Onlayn ictimai-siyasi qəzet
Milli Şuranın sədri Cəmil Həsənli, sabiq diplomat Arif Məmmədov və Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun təsis etdiyi qurum Böyük Britaniyada qeydiyyata alınıb; siyasi ekspert: “Xaricdəki gənclərimizi təhsil adı altında öz şəbəkələrinə cəlb etməyə çalışacaqlar...”
İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası Böyük Britaniyanın paytaxtı Londonda təsis olunmuş Azərbaycan Gənclərinin Təhsil Fondunu qeydiyyata alıb. Qurumu Milli Şurasının fəxri sədri Cəmil Həsənli, sabiq səfir diplomat Arif Şahmarlı (Məmmədov), iqtisadçı alim, müxalif Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yaradıb. İyulun 12-də bu haqda bilgi yayan Qubad İbadoğlu qeyd edib ki, Azərbaycan Gənclərinin Təhsil Fondunun başlıca məqsədi gənclərin xaricdə təhsil almasına, gənc alimlərin araşdırmalarını beynəlxalq elmi konfranslarda təqdim etməsinə dəstək verməkdir. Söhbət təşkilati, məsləhət və maliyyə formatlı dəstəkdən gedir. Əsas maliyyə mənbəyi kimi ianələr nəzərdə tutulur. Fondun müsabiqələri növbəti tədris ilindən başlayacaq.
Cəmil Həsənli
Yada salaq ki, Arif Şahmarlı Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri, Avropa Şurası yanında daimi nümayəndəsi olub. 2015-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı səfiri vəzifəsində çalışarkən Azərbaycan hakimiyyəti ilə toqquşub və istefa verərək müxalifətə keçib.
Qubad İbadoğlu
Aydındır ki, bəzi hallarda bu cür fondlardan müəyyən məqsədlər üçün istifadə edilir. Məsələn, bir sıra xarici ölkələrdə təşkilatlanmış Rusiya müxalifəti də bu cür fondlar yaradıblar. Bu fondlar əksər hallarda məhz ianələrdən formalaşdığı üçün şəffaflığı böyük şübhələr doğurur. Çünki ianə edənlər adlarını və pulun mənbəyinə açıqlamaya da bilər. O səbəbdən Londonda yaradılmış yeni fondun məramı aldadıcı da ola bilərmi?
Ceyhun Məmmədov
Milli Məclisi Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, belə fondların yaradılması bilavasitə dövlətlər tərəfindən həyata keçirilməlidir və dövlət maraqlarına xidmət etməlidir. Eyni zamanda bu kimi fondlar şəffaf fəaliyyət göstərməlidir. Onlar siyasi proseslərdən, siyasətdən kənar fəaliyyət göstərməlidir: “Düşünürəm ki, adını çəkdiyiniz fond təkcə təhsili əhatə etməyəcək. Çünki onu yaradanların kimliyi və fəaliyyəti, müxalif mövqeyi məlumdur. "Azərbaycan Gənclərinin Təhsil Fondu" adlandırılan təşkilat siyasi proseslərə qatılmamalıdır, siyasətə xidmət etməməlidir. Əgər söhbət həqiqətən də elmə, təhsilə dəstəkdən gedirsə, adına da uyğun fəaliyyətlə məşğul olmalıdır. Əgər səmimi şəkildə gənclərimizin təhsili nəzərdə tutulubsa, mütləq siyasətdən uzaq dayanmalıdır. Hesab edirəm ki, aidiyyəti qurumlar da bu kimi fondları diqqətdə saxlamalıdır. Nəzarət olmalıdır ki, onlar siyasiləşməsinlər, qarşılarına təhsili deyil, siyasi hədəfləri qoymasınlar. Bu, çox ciddi məsələdir".
Yeganə Hacıyeva
Siyasi ekspert Yeganə Hacıyeva isə bildirdi ki, zaman-zaman bir sıra iqtisadi və siyasi lobbi qruplarına xidmət edən şəbəkənin anti- Azərbaycan fəaliyyətini izləməkdəyik: “Məsələn, bu şəbəkə BP-nin də iştirakı ilə neft şirkətlərinin Azərbaycan hökuməti ilə imzalamış olduğu "Əsrin müqaviləsi"nin ildönümü münasibətilə BP-nin Londondakı qərargahı önündə aksiya keçirir, Bakıda keçiriləcək beynəlxalq tədbirlərə etiraz edir və s. Avropa Oyunlarına sponsorluğunu dayandırması tələbi ilə BP-nin binası önündə keçirilən etiraz aksiyasını da yada salmaq lazımdır. Bütün beynəlxalq tədbirlər və mühüm proseslər öncəsi bu şəbəkə Azərbaycanda vətəndaş cəmiyyətinin təzyiqlərə məruz qalması və bir sıra hüquq müdafiəçisinin və insan haqları fəallarının həbsi ilə bağlı kampaniyalar təşkil edib. Amma 44 günlük müharibə günlərində bu şəbəkə deşifrə oldu, çünki onlar məhz erməni lobbisinin Azərbaycan əleyhinə apardığı kampaniyaların əsas simalarına çevrildilər. Odur ki, şəbəkədə xarici deyil, azərbaycanlılardan ibarət olan simalara ehtiyac yaranıb.
Arif Məmmədov
Arif Məmmədov Gəncədə baş verəcək iğtişaşlardan öncə gəncəliləri iğtişaşda iştiraka çağırış edib. Generalımız öldürülən və 44 günlük müharibənin başlanğıcı olan Tovuz döyüşlərində sərhəddə Ermənistanın hərbi təcavüzünü, Los-Ancelesdə, Avropada ermənilərin azərbaycanlılara hücumuna açıq dəstək verənlərdən biri də Arif Məmmədov idi. Hücumun guya Azərbaycanın daxili problemlərini ikinci plana keçirmək üçün başlaması təbliğatını aparırdı. Avropa Şurasında Azərbaycan lobbi qrupunun “tərk-silah” edilməsində, İtaliyada Luka Volenteye açılan istintaqda ittiham tərəfinin əsas “xüsusi eksperti” də məhz Arif Məmmədov idi. İtaliya məhkəməsi isə Volenteyə qarşı istintaqın məhz Arif Məmmədovun “xüsusi ekspert” olduğu işlər üzrə ona irəli sürdüyü ittihamlara görə tam bəraət verdi".
Ekspert dedi ki, Böyük Britaniya 44 günlük Vətən müharibəsində Azərbaycana istisnasız dəstək verib: “İkinci Qarabağ savaşının davam etdiyi günlərdə BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv, qərəzli mövqe əks etdirən bəyanat açıqlamaq niyyətində olub. Amma Britaniya bunun qarşısını alıb. Bəyanatın mətnində hərbi əməliyyatların dərhal dayandırılması, proseslərə üçüncü ölkələrin hər hansı formada müdaxiləsinin yolverilməzliyi və münaqişə zonasında terrorçuların mövcudluğundan bəhs olunub. Layihə birmənalı şəkildə Ermənistana dəstək xarakteri daşıyıb. Britaniyanın BMT TŞ-dəki daimi nümayəndəsi Barbara Vudvord sənədin qeyri-obyektiv olduğunu, Azərbaycanın öz ərazisində sülhə məcburetmə əməliyyatları apardığını və ərazi bütövlüyünü bərpa etməyə çalışdığını əsas gətirərək bəyanata veto qoyub.
Britaniya Parlamentində qondarma soyqırım üzrə dinləmələrin başladılması ilə Azərbaycanın “radikal müxalifət” təmsilçilərinin bu dinləmələrə dəstək vermək üçün Londona çağırılması təsadüfi deyil, sinxron hərəkətlər idi. Çünki eyni adamlar 2019-cu ildə ABŞ-da idi. Konqres “erməni məsələsi”ni gündəmə çıxaranda, həmin ilin oktyabr ayında qondarma “dağlıq qarabağ respublikasının” qondarma “xarici işlər naziri” Masis Mayılyan ABŞ-a səfər edərək Konqresdə qalmaqallı tədbir keçirdi, “DQR-in müstəqilliyini” qeyd edəndə də orada idilər. Azərbaycan diaspora nümayəndələri Konqres qarşısına toplaşıb Masis Mayılyana etiraz edəndə bəlli oldu ki, Milli Şura sədri Cəmil Həsənli də Vaşinqtondadır. “Tədqiqat üçün ABŞ-a gəlmiş” MŞ sədrinin Masis Mayılyanla paralel şəkildə konfrans keçirməsi təsadüfi idimi? Masis Mayılyan Konqresdə “DQR müstəqilliyini” qeyd edərkən Cəmil Həsənli “Azərbaycanda demokratiyanın olmaması barədə” danışırdı.
İndi isə bu cür anti-Azərbaycan fəaliyyətlərini əks etdirən siyahıya Londonda “Azərbaycan Gənclərinin Təhsil Fondu” adlı təşkilatın yaradılması əlavə olunur. Bu təşkilatın adı qəsdən belə seçilib. Mahiyyətində və fəaliyyətində anti-Azərbaycan şəbəkəsinin genişləndirməsi siyasəti aparacağı ehtimalı yüksəkdir. Xaricdəki gənclərimizi təhsil adı altında öz şəbəkələrinə cəlb etməyə çalışacaqlar. Ssenari budur..."
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ