İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkomaniyadan müalicə olunanı 18 saat asıb döyüblər-şok məhkəmə işi

“New Life” Reabilitasiya Mərkəzindəki ölümlə bağlı prosesdə yeni faktlar üzə çıxır, ölənin atası nədən narazıdır?

Bakı Ağır Cinayətlər Məhkəməsi narkomaniya və alkoqolizmdən xilas olmaq istəyənlər üçün Novxanı bağlarında yerləşən “New Life” Reabilitasiya Mərkəzindəki işgəncələri araşdırır.

Hakim Rasim Sadıqovun sədrlik etdiyi prosesdə müttəhimlər kürsüsündə Reabilitasiya Mərkəzinin sahibi Orucəli Əliheydərovla yanaşı daha bir neçə işçi - Elvüsal Hüseynov, Famil Rzayev, Qənbər Həsənov və Sərxan Əliyev oturub. Onlar bir neçə pasiyentə əzab verməkdə təqsirləndirilir.

Pasiyent Hüseyn Məmmədov həmin mərkəzdə dünyasını dəyişəndən sonra məsələ araşdırılıb və bu şəxslər həbsə alınıb.  Məhkəmə bu ilin iyun ayından başlayıb.  Təqsirləndirilən şəxslərin bir qismi məhkəmənin əvvəlində ifadə verməyib. Ötən müddət ərzində bəzi müttəhimlər, zərərçəkmişlər, şahidlər ifadə verib. Təqsirləndirilən şəxs Qənbər Həsənov əvvəllər bir neçə dəfə ifadə vermək istəsə də, məhkəmə zalında tərəflər arasında qarşılıqlı səs-küy yarandığına görə hər dəfə məhkəmə təxirə salınıb.

Qənbər Həsənov ifadəsində deyib ki, narkotik istifadəçisi kimi 9 ay həmin mərkəzdə müalicə və psixoloji yardım alıb. Müalicəsi başa çatdıqdan sonra mərkəzin işçiləri ilə münasibətləri yaxın olduğuna görə 3 ay da orada işləyib. Ötən il sentyabrın 4-də mərkəzin bir neçə işçisi yığışaraq kiminsə doğum gününü qeyd ediblər. Həmin gün Qənbərin növbəsi bitdiyi üçün evə gedib: “Mən gedəndə Hüseyn sağ idi. Qolları qandalda idi. Sabahı gün evə gəlib məni apardılar. Onda bildim ki, Hüseyn ölüb.

Vəkil:

- Qolları niyə qandallanmışdı?

Təqsirləndirilən şəxs:

- Özünü pis aparırdı.

Vəkil:

- Sən onu heç döymüsən?

Təqsirləndirilən şəxs:

- 3-4 dəfə qoluna şlanqla vurmuşam.

Vəkil:

- Səni Hüseyni döyməyə kim məcbur edirdi?

Təqsirləndirilən şəxs:

- Heç kim.

Vəkil:

- Aç düzünü danış, bu iş sənin üstündə qalır.

Təqsirləndirilən şəxs ifadəsinə davam etmək istəyəndə zalda əyləşmiş anası qışqıraraq oğlunun günahsız olduğunu,  onunla birlikdə həbsdə olan digər işçilərin qorxusu altında olduğuna görə hər şeyi öz üzərinə götürdüyünü deyib. Oğlundan düzünü danışmasını tələb edib:

Ana:

- Ay bədbəxt, aç düzünü danış, sənin üstündə qalır bu iş. Hüseyn soyuq məzardadır, sən isti məzarda... Aç düzünü danış, bunların nəyindən qorxursan? Axı sən özünü bədbəxt edirsən. Sən evdəydin. Sənin heç nədən xəbərin yox idi, sabahı gün gəlib səni apardılar, hamısı gözümün qabağında oldu axı...

Ana hakimə üz tutdu:

- Ya məni burada dinləyəcəksiz, bu iş ədalətlə aparılacaq, ya da mənim səbrim daşıb, mən Prezident Administrasiyasına da getmişəm, bu adamlar mənim oğlumu qorxu altında saxlayır. Bu iş aşkara çıxmasa, gedib özümü Prezident Administrasiyasının qabağında yandıracağam.

Hakim təqsirləndirilən şəxsin anasını tribunaya dəvət etdi. Ana həmin gün özünü hüquqşünas kimi təqdim edən bir nəfərin onlara gəldiyini, Hüseynin ölüm xəbərini gətirdiyini və bəzi təlimatlar verdiyini deyib:

- Oğlumu öyrətdi ki, deyərsən, bıçaqla dalımca düşmüşdü.

Hakim təqsirləndirilən şəxsə üz tutur:

- Necə olmuşdu bu məsələ?

Təqsirləndirilən şəxs:

- Dedi ki, get denən Hüseyn bıçaqla üstünə cumduğuna görə onu bağlamısan.

Yenə ana səsini qaldırır:

- Famil mənim oğluma deyib ki, sən çox kasıbsan, bu işi götür üstünə, biz səni xilas edəcəyik.

Mərkəzə müalicə üçün yerləşdirildikdən bir neçə gün sonra ölən Hüseyn Məmmədovun atası Rafiq Məmmədov məhkəməyə yazılı etiraz təqdim edib. Ata təqsirləndirilən şəxslərə verilən maddələrin əməllərinə uyğun gəlmədiyini və maddələrin ağırlaşdırılması üçün işin ibtidai istintaqa qaytarılmasını istəyib. Etirazının qalan hissəsini belə izah edib:

- Neçə aydır burada məhkəmə davam edir. Mənim oğlumu qolları qandallı vəziyyətdə göydən 18 saat başıaşağı asılı saxlayan bu şərəfsizlər gəlib burada ayaqlarını uzadıblar, hələ biri az qala skamyada uzanıb, özlərindən razı halda, təsbeh çevirə-çevirə gülürlər. Bu, övladı faciəli ölmüş bir valideyn kimi məni qıcıqlandırır. Möhtərəm hakim, sizsə buna göz yumursunuz. Məhkəmənin ilk günündən iclasların videoçəkilişlə keçirilməsini istəsək də, təmin etməmisiz. Ona görə də sizə etiraz edirəm.

Prokuror:

- Zərərçəkmişin hüquqi varisi haqlıdır. Bu kişinin oğlunu qolları qandallı 18 saat asılı vəziyyətdə saxlayan bu şəxslər müttəhimlər kürsüsündə qolları qandallı oturmalıdır. Ancaq məhkəmə tərkibinə etirazla razılaşmıram.

Hakim qısa müşavirədən qayıtdıqdan sonra etirazı təmin etməyib.

“New Life” Reabilitasiya Mərkəzinin adları çəkilən şəxslərinə qarşı Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddələri ilə ittiham olunub. Orucəli Əliheydərov, Elvüsal Hüseynov və Famil Rzayevə bu ittihamlarla yanaşı, qanunsuz sahibkarlığa görə məsuliyyət nəzərdə tutulan CM-in 192-ci maddəsi ilə də ittiham irəli sürülüb. Çünki “New Life” Reabilitasiya Mərkəzi qeydiyyatdan keçib lisenziya almadan fəaliyyət göstərib.

Bu cinayət işi üzrə üç nəfər - Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş, daha bir nəfər isə zərərçəkmişin hüquqi varisi qismində tanınıb. Adları çəkilən şəxslərin orada işgəncəyə məruz qaldığı iddia olunur.

Valideyni zərərçəkmişin hüquqi varisi qismində tanınan Hüseyn Məmmədov isə ötən il sentyabrın 5-də xəstəxanada ölüb. Cinayət işinin materiallarında bildirilir ki, Hüseyn Məmmədov mərkəzə könüllü şəkildə gəlsə də, sentyabrın 4-də günorta saat 15.00 radələrində qaçmaq istəyib. Onu mərkəzin əməkdaşları tutub, əl-qolunu bağlayıb, döyüblər. Sentyabrın 5-də Hüseyn Məmmədovun vəziyyəti kəskin pisləşib, onu xəstəxanaya çatdırıblar, lakin həyatını xilas etmək mümkün olmayıb.

Cinayət işinin materiallarında Hüseyn Məmmədovun vəziyyətinin işgəncə nəticəsində pisləşdiyi iddia olunsa da, işin içində onun artıq dozada narkotik istifadəsindən ölməsi haqda rəy var. Lakin narkotiki hansı şəraitdə qəbul etməsi barədə heç nə məlum deyil.

Təqsirləndirilən 5 nəfərin heç biri ittihamları qəbul etmir. Onlar özlərini qətiyyən təqsirli bilmədiklərini deyiblər. Hətta Famil Rzayev ittihamda yazılanları “nağıl”, “uydurma” adlandırıb.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR