Onlayn ictimai-siyasi qəzet
İyulun 9-da Vaşinqtonda NATO-ya üzv ölkələrin dövlət başçılarının 39-cu, iki günlük (9-11 iyul) yubiley sammiti (75) başlayıb. Sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir. Ölkəmizi sammitdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. Ermənistan da tədbirdə XİN rəhbəri Ararat Mirzoyanla təmsil olunur.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu C.Bayramovun sammitdə iştirak etməsini doğru qərar sayıb: “Rusiya və Çinlə strateji sazişlər imzalamağımıza baxmayaraq, biz NATO ilə əməkdaşlıqdan imtina etməməliyik. Azərbaycanın ABŞ və NATO ilə strateji əməkdaşlığı Rusiya və Çinə qarşı yönəlməyib, bunu Moskva ilə Pekin bilməmiş deyillər. Əksinə, Ceyhun Bayramov dəvətə rəğmən, NATO toplantısına qatılmasaydı, bu bizim Rusiya və Çindən çəkinməyimiz anlamına gələrdi. Müstəqil xarici və təhlükəsizlik siyasəti yürüdən Azərbaycan heç kimdən çəkinməməlidir. Azərbaycanın strateji müttəfiqi Türkiyədir və qardaş dövlətin cümhurbaşqanı NATO toplantısına qatılıb”.
Elxan Şahinoğlu
Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşməzdən əvvəl deyib ki, “NATO Türkiyənin gözləntilərini doğrultmur. O bildirib ki, bu, bəzi məsələlərdə, o cümlədən Yaxın Şərqlə bağlı durumda özünü göstərir.
“Kreml iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində bəyanatları və qərarları diqqətlə izləyəcək, çünki alyans Rusiyaya düşmən kimi baxır və Ukrayna münaqişəsində iştirak edir”. Bunu isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
NATO-nun yubiley sammitinin əsas mövzularının Rusiya ilə qarşıdurma və Ukraynaya hərbi dəstək olacağı gözlənilir. Həmçinin alyansın hərbi potensialının gücləndirilməsi, iştirakçı ölkələrin ordularının sayının artırılması, yeni silahların, o cümlədən hava və raketdən müdafiə sistemlərinin əldə edilməsi, eləcə də Avropa dövlətlərinin müdafiə xərclərinin artırılması ilə bağlı yeni tələblər barədə müzakirələr aparılacaq.
Yubiley ərəfəsində bir məsələ yenidən aktuallaşıb. Məlumdur ki, bu ilin noyabrında Amerikada prezident seçkisidir. Bu seçkidə əsas iki namizəddən biri Ağ Evin keçmiş rəhbəri, respublikaçı Donald Trampdır. O, ABŞ-ı alyansdan çıxarmaq kursu götürüb. Tramp bunu dəfələrlə dilə gətirib. Hazırkı prezident, Demokratların namizədi, 81 yaşlı Co Bayden isə alyansın daha da gücləndirilməsinin tərəfdarıdır. Tramp prezidentliyə qayıdarsa, bu, NATO-nun sonuncu sammiti ola bilərmi? NATO Baydenin son yubiley yaşına (80) çata biləcəkmi?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov Amerikada Tramp kimi düşünənlərin sayının 10 milyonlarla olduğunu bildirdi: “NATO-nun sonrakı taleyi ABŞ-da bu ilin noyabr ayında keçiriləcək seçkilərdə kimin qalib gəlməsindən çox asılı olacaq. Tramp bu məsələdə olduqca aqressiv mövqedən çıxış edir. O, prezidentliyi dövründə ABŞ-ı bəşəriyyətin taleyi ilə bağlı nüvə və iqlim sazişlərindən çıxarmağa nail oldu. Onun fikrincə, bu sazişlərə qoşulmaqla ABŞ lüzumsuz xərclərlə üzləşir. Bu fikirlər nə qədər populist olsa da, Birləşmiş Ştatlarda Tramp kimi düşünənlərin sayının 10 milyonlarla olduğunu nəzərə almaq lazımdır. Ona görə də Tramp belə qərarları asanlıqla qəbul edirdi. O, prezident seçilərsə, NATO-nun da taleyini eyni qaydada həll edə bilər.
Əslində Trampın bu yanaşmasının kökündə müəyyən məntiq var. NATO kimi və ya kimləri mühafizə edir? ABŞ-ın NATO-ya nə qədər ehtiyacı var? Dünyanın ən güclü ordusuna sahib olan ölkə, zərurət olduqda, öz hərb maşını ilə dünyanın hansı nöqtəsində istəsə, orada hərbi əməliyyatlar keçirə bilir. Belə olan halda kimlərisə qorumaq məqsədilə bir başqa hərbi alyansın saxlanmasına milyardlarla dollar pul xərcləməyə lüzum varmı? Ümumiyyətlə, Tramp prezident seçilərsə, onun Rusiya-Amerika münasibətlərinə yenidən baxacağı şübhəsizdir. Şimalı Koreyanın lideri ilə “dostluq” etmək bacarığında olan birisi Rusiya ilə nədən dil tapmasın? Ancaq daha çox görünən budur ki, ABŞ-da nə Bayden, nə də Tramp prezident ola biləcək. Qarşıdakı seçkilər ərəfəsində və ondan sonra Amerika cəmiyyətində ciddi hadisələr qaçılmaz olacaq".
Şəhla Cəlilzadə
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə NATO-nun növbəti yubiley yaşına dünyanın hələ çox şahidlik edəcəyi qənaətindədir: “NATO-nun yubiley görüşündə ölkəmizi xarici işlər nazirimiz Ceyhun Bayramov təmsil edir. Bu görüşün arxa fonunda ikitərəfli görüşlər, mümkün ehtimaldır ki, Ermənistan XİN-i Mirzoyanla görüşlər də təşkil olunacaq ki, bu da, hazırda davam edən Azərbaycan-Ermənistan normallaşması və sülh prosesi istiqamətində danışıqların aparılması və müvafiq mesajların verilməsi ilə nəticələnə bilər. ABŞ-ın ümumilikdə bu prosesə yanaşması bəllidir.
Hələ Bakı enerji həftəsi və digər qlobal proseslər çərçivəsində ABŞ dövlət rəsmiləri, o cümlədən Baydenin cənab Prezidentə ünvanladığı məktublardan da görünür ki, ABŞ, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır və Azərbaycanın regional gücünün bu sülh müqaviləsi ilə daha da artacağına işarələr edilir. NATO-nun özünə gəlincə, bu təşkilat qlobal dünya gücü olan ABŞ-ın yaratdığı çətir - hərbi-təhlükəsizlik təşkilatıdır. ABŞ təkbaşına müdaxilə edə bilmədiyi məkanlara NATO vasitəsilə, NATO-nun müdaxilə etmədiyi (yaxud etmək istəmədiyi, məsələn, 1999-cu il Serbiya bombalanması) məkanlara ABŞ özü daxil olur. Beləliklə, ABŞ və NATO ayrılmazdır. ABŞ-ın dünya gücü durduqca bu təşkilatın ləğv olunmasını gözləmək yersizdir, necə ki, Varşava Müqaviləsi Təşkilatı SSRİ-i dağılanda ləğv edildi. Hətta bir ara Türkiyənin ümum-NATO siyasətindən fərqli siyasi xətt izlədiyi üçün (Rusiya, İran və Yaxın Şərq mövzusunda) təşkilatdan xaric edilməsi məsələsi gündəmə gəlmişdi, lakin bu reallaşmadı. Çünki Türkiyə kimi regional nəhəngi itirmək NATO-ya gərək deyil".
Ekspertin sözlərinə görə, Azərbaycanın bu təşkilatda heç bir üzvlük niyyətləri yoxdur: “Azərbaycan uzun müddət erməni terrorundan əziyyət çəkən tərəf olaraq qlobal antiterror fəaliyyətlərində iştirak etməklə dünya ilə bu məsələdə həmrəyliyini nümayiş etdirməkdədir. Gələcəkdə də alyansla əməkdaşlığımız yalnız bu formatda davam edəcək. Sammitin əsas mövzusunun Ukrayna ilə bağlı olduğunu nəzərə alsaq, bu, bir anti-Rusiya xarakterli qlobal görüş görüntüsü yarada bilər. Lakin Azərbaycanın bu məsələdə ədalətli mövqeyi var və bu, hər kəs tərəfindən birmənalı qarşılanmalıdır: Ukraynanın ərazi bütövlüyünün tanınması. Böyük ehtimalla sammitin yekun bəyanatında Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsi yer alacaq və Azərbaycan buna qoşulacaq. Bununla yanaşı, Rusiya ilə əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsindədir. Odur ki, sammit anti-Rusiya mahiyyətli hər hansı bəyanat verərsə, ölkəmizin bəyanatın müvafiq maddələrinə qoşulmayacağını düşünürəm”.
Turan Rzayev
Öz növbəsində politoloq Turan Rzayev isə qeyd edib ki, rəsmi Bakının sammitdə iştirak etməsi gözlənilən idi: “Azərbaycan NATO ölkəsi olmasa da, alyans ilə münasibətləri hər zaman yaxşı olub. Xüsusilə qeyd etmək lazımdır ki, rəsmi Bakı NATO-nun "Sülh naminə tərəfdaşlıq" (SNT) proqramının üzvüdür. Bundan başqa, Bakı uzun illərdir ordusunu NATO standartlarında tərtib edir. NATO üzvü olan Türkiyənin Azərbaycanın rəsmi səviyyədə tanınan tək müttəfiqi olması da ölkəmiz ilə NATO arasında xüsusi bağ yaradır. Düzdür, ölkəmiz NATO tədbirlərində, sammitlərində hər zaman iştirak edib, dəvəti geri çevirməyib. Lakin budəfəki sammitlə bağlı fərqli versiyalar vardı. Belə ki, Prezident İlham Əliyevlə Çin lideri Si Cinpin arasında Astanada baş tutan görüşdə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması Bakının balans siyasətindən imtina edib Şərq Blokuna qoşulduğuna dair təəssüratlar yaratmışdı. Lakin Bakının NATO sammitinə qatılması bir daha onu göstərir ki, balans siyasətində dəyişiklik yoxdur və Azərbaycan hər iki qütbə eyni cür yanaşır. Rəsmi Bakı bütün bloklara qarşı eyni mövqe sərgiləyir, neytrallığını qoruyur. Azərbaycan həm də bu güclərə zəif persona olmadığını da göstərir. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) iki günlük qeyri-rəsmi sammiti də bunu sübut edir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ