Onlayn ictimai-siyasi qəzet
Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forumun açılış mərasimi baş tutub.
Forumda açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, keçirilən Forum vasitəsilə Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımdan yeni bir təcrübənin əsası qoyulur.
O vurğulayıb ki, “İctimai proseslər media müstəvisində” mövzusuna həsr edilən Forum həm dövlət-media dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə təmin etmə funksiyasının daha effektiv səviyyəyə yüksəldilməsinə hesablanıb.
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, bu gün əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, sosial dəstək proqramları, bu sahələrdə innovativ yeniliklər və s. ilə bağlı ictimaiyyətin mütəmadi məlumatlandırılmasında media mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, həssas qrupları təmsil edən şəxslərin fərdi müraciətlərinin araşdırılmasında obyektivliyin, media prinsiplərinin gözlənilməsi və məlumatların rəsmi mənbədən dəqiqləşdirilməsi də vacib məqamlardandır.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə vurğulayıb ki, ailə sirlərinin, çətin həyat şəraitində yaşayan uşaqların hekayələrinin, şəxsi məlumatların yayımlanması qanunvericiliyin və etik prinsiplərin tələblərinin pozulmasına, bu da öz növbəsində yanlış düşüncələrin, davranış pozuntularının yaranmasına, şəxsi həyata qanunsuz müdaxilənin, hüquq pozuntularının norma kimi təbliğinə yol açır.
Erkən nikahla bağlı maarifləndirmə işlərinin vacibliyinə diqqət çəkən Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ailə münasibətləri, o cümlədən qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində media ilə səmərəli iş mexanizmlərinin qurulması müvafiq proseslərə ictimai nəzarətin gücləndirilməsinə, daha effektiv nəticələrin əldə olunmasına, nümunəvi davranış modellərinin formalaşdırılmasına əhəmiyyətli töhfə verə bilər.
Musavat.com-un əməkdaşı “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” mövzusunda təşkil ediləcək panel sessiyada iştirak edib.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev statistik rəqəmlərə diqqət çəkib. O bildirib ki, cari il yanvarın 1-dək 36659 nəfər narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb: “2024-cü ilin yanvarına olan məlumata görə, Azərbaycanda 36659 narkotikdən əziyyət çəkən şəxs dispanser nəzarətindədir. Ötən il ərzində 405 nəfər müalicə üçün tibb müəssisəsinə yerləşdirilib. 36659 nəfər narkotik istifadəçisinin 802 nəfərini qadınlar təşkil edir. Vurğulamaq istərdim ki, narkotik vasitələrdən əziyyət çəkən insanların ictimailəşdirilməsi, onların icazəsi olmadan üzlərinin göstərilməsi doğru deyil”.
Fəqan Şahverdiyev vurğulayıb ki, narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir: “Narkotik vasitələrlə mübarizəyə dair hazırlanan materiallar ötən il mediada 29 min dəfə yayımlanıb. 191 maarifləndirici proqram nümayiş olunub və həmin proqramlara ekspertlər cəlb edilib. Vətəndaşların müraciəti üçün Dövlət Komissiyasının 802 qaynar xətti həftənin 6 günü fəaliyyət göstərir. Qaynar xətt vasitəsilə könüllü şəkildə müalicə almaq istəyən şəxslər, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı müraciətlər daxil olur. Bu müraciətlər tam şəkildə anonimdir. Ötən il qanunsuz dövriyyə ilə bağlı 213 müraciət daxil olub. Bu müraciətlər nəticəsində 189 fakt üzrə cinayət işi başlanılıb”.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev də öz növbəsində qeyd edib ki, son dörd ayda narkotiklə bağlı 3585 fakt aşkarlanıb, 1585 nəfər isə məsuliyyətə cəlb olunub: “Həmçinin, ötən il orta məktəblərdə narkotik vasitələrə qarşı mübarizə ilə bağlı 20 minə yaxın maarifləndirici tədbir keçirilib. İnsanları maarifləndirmək olduqca vacibdir. Çünki hər bir narkotik vasitə istifadəçisi potensial təhlükə mənbəyidir. İlkin müdaxilə ilə həmin şəxsləri yenidən cəmiyyətə qazandırmaq olar. Ancaq bir müddət sonra bütün maddi dəstəyini itirən aludəçi cinayət əməli törətməyə başlayır. Əvvəllər övladı narkotik vasitə istifadə edən ailələr bunu gizlətməyə çalışırdılar. Artıq hər kəs dərk edir ki, gizlətmək aludəçinin sonu üçün yaxşı deyil. Bu səbəbdən reabilitasiya mərkəzlərinin və həmin mərkəzlərə müraciət edənlərin sayı artıb. Bu artım bloqerlərin və tanınmış şəxslərin mərkəzləri reklam etməsi ilə də bağlıdır”.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Rövşən Kərimli isə deyib ki, narkomaniya ilə bağlı danışarkən sağalmaq sözünü işlətmək qətiyyən doğru deyil: “Bu şəkərli diabet kimi xroniki bir xəstəlikdir, tam sağalmaq olmur. Narkotik bir asılılıqdır. Bu gün narkotikə qarşı mübarizə yönümlü sosial çarxlar yayımlanır, lakin heç də hamısı effekt vermir. Hədəf kütlə müəyyənləşdirilməlidir. Eyni zamanda terminologiyaya diqqət etməli və mübarizəni düzgün istiqamətdə aparmalıyıq”.
Nigar HƏSƏNLİ,
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ