

O ki qaldı insanlarımızın tibbi xidmət üçün İrana axın etməsinə, hesab edirəm ki, burada iqtisadi məsələ var, yəni orada qiymətlərin nisbətən ucuz olması pasiyentləri özünə cəlb edir.

Türkiyədə azərbaycanlılar üçün sərfəli tibbi xidmətin yaradılması məsələsinə gəldikdə isə məlum olduğu kimi, ölkələrimiz arasında artıq bir sıra əməkdaşlıqlar, müqavilələr var. Yaxşı olardı ki, tibb sahəsində də bu cür əlaqələr yaradılsın. Qeyd edim ki, bu yaxınlarda Bakıda Türkiyə və Azərbaycan səhiyyə nazirlikləri arasında birgə əməkdaşlıqla bağlı konqres keçirildi. Həmin tədbirdə də qeyd edildi ki, həm intensiv kadr mübadiləsi, həm tələbə mübadiləsi o səviyyəyə çatdırılsın ki, hər iki ölkənin tibb infrastrukturu eyni, bənzər olsun və eyni xidmət göstərə bilsin. Hesab edirəm ki, bu anlaşmalar tezliklə yerinə yetirilərsə, həm Bakıya türkiyəli həkimlər gələcək, yeri gələndə  isə Türkiyədə azərbaycanlı həkimlərin xidmətindən istifadə oluna biləcək.  Həmçinin Türkiyədə yerli vətəndaşlara edilən tibbi üstünlüklər azərbaycanlılar üçün də tətbiq edilə bilər. Düşünürəm ki, bu da anlaşmalara, müzakirələrə bağlı bir məsələdir".

Həftəsonu qadağası nəyi dəyişəcək? (Adil Qeybulla) - ARB24 (Gündəm) -  YouTube

Adil Qeybulla: “Öz səhiyyə imkanlarımızdan istifadə etməliyik”

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə qeyd etdi ki, tibbi turizm dünyanın bütün ölkələrində var:

“İlk öncə onu qeyd etmək istərdim ki, əgər kimsə hansısa başqa dövlətin xüsusi  xidmət orqanları ilə əməkdaşlıq etmək, xüsusilə də Azərbaycanın maraqlarına zidd getmək, dövlətinə xəyanət etmək istəyirsə, onun hüquqi məsuliyyətini düşünməlidir. Belə insanlar mütləq şəkildə cəzasını almalıdır.

O ki qaldı tibbi turizm məsələsinə, dünyanın istənilən ölkəsində bu məsələ var.  Hətta ən inkişaf etmiş ölkələrdə belə tibbi turizmi görə bilərik. Azərbaycanda isə bu aşırı dərəcədədir və bunun qarşısını almaq üçün ölkənin səhiyyə sisteminin infrastrukturunu düzgün qoymaq, onu inkişaf etdirmək, dünya standartlarına cavab verəcək səviyyəyə çatdırmaq lazımdır. Doğrudur, ölkədə artıq icbari tibbi sığorta fəaliyyət göstərir və ondan yararlananlar da  az deyil. Bu gün ürək-damar cərrahlığı  əməliyyatları demək olar ki, icbari tibbi sığorta hesabına aparılır, eləcə də digər müalicələr. Hələlik bütün nöqsanların aradan qaldırılmasına nail olmasaq da, bu sistemin başlaması uğurlu hadisə sayıla bilər. Bu baxımdan hesab edirəm ki, öz imkanlarımızdan istifadə etməliyik. Azərbaycan səhiyyəsindəki kadr potensialı,  avadanlıq, maddi-texniki baza heç də İrandakından geridə qalmır. Nəzərə alsaq ki, sanksiya İran iqtisadiyyatına,  səhiyyəsinə xeyli zərbələr vurub, demək ki, oradakı vəziyyət heç də qənaətbəxş deyil".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR