Onlayn ictimai-siyasi qəzet
Aprelin 25-də Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Başqa bir qərarla isə Ceyhun Cəlilov muxtar respublikanın yeni baş naziri təyin olunub.
Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib. 2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində “bp Caspian” şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb. 1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. 2023-cü ilin mart ayında Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.
Bəs tanınmış naxçıvanlıların baş nazir dəyişikliyi ilə bağlı əsas gözləntisi nədir? Bölgənin 1 nömrəli problemi nədən ibarətdir?
Fərəc Quliyev: “Elə bir şərait yaratmaq lazımdır ki, Türkiyəyə, Rusiyaya işləməyə gedənlər geri qayıtsınlar”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Naxçıvanda hansı vəzifədə olursa olsun, çalışan adamların kim olmasından daha çox hansı işi görəcəyi maraqlıdır: “Etimad göstərilən baş nazir Naxçıvanda doğulub, ciddi işlərdə çalışıb. Hesab edirəm ki, Naxçıvanın iqtisadi inkişafı ilə bağlı problemləri, onun potensialını bildiyindən ciddi addım atmaq imkanına malikdir. Naxçıvanda əsas məsələ yeni iş yerlərinin açılmasıdır. Orta və kiçik biznesin inkişafına dəstək verməkdir. Elə bir şərait yaratmaq lazımdır ki, Naxçıvandan xeyli adam Türkiyədə, Rusiyada çalışır, onlar geri qayıtsınlar. Naxçıvanın imkanları böyükdür. Mədən sənayesi inkişaf edərsə, iş yerləri açmaq mümkündür. İşləməyən zavodlar - qızıl, emal zavodlarını işə salmaqla xeyli iş yerini açmaq mümkündür. Aqrar bir bölgə olduğu üçün orada da kənd təsərrüfatı məhsullarının istehsalından sonra daxili bazarda xaricdən gələn məhsullarla rəqabətdə daxili məhsulun üstünlüyünü təmin etmək üçün gömrük tariflərinə baxmaqla stimul vermək olar. Bu məsələləri araşdırıb bir yol xəritəsi qurmaq imkanları var. Prezidentin nümayəndəsi təyin olunub, o da çox bacarıqlı, əlçatan biridir. Bu təyinat da uğurludur. Əsas olan yeni iş yerlərinin açılması, kənarda olan insanların geri qayıtmasını təmin etməkdir. Orta və kiçik biznesə imkanlar yaratmaq lazımdır. Zəngəzur dəhlizinin açılması ilə daha böyük yanaşma tələb olunacaq. Buradan çox böyük yüklərin keçməsi, ticari yolların kənarında qəsəbələrin salınması, müəssisələrin tikilməsi imkanları var. Yəqin ki, bunlar düşünülüb. Hər bir rayonda bir emal zavodu və bir soyuducu anbarın da olması vacibdir. İnsanlar məhsullarını toplayandan sonra il boyu dövlət təhvil alıb saxlasın ki, satılsın”.
Novella Cəfəroğlu
Hüquq müdafiəçisi Novella Cəfəroğlu dedi ki, Naxçıvanda baş verən bütün dəyişiklikləri izləyir, yaxından tanış olur: “Naxçıvana getməkdən məhrum olmuşduq. Amma indi hamımız öz torpaqlarımıza sərbəst gedə bilirik. İndi Naxçıvanda mütləq dəyişikliklər olmalıdır. Çünki istəsələr də, istəməsələr də Zəngəzur yolu açılacaq. Naxçıvan bütün iqtisadi, ticari əlaqələrin başlandığı yer olacaq. Onun üçün də dəyişikliklər labüddür. Kim Naxçıvanın çiçəklənməsini, böyük şəhərlər sırasında olmasını istəyirsə, Naxçıvanda işləyərək ora yeniliklər gətirməlidir. İnanıram ki, Zəngəzur dəhlizi açılandan sonra böyük dəyişikliklər olacaq, bütün yollar Naxçıvandan keçəcək. Gərək sahibkarları, iş adamlarını ora cəlb etsinlər, biznes sahələri açılsın. İndidən hazırlıq görmək lazımdır. Kiçik və orta biznes inkişaf etdirilsin. İstərdim ki, orada yeni universitetlər açılsın. Bir sözlə, Naxçıvan böyüsün. Ən yaralı yerimiz Naxçıvanın Ermənistanla sərhəddə olmasıdır. Bundan dolayı təhlükəsizlik tədbirləri də gücləndirilməlidir”.
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli isə öz sosial media hesabından yeni baş nazirlə bağlı bunları şərh edib: “Tələbə Baş nazir də gördük - Naxçıvan MR-in Ali Məclisinin qərarı ilə Ceyhun Cəlilov NMR-in yeni Baş naziri təyin olunub. Ceyhun müəllim hələ də oxuyur - İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA- Chartered Institute of Management Accountants) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirir. Təqdirəlayiq addımdır, oxumağı deyirəm, amma Naxçıvan özəl yerdir, orada 37 yaşlı, ingilis/rus dilli ”şəhər uşağının" baş çıxartması müşkül işdir. Qarabağ məsələsinin tam həllindən sonra NMR-in statusunun qalmasına ehtiyac yoxdur, unitar ölkə məntiqi ilə bu status ləğv edilməlidir, Naxçıvan iqtisadi rayonu (Yeni yaranmış 14 iqtisadi rayonun biri də Naxçıvandır) inzibati-ərazi vahidinə çevrilməli, ora Prezidentin şəxsi nümayəndəsi dövlət işlərinə nəzarət üçün təyin edilməli, gündəlik idarəetmə müxanizmləri isə Naxçıvan ərazisindəki şəhər-rayonların seçilmiş Bələdiyyə başqanlarına həvalə edilməlidir. Yəni yenə gəlirik Konstitusiya dəyişkliklərinə - məncə, Ana Yasa islahatları artıq zərurətə çevrilib, çünki məsuliyyət və səlahiyyət “xətləri” tam bir-birinə qarışıb.
Məsələn, indi kim-kimə tabedir, kimin məsuliyyəti hara qədərdir, kimin səlahiyyəti harada başlayıb harada bitir - bu sualların cavabı aydın deyil. Bu isə ölkə üzrə bütün regionların idarəetmə sistemində boşluqların olmasını göstərir - bir daha deyim, bu gün ölkənin sosial-iqtisadi problemlərinin həlli yolu ancaq sistem və iradəetmə islahatlarından keçir, başqa yol yoxdur, bu addımsız problemlər həll olunmayacaq, bunun üçün isə Konstitusiya islahatları vacibdir..."
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ