İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifətin seçki bəhanələri - Səslənən gülünc ittihamlar, görülməyən işlər…

Azərbaycanda gələn ilin 7 fevral tarixinə növbədənkənar prezident seçkisi elan edilib. Bu, Zəfər seçkisi kimi də xarakterizə olunur. Çünki ilk dəfə olaraq Azərbaycanın bütün ərazisini əhatə edəcək.

Seçkidən sonra zəfərin yaratdığı yeni gerçəkliklər və yeni çağırışlara uyğun olaraq, ölkədə, əsasən də hakimiyyət sferasında böyük dəyişikliklərin olacağı gözlənilir.

Ancaq seçkinin elan olunmasından sonra müxalifət cameəsində hazırlıq yox, çaşqınlıq, qarışıqlıq müşahidə edilir. Seçkinin elan olunmasından 1 həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də müxalifət partiyaları seçkiyə gedib getməyəcəkləri barədə dəqiq qərar qəbul edə bilmirlər.

Seçkidə iştirak etməklə bağlı yekun qərar qəbul edə bilməyən bəzi müxalifət nümayəndələri hətta əndazəni aşaraq sərsəm bəyanatlar da verirlər. Onların fikrinə görə, guya ki, hakimiyyət qorxduğu üçün seçkini tez keçirməyə qərar verib.

Bu halda sual yaranır, Azərbaycan Prezidenti AXCP-dənmi qorxur?

Yoxsa 200-300 cəbhəçinin sosial şəbəkələrdə “like” etdiyi liderlərindənmi?

Reallıq bundan ibarətdir ki, müxalifətin fəaliyyəti hazırda yalnız sosial şəbəkələrdə status yazmaq, neqativ fikirləri “like” etmək, müxtəlif internet televiziyalarında eyni arqumenti önə çəkməkdən ibarətdir. Bu gün ölkədə hər şey dəyişib, inkişaf edib, ancaq müxalifət liderləri hələ də 10 il bundan öncəki fikirlərinin, arqumentlərinin üzərində dayanıblar. İllərdir tələb etdikləri Qarabağ da alınıb, Azərbaycan da ərazisini bərpa edib. Ancaq yenə də bu istiqamətdə nə isə neqativ məqam axtarırlar. Səsləndirdikləri fikirlərə isə özlərindən və ətraflarındakı bir neçə nəfərdən başqa heç kim etimad etmir, inanmır. Ona görə də müxalifət özünə çəki-düzən versə, inkişaf etsə, daha yaxşı olardı.

İndi “qorxur” dedikləri Prezident Azərbaycanın Paşinyan kimi prezidenti olmadığına görə təəssüflənən, efirdə ağlayan, hər kvartalda “inqilaba hazırıq”, “hakimiyyəti deviririk” deyib “like” yığan avantüristlərdənmi qorxur?

Bəlkə xaricdə oturub söyüş söyməklə özünü bloger hesab edən 3-4 səviyyəsiz “mühacirdən” qorxur?

Özünüzü nə sayırsız? Bu nağıllara kimisə inandıracağınızı düşünürsüz?

Sizin “nüfuzunuzun”, “hörmətinizin” və “elektoratınızın” hansı səviyyədə olduğunu həm xaricdə, həm də daxildə çox yaxşı bilirlər.

Qarabağı işğaldan azad edən, işğala son qoyan İlham Əliyev sizdənmi qorxacaq?

Qarabağın işğaldan azad olunması 21-ci əsrdə dünya tarixində görünməmiş bir hadisədir. Qərb ölkələrinin belə basqılarına rəğmən, Azərbaycan axıra kimi getdi, torpaqlarından terrorçuları qovdu, işğala son qoydu. Azərbaycan xalqına bu xoşbəxtliyi yaşadan komandan Azərbaycan xalqının qəlbində əbədi olaraq elə bir sevgi toxumu əkdi ki, indi seçkilərdə ona rəqib olacaq 2-ci bir siyasətçi yoxdur və ola da bilməz. Bunu keçirilən sorğular, seçki ilə bağlı yazılan rəylərin təhlili göstərir. Ona görə də müxalifətin yuxarıda qeyd etdiyimiz kimi, açıqlamaları çox yersiz görünür. Türklər demiş, hodri meydan. Seçkiyə getmək istəyənlər üçün maneə yoxdur.

Qafar Səfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR