İnsanlara hürriyət, millətlərə istiqlal!

Naqif Həmzəyev: “Qətnaməni qəbul edən şəxslərin Azərbaycana girişinə qadağa qoyulsun”  

 

 “Fransa Senatı ötən gün qərəzli, bədnam qətnamə qəbul edərək erməni bacılarına öz dəstəklərini nümayiş etdirib. Qətnamənin əsas təşəbbüskarı və həmmüəllifi Brüno Retayo Azərbaycanın guya Rusiyanın Ukraynada apardığı müharibədən faydalanaraq Ermənistana hücum etdiyini, Azərbaycan tərəfindən ermənilərə qarşı hərbi cinayətlər törədilsə də, bu ölkəyə qarşı heç bir sanksiya tətbiq edilmədiyini, Rusiyaya qarşı sanksiyalar tətbiq edilsə də, Azərbaycan və Türkiyəyə qarşı analoji sanksiyaların olmamasının utancverici olduğunu bildirib”.

Musavat.com xəbər verir ki, deputat Naqif Həmzəyev bu fikirləri Milli Məclisdəki çıxışında söylədi. Onun sözlərinə görə, digər nümayəndələr də bu sərsəm və yalan fikirləri davam etdiriblər: “Göründüyü kimi, ermənidən də böyük erməni olan bu şəxslər, Fransa Senatında təmsil olunan siyasi qüvvələr və Makron hökuməti sırf öz korporativ siyasi maraqlarına görə erməni diasporunun, lobbisinin maliyyə və siyasi dəstəyini almaq üçün beynəlxalq hüquqdan yaranan öhdəliklərini pozublar. Faktiki olaraq aparıcı siyasi qüvvələr, Makron administrasiyası erməni lobbisinin təsiri altındadır və Azərbaycana münasibətdə milli maraqları yox, ermənilərin maraqlarını əsas tuturlar.

30 il ərzində Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan, Ermənistana qarşı heç bir fikir bildirməyən Fransa hökumətinin ölkəmizə bu cür münasibəti onun həm də insan hüquq və azadlıqlarına hörmətsizliyinin bariz nümunəsidir. Ermənistanın siyasi-hərbi hakimiyyətinin törətdiyi vandalizm aktları nəticəsində xeyli sayda uşaq və qadın olmaqla, minlərlə mülki şəxs həyatını itirib və ya yaralanıb, eyni zamanda regionda ciddi humanitar problemlər meydana çıxıb. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparıb, soyqırımı siyasəti yürüdüb, milyonlarla əlcəzairlinin ölümünə səbəb olub. Təəssüflər olsun ki, Fransa Senatının üzvləri tarixdən dərs götürmələri əvəzinə, bu qətnamə ilə milli-dini ədavəti qızışdırmaqla yeni münaqişə ocaqları yaratmaq istəyirlər”.

N.Həmzəyev təklif etdi ki, qətnaməni qəbul edən şəxslərin Azərbaycana girişinə qadağan qoyulsun, fransız məhsullarının ölkəmizdə satışı qadağan edilsin.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR