Onlayn ictimai-siyasi qəzet
Həmvətənimiz Rövşən Əsgərovun Rusiyada hüquqi müstəvidə təqib edilməsi prosesi davam edir və bu günlərdə verdiyi müsahibədən sonra daha kəskin hal alacaq.
Vaxtilə olduqca populyar olan “Nə? Harada? Nə vaxt” televiktorinasının parlaq iştirakçısı və qalibi olan Əsgərovun axtarışına səbəb onun RF-nin cinayət qanunvericiliyinin uyğun maddələri ilə terrorçu və ekstremistlər siyahısına salınması olub.
Bilik yaraşımasının qalibi olan intellekt hara, terrorçuluq və ekstremizm hara? 3 ildir ki, Rusiyada şiddətlənmiş militarizm və qıcqırmış patriotizm belə suallara yer qoymur, Rusiyanın Ukraynaya hücumuna dəstək verməyən hər kəs orqanizmdə “yad cism”, buna qarşı çıxanlar isə “xarici agent”, “ekstremist” və “terrorçu”dur.
Əsgərovu nasizmin reabilitasiyası ittihamı ilə qiyabi mühakimə ediblər. Ona görə ki, o, Rusiyada qadağan olunmuş sosial şəbəkələrdən birində verdiyi müsahibədə ruslar “qələbə marşalı” deyə öyə-öyə yerə-göyə sığdırmadığı marşal Jukovu “talançı” adandırıb.
Marşal Jukov nasist Almaniyası üzərində qələbənin simvollarından biri olduğu üçün ona qarşı tənqid avtomatik olaraq nasizmin reabilitasiyası kimi tövsif olunub.
Halbuki bu ikisi arasında heç bir əlaqə yoxdur. Məsələ ondadır ki, nasizm üzərində qələbədə böyük xidmətləri olan marşallar, generallar, polkovniklər, eləcə də bir çamadan orden-medalı olan digər veteranlar sonradan güllələnib, uzunmüddətli həbslərə məhkum edilib, işdən çıxarılıb və s.
Yəni nasist Almaniyasına qalib gəlmələri onları toxunulmaz etmirdi və etməyib. Təkcə Jukovun da adının keçdiyi “Qənimət işi”nə görə ümumilikdə 38 general və admiral cəzalandırılıb, yüksək rütbələrdən məhrum edilib. Ən böyük talançı məhz Jukov olsa da, o, sudan quru çıxıb, sadəcə onun Almaniyadan gətirdiyi 19 vaqon qənimətin böyük hissəsi dövlət nəfinə müsadirə edilib.
Bu barədə arxivlərdə və Rusiya mediasında yüzlərlə təfərrüatlı material var. İndi necə olur ki, bu barədə yerli-yaraqlı, son detallarına qədər yazan rus tarixçilər, yazıçılar və jurnalistlər “nasizmin reablitasiyası” ittihamı ilə üzləşmirlər, amma bu barədə bir neçə cümlə deyən Əsgərov həmin ittihama məruz qalır?
Ancaq heç demə, Rövşən Əsgərovun Rusiya qarşısında “günah”ı təkcə “qələbə marşalı”nı “talançı marşal” adlandırması deyil, o, ümumilikdə Rusiyanın hərbi aqressiyasına qarşı olub.
Bu günlərdə isə R.Əsgərov jurnalist Yuri Duda müsahibəsində rusların xoşuna gəlməyən başqa ifadələr də işlədib.
Ukrayna ordusunun Rusiyanın Belqorod şəhərinə raket zərbələri endirməsi mövzusunda danışan R.Əsgərov bildirib ki, bu zərbələrdən zərərçəkənlərə ürəyi yanmır.
Müsahibədə anlaşılır ki, R.Əsgərov hücuma məruz qalan Ukraynanın tərəfindədir, kütləvi şəkildə məhv edilən ukraynalıların faciəsinin daha böyük olmasını vurğulayır. Ancaq o, Rusiyanın birinci başladığını bildirərək, Belqorodda rus uşaqların ölməsini, onların Putinə səs verən valideynlərinin günahı olduğunu deyib.
İndi Rusiyada fəaliyyət göstərən “Xalqın çağırışı” ictimai hərəkatı bəyanat yayaraq bildirir ki, Əsgərovun bu ifadələri onlarda hədsiz hiddət və ikrah doğurur.
Həmin təşkilat Rövşən Əsgərovun ifadələrində cinayət tərkibinin olub-olmadığını müəyyən etmək üçün RF-nin İstintaq Komitəsinə müraciət edəcək.
“İslanmışın yağışdan qorxusu” olmadığı üçün bu müraciətin R.Əsgərova isti-soyuğu yoxdur. O, onsuz da təqib olunur və Rusiyaya loyal ölkələrin birində peyda olacağı təqdirdə elə aeroportdaca həbs olunaraq, Rusiyaya göndəriləcək.
Ancaq ədalət deyilən bir şey də var. İnsan hansısa faciəyə görə üzülə də bilər, üzülməyə də, dərindən kədərlənə də, ona etina etməyə də bilər. Ancaq rusların tələbi budur ki, münasibət bildirən hər kəs onların başına gələn faciəvi hadisəyə görə mütləq üzüntü duymalı və bu hadisəni törədənləri qınamalıdır.
Bəs Ukraynada Rusiya mərmi və gülləsi ilə həlak olan qoca, qadın, uşaqlar insan deyil? Onların faciəsinə biganə qalmaq doğrudur?
Söz yox, müharibələrdə həlak olan bütün mülki insanlara, eləcə də gənc əsgərlərə adamın yazığı gəlir. (Dünyada bir yanlış yanaşma var ki, əsgər legitim hədəfdir, onların öldürülməsi, necə deyərlər, halal buyrulub. Ancaq onlar da insandır, can daşıyırlar və arzuları var). Sadəcə, rusların öz faciələrini ilahiləşdirməsi, başqalarınkını görməzliyə vurması və olası hadisə kimi qəbul etməsi nasizm təzahürdür.
Onu da qeyd edək ki, R.Əsgərovun son müsahibəsinə şərh yazan yüzlərlə rusiyalı onu yerdən-yerə vurur, bu zaman Azərbaycanı da söhbətə qatırlar. Halbuki adam bütün yetkin, şüurlu həyatını Rusiyada yaşayıb, Rusiyada şöhrət, pul qazanıb. Azərbaycana bağlılığı çox az olub, heç ana dilimizi də bilmir.
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ