Onlayn ictimai-siyasi qəzet
ABŞ-da Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı üçtərəfli müzakirələrdən gözlənilən nəticələr - ilginc şərhlər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirakı çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb. Xarici İşlər Nazirliyindən “Report”a bildirilib ki, görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin mühafizəsi, təhsil və s. aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Azərbaycanın NATO ilə əməkdaşlığını təsbit edən “Sülh naminə Tərəfdaşlıq” proqramı çərçivəsində 30 illik tərəfdaşlığın qarşılıqlı anlaşma şəraitində uğurla davam etdirilməsi məmnunluqla qeyd olunub. Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verən nazir Ceyhun Bayramov COP29 sədrliyimizin qlobal çağırışlarla mübarizə fəaliyyətimizin növbəti bariz nümunəsi olduğunu bildirib. Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, Ermənistanın sürətlə silahlanması faktına diqqət çəkib. Bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın konstitusiyasında ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar vurğulanıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, iyulun 9-da NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 75 illiyi şərəfinə keçirilən illik sammiti Vaşinqtonda keçirilir. 32 üzv ölkənin dövlət və hökumət başçıları səviyyəsində təmsil olunduğu sammitin əsas mövzu Rusiya-Ukrayna müharibəsidir.
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Vaşinqtonda NATO sammiti çərçivəsində görüşün keçirilməsi ilə bağlı razılığın olmadığını açıqlasa da, sonradan görüşün keçiriləcəyi açıqlandı.
Yazı çapa hazırlananadək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlamamışdı. Görüşdə ABŞ dövlət katibi Entoni Blinkenin də iştirakı gözlənilir.
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistan və Azərbaycan xarici işlər nazirliklərinin rəhbərləri NATO sammitinin və təşkilatın 75 illik yubileyinin qeyd olunduğu Vaşinqtondadır: “Əldə olunmuş razılığa əsasən, iyulun 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilməsi nəzərdə tutulub... Qeyd etmək lazımdır ki, əsas danışıq predmeti sülh müqaviləsinin imzalanması ola bilər. Təbii ki, Ermənistanla sülh müqaviləsi layihəsinin razılaşdırılması çərçivəsində həll olunmamış məsələlərin sayı azalıb. Ermənistandan yeni sülh müqaviləsi layihəsi Azərbaycana göndərilib, lakin bu, tam hazır olma demək deyil. Azərbaycan sülh gündəminə sadiqdir və öz növbəsində növbəti zəruri addımları atmağa da hazırdır. Lakin Ermənistan konstitusiyasında, bu ölkənin parlamentinin qəbul etdiyi qanunvericilik aktlarında və digər sənədlərdə qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddiaları var və onu da Ermənistanın Azərbaycan və Ermənistanın əsas qanunları arasında paralellər aparmaq cəhdi və qəbuledilməzdir”.
Arzu Nağıyev
A.Nağıyev qeyd etdi ki, Azərbaycan konstitusiyasında və digər qanunvericilik aktlarında qonşu dövlətlərə, o cümlədən Ermənistana ərazi iddiası yoxdur, ona görə də bu məsələdə paralellər aparmaq cəhdləri qəbuledilməzdir! ABŞ cidd-cəhdlə beynəlxalq bir format yaratmaq istəyindədir. Çünki ATƏT-in Minsk Qrupunun səriştəsizliyindən sonra heç bir beynəlxalq format yoxdur, buna, sadəcə, ayrı-ayrı vasitəçi cəhdləri var... Ən nühümü isə ikitərəfli danışıqlardır".
Deputatın sözlərinə görə, ABŞ çalışır ki, Bayden seçkilərə qədər sülhsevər bir addım atsın və imic formalaşdırsın: “Eyni zamanda Rusiyanın sülh missiyasının qarşısını alsın. Təbii ki, ermənilər buna razıdırlar. Ukrayna Rusiya və ya İsrail - HƏMAS qarşıdurmasının sonu görünmür, ABŞ üçün ən yaxşı variant məhz Azərbaycan-Ermənistan sülhüdür... Azərbaycan isə çox səbrli və düşünülmüş bir siyasət aparmaqla müstəqil daxili və xarici siyasətə malik olduğunu göstərir və qərarlar da buna uyğun veriləcək”.
Tofiq Zülfüqarov
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a bildirib ki, son zamanlar Azərbaycan-Ermənistan danışıqlarına vasitəçilik etməyə çalışan ABŞ-ın belə fəallaşmasının səbəbi var: “Demokratlar Partiyası seçkilərə hazırlaşır. Onların vəziyyəti o qədər də yaxşı deyill. Buna görə də xarici siyasətdə hər hansı müsbət nəticələrin olmasını çox istəyirlər. Variantlardan biri də Azərbaycan-Ermənistan münaqişəsi istiqamətində hansısa sənəd əldə etməkdir. Əgər plan baş tutsa, onu qələbə kimi qələmə verəcəklər. Xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtondadır. Onun təmasları hesab edirəm ki, uğurlu olacaq. Münaqişə mövzusuna qayıtdıqda deyə bilərik ki, yekun sülh müqaviləsini imzalamaq bu müddətdə mümkün deyil. Ortada onlarla problem var ki, onların həlli vaxt tələb edir. Sərhədlərin delimitasiyası, Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələləri”.
Sabiq xarici işlər naziri ilkin sənədin qəbul edilməsinin mümkün olduğunu vurğulayıb: “Sülh prosesi üçün siyasi çərçivə yaradan tezislər var. Bu tezisləri 2021-ci ildə Azərbaycan Ermənistana təklif edib. Bunların əsasında danışıqlar başlayıb. İndi qısa, əsas prinsipləri özündə ehtiva edən sənədin qəbul olunması mümkündür. Burada heç bir problem yoxdur. Cənab Prezident bir neçə gün əvvəl bu barədə danışıb. O deyib ki, baza prinsiplərini əhatə edən sənədin qəbul olunması mümkündür. Qeyd etmək lazımdır ki, yenə də bu, yekun sülh sazişi deyil. Gələcək danışıqlar üçün hansısa siyasi çərçivə yaradan sənəd olacaq. Orada Azərbaycanın mövqe və maraqlarına uyğun olan prinsipləri əks etdirmək mümkündür”.
T.Zülfüqarov Ermənistanın artıq geopolitik əhəmiyyətinin olmadığını qeyd edib: “Ermənilər, həmişəki kimi, Almatı deklarasiyasına əsasən, sərhədlərin təsbit olunmasını istəyirlər. Dəfələrlə onlara göstərildi ki, Almatı deklarasiyasında sərhədlər barədə söz yoxdur. Digər tərəfdən, Almatı deklarasiyasından bunlar özləri imtina edib. Bu qərarları ləğv edin ki, onu tələb edə biləsiniz. Ermənilər istəyirlər ki, vəziyyəti öz xeyirlərinə dəyişdirsinlər. Ümid edirlər ki, Bayden administrasiyası bunların tərəfini saxlayacaq. Lakin Ermənistan geopolitik baxımdan daha o qədər də maraq dairəsində deyil. Vəziyyət dəyişib. Bu, bizim üçün problem yaradan sənəd deyil. Bizim vaxtilə irəli sürdüyümüz prinsiplərin təsbit olunması xeyrimizədir. Bu baxımdan ümid var ki, saziş qəbul olunacaq”.
Qafar Çaxmaqlı
Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında Vaşinqtonun konkret gözləntilərinin olduğunu bildirdi: “Bir şey aydındır ki, ABŞ prezident seçkilərinə qədər qarşısına qoyduğu hədəfləri reallaşdırmaq istəyir. Bu, Cənubi Qafqazdakı kommunikasiya xətlərindən Rusiyanı uzaq tutmaqdır və ABŞ aktiv şəkildə Vaşinqton formatı ilə Ermənistanla Azərbaycan arasında sülhə nail olması bu hədəflərə yaxınlaşdıracaq. Ermənistan-Azərbaycan danışıqlarının intensivliyini təmin etmək üçün NATO sammitində Mirzoyan-Bayramov görüşünün olmaması normal deyildi və artıq nazirlərin görüşü baş tutacaq. ABŞ bu danışıqların davamlılığını təmin etmək istəyir ki, təşəbbüsü əldən verməsin. Bu danışıqlarda Azərbaycanın mövqeyi bəllidir. Ermənistan konstitusiya dəyişikliyinə getməlidir. Həm də ortada şərt kimi səslənməsə də, Ermənistanın öhdəsinə götürəcəyi başqa məsələlər də var”. Q.Çaxmaqlı qeyd etdi ki, Vaşinqton həm də paralel şəkildə Ermənistan Türkiyə münasibətlərinin normallaşmasını istəyir: “Bu əlaqələri başqa formatda aparmaq və Ermənistan-Azərbaycan prosesindən ayırmaq istəyir. Amma regional ortaq problemlər var və Ermənistanın Türkiyə ilə münasibətlərinin qurulmasını bu ortaq kontekstdən çıxarmaq asan olmayacaq. Həm bu məsələlərə Rusiyanın reaksiyasından çox şey asılı olacaq. Rusiya bu dəfə Ermənistana təzyiqin başqa mexanizmlərini işə sala bilər. Rusiyanın Ermənistana təsir etmə rıçaqları çoxdur və irəlidəki günlərdə sürpriz olayların şahidi ola bilərik. Rusiya asanlıqla bölgəni tərk etməyəcək”.
Azad Vətən Partiyasının sədri Akif Nağının fikrincə, belə görünür ki, Vaşinqton danışıqları əvvəlki formata qaytarmağa, vasitəçiliyi bərpa etməyə çalışır: “Azərbaycan bu formatdan birmənalı şəkildə imtina edib, geri dönmək fikri də yoxdur. ABŞ bir tərəfdən sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlı olduğunu bildirir, digər tərəfdən isə artıq başlanmış prosesə mane olmağa, özünün hegemonluğunu bərqərar etməyə cəhd göstərir. Vaşinqtonun bu cəhdlə nə etmək istədiyi aydın deyil. Onsuz da Azərbaycan danışıqların formatını müəyyən edib, o yolla da gedir. Ermənistan da tabe olmaq zorundadır, başqa yolu yoxdur. ABŞ dövlət katibinin patronajlığı ilə keçirilən bu görüş sülh müqaviləsinin inzalanmasını ancaq ləngidə bilər”.
E.PAŞASOY,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ