İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifətin sentyabr sınağı - haqqı deyənlər, “sərhədi keçənlər”...

 

44 günlük müharibənin ilk günlərində müxalifət qüvvələri bəyanatla çıxış edərək milli birlik ortaya qoydu. Vətən müharibəsi dövründə əldə edilmiş siyasi həmrəylik, siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olmasının, bununla bağlı birgə bəyanat və müraciətlər imzalaması həmin günlərin  önəmli hadisələri sırasında oldu.

Ermənilərin sərhəd təxribatından sonra başlamış qarşıdurma da müxalifət qüvvələri üçün bir sınaq oldu. Bəzi müxalifət partiya rəhbərlərinin, eləcə də ictimai fəalların mövqeyi isə aşkar narazılıq doğurdu.

Vüqar Rəhimzadə: “Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşıb” »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Vüqar Rəhimzadə: “Özlərini vətənpərvər adlandıranlar iddia edirlər ki, guya Azərbaycan Ermənistanın suveren ərazilərinə hərbi təcavüz edib”

“Təsəvvür edin ki, hər fürsətdə özlərini millətçi, demokrat, vətənpərvər adlandıran bu antimilli ünsürlər iddia edirlər ki, guya Azərbaycan Ermənistanın suveren ərazilərinə hərbi təcavüz edib. Təsəvvürə gətirmək belə çətindir ki, adını azərbaycanlı qoyasan, Azərbaycanda siyasi fəaliyyətlə məşğul olasan və belə bir sərsəm fikir səsləndirəsən. Bu, xəyanət deyil, bəs nədir? Yeri gəldi-gəlmədi, xalq, millət, torpaq, Vətən deyib bağıran Əli Kərimli görün nə deyir: "Azərbaycan geri çəkilsin və Paşinyan da hakimiyyətdə qalsın". Belə bir anormal, xəstə təfəkkürün məhsulu olan fikir səsləndirən Əli Kərimli əslində bu absurd sərsəmləmələri ilə özünün əsl simasızlığını ortaya qoyur". “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  mediaya açıqlamasında belə söyləyib. 

O, AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı Arif Hacılının, Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlunun, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin, tarixçi alim Altay Göyüşovun sərhəd hadisələri ilə bağlı mövqeyini  “xain əməllər” adlandırıb: “Müsavat başqanı Arif Hacılının dediklərinə fikir verin. Bu siyasət dəllalı deyir ki, "Azərbaycana strateji yüksəkliklər nə üçün lazımdır". Bax, siz dövləti belə idarə etdiyiniz üçün 1992-1993-cü illərdə Azərbaycana bu gün də ağrısını çəkdiyimiz problemlər yaşatmısınız. Bu qafasızlıqla Azərbaycan dövlətinə və xalqına elə zərbələr vurmusunuz ki, hələ də yeri göynəyir. Və ya özünü cəmiyyətə tarixçi alim kimi sırıyan Altay Göyüşovun “Zəngəzur bizə lazım deyil” sərsəmləməsinə diqqət yetirək. Bu fikri yalnız mənsub olduğu xalqa, vətəndaşı olduğu ölkəyə nifrət edən ünsür deyə bilər".

Bəs hadisələrə digər müxalifətin mövqeyini necə qiymətləndirmək olar? 44 günlük müharibədəki dəstəyi ordumuz yenə gördümü? Radikal deyilən müxalifətin mövqeyini digər partiyalar necə dəyərləndirir?

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı: “Onlar siyasi səhnədən silinməlidir” 

AĞ Partiya başqanı Tural Abbaslı bildirdi ki, bu mövqedə olanların özlərinə müxalifət demələri ayıbdır: “Müxalifət iqtidara qarşı ola bilər. Dövlətə, millətə, torpağa qarşı müxalifətçilik olmaz. Bunun adı xainlik, xəyanətdir. Başqa bir ad qoymaq olmaz. Prosesləri biz də izləyirik, görürük. Cəmiyyətdə özlərini müxalif fikirli insanlar kimi təqdim edənlər var ki, ermənilərlə, Ermənistanla eyni mövqedən çıxış edirlər. Hətta özlərinə siyasi aktivist deyənlər var ki, onların sosial şəbəkələrdə paylaşdıqları statusların şərhlərində ermənilər onları müdafiə edirlər. Təsəvvür edin ki, azərbaycanlılardan onları ermənilər müdafiə edir. Bir çox hallarda ermənilərin teleqram kanallarında həmin xainlərin şəkilləri, fikirləri paylaşılır ki, baxın, Azərbaycanın içərisində də bizim dediklərimizi deyənlər var, öz ölkələrini təcavüzkar hesab edirlər, ordularına işğalçı deyirlər, onlar linç olunurlar. Bu xainlər aldıqları sifarişləri həyata keçirmək üçün fikirlərinə don geyindirirlər ki, guya bunlar hakimiyyətə inanmırlar, şəhid ailələrinin qayğısına qalırlar. Halbuki onların aldıqları sifarişləri yerinə yetirdiklərini artıq hər kəs görür. II Qarabağ savaşında da gördük ki, bunların çoxunun verdiyi dəstək sırf ictimai qınaqdan qorxduqları üçün idi. Təklənməmək, özlərini ifşa etməmək üçün II Qarabağ savaşında dəstək vermişdilər. Vətən müharibəsində xalqımın, dövlətimin, ordumun yanındayam deyənlər, indi də həmin sözləri deməlidirlər. Dəyişən heç nə yoxdur. Yenə məsələ dövlətçilik, ərazi bütövlüyü, tarixi torpaqlarımızdır. Bu məsələdə bunlar birmənalı xaindirlər. Bir çoxları ola bilsin ki, xarici ölkələrin xüsusi xidmət orqanları ilə əlaqəlidir. Bunlar hər yerdə ifşa olunmalıdır. Hüquqi baxımından cəzalarını da çəkməlidirlər. İctimaiyyət də bunları qınamalıdır. Onlar siyasi səhnədən silinməlidir. Azərbaycanın ən ağır günlərində ermənilərlə bir mövqedən çıxış etmək xəyanətdən, xainlikdən başqa bir şey deyil”.

Razi Nurullayev partiyasının adını dəyişdi

Razi Nurullayev 

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev çox sərf fikirlər səsləndirdi: “Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alan Azərbaycan əsgərinə, ordumuza, ölkə rəhbərliyinə sapı özümüzdən olan baltaların bu şəkildə dil uzatması məni çox mütəəssir edib. Açığı, elə zamanlarım oldu ki, hisslərimi cilovlaya bilmirdim. Azərbaycan Ordusu yüksəklikləri alır ki, ermənilər o yüksəklikdən hərbi hissələrimizi, əsgərlərimizi və sonradan ora köçürəcəyimiz vətəndaşlarımızı hədəf alıb, şəhid etməsinlər. Amma bizimkilər, hətta içərisində Əli Kərimli, Müsavat başqanı Arif Hacılı olmaqla bu kampaniyada iştirak edirlər. Arif Hacılı bunu lağlağıya çevirir, Əli Kərimli isə hisslərinə qapılıb, Ermənistana az qala haqq qazandırır. Xaricdə gizlənən dələduzları, savadsız, beyinsiz cahilləri bir kənara qoyuram, siz ki, neçə ilin siyasətçisisiniz, niyə bu şəkildə mövqe sərgiləyirsiniz, erməniləri müdafiə edirsiniz? Necə deyə bilərsiniz ki, Azərbaycan Ermənistan ərazisinə təcavüz edib? Tarixçi alim Altay Göyüşov, batsın belə alimliyi, batsın belə elmi. O, Azərbaycanı birbaşa günahlandırır ki, Ermənistan ərazisinə təcavüz etmişik, bunu pisləyir. Bu cür şəxslərin Azərbaycan torpaqlarına ayaq vurmağa haqları yoxdur. Belə insanların azərbaycanlı adı daşımalarına nə haqları var? Mənim üçün çox təəccüblüdür ki, bu cür insanların çıxışlarına baxırsan, görürsən ki, yüzlərlə şərh yazılıb, yüzlərlə bəyənmə gəlib, minlərlə insan onları dinləyir. Onları dinləmək, onlarla bir olmaq xəyanətə bərabərdir, onlarla bərabər bu xəyanətin içərisində olmaq deməkdir. Millət öz xainlərini tanımalıdır. Qarabağdakı o torpaqlarımız şəhidlərimizin qanı ilə yuyulub. O şəhidlərə, torpaqlara bunlar dil uzadır. 30 il ərzində Azərbaycanı qanına qəltan edən Ermənistana haqq qazandırırlar. Nə tez bunlar unutdu ki, 30 il ərzində torpaqlarımız işğal altında qalıb. I Qarabağ müharibəsində 20 minə yaxın şəhid vermişik. Bu gün hələ 3840 nəfərin kimliyi araşdırılıb tapılmayıb. Onların ruhlarından, lənətlərindən bunlar heçmi qorxmur? Nə tez ermənilərə qucaq açırlar? Hansı ki, ermənilər bizimlə barışmaq istəmirlər. Düşmən hər an bizi məhv etməyə çalışır. Nə tez bunlar Gəncəyə, Bərdəyə atılan raket zərbələrini unutdular? Gecə yatağında yatan insanların ah-naləsini, beşiyində ölən körpələrin, məktəbə getməyə hazırlaşan, yaxud məktəbli uşaqların ah-nalələrini unudanlara nə ad versək azdır. Onlar xaindir, millət bu xainləri tanımalıdır. Bu xainlər nə tez unutdu ki, Zori Balayan kitabında yazır ki, 7-8 yaşlı azərbaycanlı qızın dərisini soydum, onun qanı axdıqca ürəyimdən tikan çıxırdı, onun neçə saniyəyə can verdiyini sayırdım. Bu cür ifadələri kitabında yazıb. Neçə azərbaycanlı qadınların sinələrini kəsiblər, utanıram da deməyə, necə onları şişə çəkiblər. Kişilərin başına min cür oyunlar açıblar. Biz bunları unuda bilərikmi? Bunu unudanlar xəyanətkarlardır. Çünki ermənilər heç zaman bunu unutmurlar. Özlərinin şəxsi maraqları naminə, bilmirəm hansısa şəxsi maraqlarını təmin etmək üçün kimlərdənsə pul alaraq belə xain mövqedən çıxış edirlər. Kimlərsə bunları danışdırır. Məhz bunların hesabına onlar 10 milyonu satırlar, şəhidlərimizin ruhuna, onların yaxınlarının keçirdikləri hisslərə bu cür hörmətsizlik edirlər. Nə deyəsən bunlara ki, o söz hələ kəşf olunmayıb. Kaş kəşf olunardı, o cür adlandırardıq...”.

Siyasi dialoqun davamlılığının tərəfdarıyıq- Fuad Əliyev - "İki sahil"

Fuad Əliyev 

Azərbaycan Liberal Demokrat Partiyasının rəhbəri Fuad Əliyev bu xainləri çoxdan tanıdığını qeyd etdi: “Hesab edirəm ki, Ordumuz həmin dəstəyi yenə də gördü. Bütün xalq yenə də Ali Baş Komandanın və əsgərlərimizin yanında oldu. İndi bunlar, cəmiyyətdən təcrid olanlar, bu tör-töküntülərin deməyi ilə deyil. Kimdilər axı bunlar? Ermənilərlə əlbir olanlar, bir mərkəzdən idarə olunanlar, hər tərəfə işləyən "Beşinci kolon" üzvlərindən soruşmaq lazımdır: ermənilər sərhəddə bizim əsgərlərimizə atəş açanda, əsgərlərimiz nə etməliydilər? Sizin hakimiyyətin dövründəki kimi qaçmalıydılar? Qırğızıstan, Tacikistan sərhədində iki gün atışma oldu, hər iki tərəfdən ölən oldu. Amma nə Qırğızıstanda, nə də ki, Tacikistanda heç kimin ağlına gəlmədi ki, sizin kimi bir cəfəngiyyət, əsgəri alçaldan bir fikir desinlər. “Xain əməllər”, “Azərbaycana strateji yüksəkliklər nə üçün lazımdır” kimi ifadələrlə Azərbaycan əsgərini alçaldırsız, Şəhidlərin ruhuna hörmətsizlik edirsiz! Azərbaycan xalqı sizləri çoxdan tanıyır, arxanızca getmir. İndi isə sizin əsl simanızı, ermənilərlə əlbir olduğunuzu gördü. Mən sizləri çoxdan tanıyıram və çoxdan sizə “ti kto takoy, davay dosvidaniya” demişəm...".

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı belə şəxsləri “xəstə” adlandırdı: “Müxalifət olmaq olar, amma hər zaman dövlətin maraqları düşünülməlidir. Hesab edirəm ki, bu cür yanaşmalar, mövqelər dövlətə qarşı xəyanətdən pis addımdır. Özləri bunu düşünüb, özlərinə bir ad seçsinlər. Son günlər müşahidə etdik. Bir qrupdur ki, belə xain mövqedən çıxış edir. Belə tərbiyəsiz mövqeyin heç bir əsası yoxdur. Bütün Azərbaycan cəmiyyəti istər daxildə, istərsə də xaricdə olsun, belə şəxslər barədə deyirlər ki, ağılları yoxdur, xəstədirlər, psixoloji problemləri var. Çox qəribə gəldi ki, özlərini partiya sədri sayanlar onlarla, yəni xaricdə özlərini blogger adlandıranlarla bir mövqedən çıxış etdilər. Sonradan məlum olur ki, onlara sifariş bir mərkəzdən verilir. Tapşırıq verilən istiqamətdə fəaliyyət göstərməlisiz əmrini icra edən bədbəxtlərdir. Bir məqsədləri var ki, Azərbaycanın atdığı addımları qaralasınlar, ləkələsinlər, ölkə rəhbərliyini bu addımlardan geri çəkilməyə məcbur etsinlər. Azərbaycan cəmiyyətində pozulmuş qarışıqlıq yaratmaq istəyirlər. Bununla daxili vəziyyəti xaricdəkilərin idarə etməsinə çalışırlar. Belə cəmiyyəti, ölkəni idarə etmək asan olur. Bu mövqedən vaxt itirmədən geri çəkilməlidirlər. Bu gün istər Qarabağda, istərsə də Zəngəzurda atılan addımlar birbaşa ölkə maraqlarına cavab verir. Belə addımlar ümummilli məsələ olduğuna görə bütün siyasi partiyalar tərəfindən dəstəklənməlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR