Onlayn ictimai-siyasi qəzet
Bu gecəki futbol ləzzətli oldu: Azərbaycan futbolunun flaqmanı “Qarabağ” gedib Portuqaliyada yerli “Braqa” komandasını çilədi. Bircə pis iş o oldu ki, nədən 5-6 qol yox, 4 dənə vurdular. Bir qədər az oldu, sanki.
Oyundan qabaq bizim azarkeşlər sosial şəbəkədə yazırdılar ki, sizcə, “Qarabağ” “Braqa”ya (bu komandanın adı çəkiləndə adamın yadına “barıqa” kəlməsi düşür) hansı hesabla qalib gələcək.
Əminliyə bax! Sanki komandamızın qalib gələcəyi yüz faizdir, dəqiq olmayan isə hesabdır (2:0, 3:1 və s.). Bu xüsusda mən də Qurban Qurbanov kimiyəm, oyundan əvvəl yekə-yekə danışmağa qarşıyam. Çünki hesabı pis olan oyundan sonra hər şey qalır qırağa, yekə-yekə proqnoz verənlərin yaxası qalır əldə.
Bax, “Braqa”nın hansısa oyunçusu oyundan əvvəl deyibmiş ki, 4-5 qol fərqi ilə qalib gələcəyik və bu, oyunun normal, ədalətli nəticəsi olacaq. Di gedin, o 4 qolu yavanlıq edin. Hələ Nəriman Axundzadənin də başına dönün ki, son dəqiqələrdə 5-ci qolu qaçırıb sizi tamam küt-baş eləmədi.
Allahdan, flaqmanımız hər dəfə oyundan əvvəl bəd proqnoz verənləri də susdurur. Bir ara qaydaydı, komandamız güclü komandalarla qarşılaşanda bəzi “patriot” azarkeşlərimiz belə statuslar yazırdılar: “Bu gün “Atletiko” qapımızı aşsüzənə döndərəcək”; “Bu axşam “Nant” bizimkiləri meydançaya çıxmaqlarına peşman edəcək”; “Baxarsınız, “Roma” azı 5 dənə qoyacaq” və s. Ancaq heç vaxt o cür bəd proqnozlar doğrulmurdu – bir-iki istisna var, əlbəttə ki. İndi “Qarabağ” hara gedir, hamı qələbə gözləyir. Bu gözlənti o qədər böyüyüb ki, sabah komandamız “Barselona” ilə oyundan heç-heçə ilə qayıtsa, azarkeşlər narazı qalacaq.
Bayaqdan “Qarabağ”a “flaqman-flaqman” deyirəm, indi yəqin ki, “Neftçi”nin azarkeşləri qəzəblənib. O məsələ belədir, qardaşlar, intriqa yaratmaq kimi çıxmasın, “flaqman” kəlməsinin tərcüməsi “bayraqdar” deməkdir və Azərbaycan futbolunun bayrağı 15 ildir “Qarabağ”ın əlindədir. Sabah “Neftçi” də ard-arda Avropada qələbələr qazansa, yenidən “flaqman” olacaq. Düzdür, “Neftçi” klubunun yaşı çoxdur, amma sovet dövründə güclülər dəstəsində oynayanda 10-cu yerdən yuxarı qalxdığı olmurdu, ya da ələnib aşağı diviziona düşürdü. Nə isə, bu, xırda məsələdir. Arzu edək ki, “ağsaqqal” klubumuz da bayraqdar statusuna şərik olsun.
Yeri gəlmişkən, “Qarabağ”ın Avropada bu cür silsilə uğur qazanması hər dəfə yadıma gəncəli bufetçimiz Natiqi salır. O, Maşallah Əhmədovla məhəllə uşağı idi, amma onun oyununu bəyənmirdi, deyirdi, biz yeniyetmə olanda yığışıb futbol oynayırdıq, Maşdını oynatmırdıq. Həmin vaxt Maşallah 13 qolla SSRİ çempionatının bombardiri olmuşdu, Protasov, Belanov kimi oyunçular ondan geri qalırdılar (sonrakı turlarda vəziyyət dəyişdi). Amma Natiq deyirdi, yox e, ondan futbolçu olmaz, eləcə, qaçmağı var. İnsafən, Əhmədov yaxşı, sürətli qaçırdı, amma bir də görürdün, türkün sözü, hızını ala bilmir, az qalır qapı dalında şəkil çəkən fotoreportyorları ayaqlasın. Natiqin bir sözü də vardı, deyirdi, bizimkilərdən heç nə çıxan deyil, nəinki Avropada oynamaq hünərləri var, heç Moskva komandaları ilə də oynaya bilmirlər, həmişə uduzurlar.
İndi fikirləşirəm ki, əgər lələ sağdırsa, 100 faiz “Qarabağ”ın oyununa baxıb fərəhlənir. Ancaq ola bilər, o yenə də narazıdır, komandamızda legionerlərin çoxluğuna baxır, deyir, heyətdə yerli futbolçu azdır, hanı qarabağlı, gəncəli, qazaxlı oyunçular. (Elə deyirsə, düz deyir, bu məsələyə sonralar qayıdarıq).
Gecəki ləzzətli oyunda isə xoşuma gələn və gəlməyən iki məqam oldu. Birincisi budur ki, Allah VAR icad edənin atasına rəhmət eləsin, balalarını saxlasın, əgər VAR olmasaydı, “Qarabağ” Portuqaliyadan 2:1 hesabıyla uduzmuş halda qayıdacaqdı. Yan hakimlər iki təmiz qolu ofsayd kimi qiymətləndirib bayraq qaldırmamışdılarmı? Baş hakim barmağını qulaqlığına dirəyib VAR otağını dinləməsydi, gül kimi qollar gedəcəkdi işinə.
Xoşuma gəlməyən isə şərhçimizin emosionallığı, qışqır-bağırı və yalvarışlarıdır. “Nə olar, Allahım, hakim qolu versin!”; “Aman, Tanrım, “Qarabağ” hesabda yenidən irəli çıxdı” və sair və ilaxır. Bu, əlbəttə, onun vətənpərvərliyindən və səmimi azarkeliyindən irəli gəlir. Amma, a qardaş, bu futboldur, sən yüz minlərə adamın evindəsən və oyunu evdə balaca oğlunla ikilikdə izləyirmiş kimi bağırırsan. Bir az səsini qıssan, emosiyalarını cilovlasan, daha yaxşı olar. Bir də ki, bu işlər gözəgörünməz qüvvələrə yalvarmaqla olmur, VAR var, qol təmizdirsə, qeydə alacaqlar.
Uzun sözün kəsəsi, bizə silsiləvi qələbə sevinci daddıran “Qarabağ”a eşq olsun. Öz adını sona qədər haqq edən komandadır. “Qarabağ” bizimdir... Elə “Neftçi” də.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ