İnsanlara hürriyət, millətlərə istiqlal!

Mustafa Sarıgülü və İlon Maskı birləşdirən gerçəklik: missiyadan kənara çıxdınsa...

Məncə Tanrı/təbiət hər bir insanı bir missiya və vizyonla yaradır və ya insan böyüdükcə öz bacarıq və qabiliyyətlərinə görə özü üçün missiya müəyyənləşdirir və vizyon təyin edir (təbii ki, söhbət düşünə bilən insanlardan gedir).

İnsan öz missiya və vizyonundan kənara çıxanda və ya bunu şaxələndirəndə, əsasən uğursuzluğa düçar olur.

Burda bir haşiyə çıxaraq, mövzunu əsas "qəhrəmanına" - İlon Maska gətirəcəyəm.

*

Türkiyədə yaşadığım və çox aktiv olduğum vaxtlarda Türkiyənin bir çox partiyalarından təkliflər gəlirdi.

Əksəriyyəti də məni partiyalarında Türk Dünyasından məsul şəxs olaraq görmək istəyirdi. Çünki Ankaranın mərkəzində yerləşən ofisim demək olar ki, Türk Dünyasının mərkəzi sayılırdı - hamı ora toplaşırdı, çoxlu fəaliyyətlərimiz olurdu.

Ofisimə yaxın olan, tez-tez yemək yediyim restoranın sahibi bir gün telefon etdi ki, səni ziyarət etmək istəyirik. Dedim buyurun.

3 nəfər gəldilər.

Dedilər ki, biz Mustafa Sarığülün adından gəlmişik, onun salamını sənə gətirdik. Mustafa Sarıgül o vaxtlar Türkiyənin çox məşhur bələdiyyə başqanlarından idi, Deniz Baykala qarşı CHP genəl başqanlığına namizədliyini verib uduzmuş və davalı bir şəkildə partiyadan ayrılmışdı.

Qısacası, dedilər ki, abi, Sarıgül başkan yeni bir hərəkat başladır - "Turkiye Değişim Hareketi" deyə, səni də orda Türk Dünyası üzrə başkan yardımçısı olaraq görmək istəyirik.

Mən bunlara mədəni şəkildə dedim ki, sayıb dəvət etdiyiniz üçün təşəkkür edirəm, amma inciməyin, bir şey deyəcəm : Mustafa Sarıgül çox başarılı bir bələdiyyə başkanıdır, gözəl fəaliyyətləri ilə Şişlidə (İstanbulun ən böyük rayonlarından biri) insanların sevgisini qazanıb.

Amma onun siyasətçi olaraq uğur qazanması mümkün deyil - bunun üçün missiyası və vizyonu uyğun gəlmir. Ən yaxşısı o, İstanbul bələdiyyə başqanlığı üçün çalışsın, o zaman uğur qazana bilər. Amma çərçivəni genişlənib də Türkiyə genəlinə çıxmaq istəsə, olan-qalan hörmətini də itirəcək. Çünki o siyasət üçün yox, xidmət üçün yaradılıb.

Təbii ki, onlar məyus halda ayrıldılar, amma tarix məni haqlı çıxardı - Sarıgül siyasətə atılaraq əlində olan Şişli bələdiyyəsini də itirdi, partiyası isə heç 0,5 faiz belə səs yığa bilmədi, Kılıçdaroğlu gördü ki, bu pisikmiş şəkildə ortalıqda qalıb, təzədən CHP-yə dəvət edib, millət vəkili düzəltdi ondan.

Amma Şişlidəki uğurlarını davam etdirsəydi, yəni öz missiyasından kənara çıxmasaydı, böyük ehtimal bu gün İstanbulun bələdiyyə başkanı Əkrəm İmamoğlu yox, Mustafa Sarıgül olacaqdı.
Belə örnəklər çoxdur...

*

İndi qayıdaq İlon Mask məsələsinə.

Kim nə deyirsə desin, İlon Mask çox qabiliyyətli və uğurlu iş adamıdır. Azərbaycanın ömründə bir "raqatka", məftildən araba belə düzəldə bilməyən liboşlarının "Tesla" kimi avtomobilin, "Starlink" kimi internet sistemlərinin, "Spase X" kimi raketlərin və başqa çox sayda texnologiyaların yaradıcısı və istehsalçısını ağılsız kimi təqdim etmələrinə baxmayın siz.

Adam hazırda beynə yerləşdiriləcək çiplər vasitəsilə 100% iflic olan əngəlli şəxslərin yeriməsi və əlləri ilə hər işlərini görmələri projesi üzərində işləyir və əngəlli meymunların üzərində keçirilən ilkin sınaqlar uğurlu olub.

Marsda və başqa planetlərdə həyat qurmaq üçün çalışan adama necə ağılsız demək olar?
Ağılsız və bacarıqsız adam dünyanın ən zəngin adamı ola bilərmi?

Adam bu yerə çalışaraq, istehsal edərək, durmadan yeniliklər, kəşflər, ixtiralar edərək gəlib - öz ağlının gücünə.

Amma İlon Mask öz missiyasından və vizyonundan kənara çıxmaqla - özünü siyasətə pərçim etməklə həyatının səhvini etdi.

Bununla o həm özünə, həm Amerikaya və görünən budur ki, həm də bütün dünyaya zərər verməkdədir.

Vaxt vardı ki, o, Twitterdə (yeri gəlmişkən, Twitterin adını X olaraq dəyişdirməsi də yanlış idi) atdığı bir tvitlə gündəmi dəyişəcək gücdə idi, amma indi gündə yüzlərlə tvit atsa da, heç kimə və heç nəyə bir təsiri yoxdur.

Bundan sonra İlon Mask nə etsə də, böyük ehtimalla əvvəlki nüfuzunu qaytara bilməyəcək. On illər boyunca zərrə-zərrə qazandığı sayqınlığını 2 ayın içində siyasətə qurban verdi.

Siyasət belədir - siyasətə boş əllə girənlər ordan əsasən dolu əllə, dolu əllə girənlər isə boş əllə çıxırlar.

İnsan gərək Tanrının verdiyi və ya özünün qazandığı missiyaya xəyanət etməsin, ona bərk-bərk sarılsın, ondan kənara çıxmasın.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR