İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkomanlardan pul almaqda ittiham olunan direktorla baş həkim hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini olmuş Zamin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, Elşən Mustafayev vəzifəyə təyinatından 11 ay sonra həbs olunub.

Prosesdə Elşən Mustafayevə ifadə vermək təklif olunub.

İttiham üzrə özünü qismən təqsirli bilən müttəhim növbəti prosesdə ifadə verəcəyini bildirib. Müttəhim Zamin Əliyev isə vəsatət verərək uşaqlarının xaricdə təhsil alması üçün müəyyən icazələr verilməsini xahiş edib. Onun sözlərinə görə, övladının şəxsiyyət vəsiqəsi ilə xarici pasportunun müddəti bitib, həmçinin onları dəyişmək üçün notariat qaydada icazə lazımdır.

İttihamla bağlı bildirib ki, o, özünü təqsirli bilmir.

Hakim bildirib ki, müvafiq sənədlər məhkəməyə təqdim edildikdən sonra vəsatətə baxılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Növbəti proses aprelin 1-nə təyin olunub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR