Onlayn ictimai-siyasi qəzet
“Cəmi altı ay əvvəl Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasında dini dözümsüzlüyün narahatedici şəkildə artması yekdil qınağa səbəb oldu. O vaxtdan bəri dünya HƏMAS və İsrail arasında ən böyük dini qarşıdurmalardan birinin alovlanmasına şahid oldu ki, hər iki tərəf bir-birlərini məhv edəcəkləri ilə bağlı bəyanatlar səsləndirdi”.
Musavat.com xəbər verir ki, bu fikirlər “International policy digest” nəşrinin məqaləsində yer alır.
Qeyd olunur ki, belə gərgin bir vaxtda dini tolerantlıq nümunəsi olan xalqların tərənnüm edilməsi önəmlidir:
“Müsəlmanların çoxluq təşkil etdiyi ölkələr arasında nümunə olan Azərbaycana nəzər yetirin. Dünyəvi dövlət kimi onun konstitusiyası bütün dinlərin bərabərliyini təsdiq edir, istənilən inanca qarşı nifrətin təhrik edilməsini qətiyyətlə qadağan edir və dinlərarası dialoqa hər hansı maneənin qarşısını alır. Azərbaycanda, əsasən, müsəlmanların çoxluq təşkil etməsinə baxmayaraq, ölkə öz müsəlman, xristian və yəhudi vətəndaşlarının xüsusiyyətlərini əks etdirən hökumət və təhsil sistemi ilə öyünə bilər.
Şərqlə Qərbin birləşdiyi tarixi İpək Yolu üzərində strateji mövqedə yerləşən Azərbaycan uzun müddətdir ki, qonaqpərvərliyin çırağı olub. Azərbaycanın dini mənzərəsi tək müasir dövrün məhsulu deyil, bu, onun tarixinin 70 illik aqressiv sovet ateizminin belə parçalaya bilmədiyi ayrılmaz tərkib hissəsidir.
Bu gün Azərbaycanda 20 minə yaxın yəhudi yaşayır ki, onların bu ölkədə təhsil müəssisələri, mədəniyyət mərkəzləri və hətta Bakı Universitetində ivrit dili kursları belə fəaliyyət göstərir. Ölkədə yeddi sinaqoq açılıb, 2011-ci ildə Bakıda inşa edilən sonuncu sinaqoq isə əsasən, müsəlmanların yaşadığı ölkədə dövlət tərəfindən maliyyələşdirilən ilk sinaqoq olub. Həmçinin, katoliklər, protestantlar və pravoslav xristianlar da sülh və dinc yanaşı yaşama şəraitində ömür sürürlər”.
“Qərblə ziddiyyətləri olan Rusiya və İran arasında yerləşən Azərbaycan Qərbin sadiq müttəfiqi və enerji təchizatçısı olaraq qalır. Daha əvvəl dini tolerantlığına görə təriflər alan ölkənin xalqı o cümlədən Papa Fransisk tərəfindən də yüksək qiymətləndirilib və zorakı ekstremizmlə parçalanmış dünyada bir mayak kimi xarakterizə olunub. Azərbaycan bütün dünyada sülh və tolerantlıq uğrunda mübarizədə Avropa İttifaqı ilə əməkdaşlıq edib, terrorizm, ekstremizm və nifrət hisslərinin qızışdırılması ilə mübarizədə Qərbin fəaliyyətinə kömək edib, “Sülh Naminə Tərəfdaşlıq” Alyansının üzvü kimi NATO-nun terrorla mübarizə təşəbbüslərini dəstəkləyib.
Avropa Demokratiya Fondu Brüsseldə təqdim etdiyi geniş hesabatında müxtəlif icmaların və mötədil, tolerant dini interpretasiyaların dinc yanaşı yaşamasını təşviq edən Azərbaycanın dünyəvi sisteminin multikultural modelinin müsbət təsirini yüksək qiymətləndirib. Hesabatda Azərbaycanın dayanıqlılığına və beynəlxalq dialoqlarda iştirakına dəstək verməsi üçün Qərbə çağırış edilib, onun Yaxın Şərqdə və ondan kənarda baş verən məzhəb mübahisələrində vasitəçi rolu potensial olaraq gücləndirilib.
Buna baxmayaraq, İsrail və HƏMAS arasında regional sabitliyə təhlükə yaradan münaqişənin kəskinləşməsi fonunda gözlənilməz şəkildə Azərbaycana qarşı qərəz nümayiş etdirilib. ABŞ müəmmalı bir addımla Azərbaycanı dini azadlıqlara dair qərəzli hesabatına daxil edib. ABŞ-nin beynəlxalq dini azadlıqlar üzrə komissiyası Azərbaycanın işğaldan azad etdiyi Qarabağ bölgəsində xristian irsinin qorunub-saxlanması ilə bağlı narahatlığını bildirib”, - nəşr yazır.
Qeyd olunur ki, Azərbaycan buna məyusluqla reaksiya verib və iddiaları qəbul etməyib.
“Biz təəssüf edirik və bu əsassız və qərəzli qərarı rədd edirik”, - deyə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov açıqlamasında bildirib.
Müqəddəs Taxt-tacda keçmiş səfir kimi E.Əmirbəyov Roma Papası Fransiskin 2016-cı ildə Bakıya səfərindən və burada pontifikin Azərbaycandakı dini harmoniyanı tərənnüm etməsindən danışıb.
“Biz hər hansı bir siyasi situasiyadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik. Müsəlmanlar, yəhudilər, xristianlar - hamımız bir ailəyik. Bu, bizim DNT-mizin bir hissəsidir”, - deyə Elçin Əmirbəyov vurğulayıb.
Azərbaycanın nəzarət altında olan ölkələr siyahısına salınması ilə bağlı qərar çaşqınlıq doğurur. Beynəlxalq hüquq Qarabağı və ona bitişik əraziləri ardıcıl olaraq Azərbaycan ərazisi kimi tanıyıb. BMT-nin Ermənistan qoşunlarının çıxarılmasını tələb edən qətnamələrinə baxmayaraq, Azərbaycan onilliklər boyu davam edən erməni işğalından sonra ancaq bu yaxınlarda öz bölgələrinin əksəriyyətini geri qaytarıb. Azərbaycan Xarici İşlər Nazirliyi və Qərb müşahidəçiləri, o cümlədən “L'Institut Prospective et Sécurité en Europe”dan olan Emmanuel Düpüi uzun illər ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan mədəniyyət obyektlərinin təhqir edilməsini və dağıdılmasını qınayıblar”.
“Onilliklər ərzində işğal altında olan Qarabağdakı mədəni artefaktlar sistematik olaraq vandalizmə, mənimsəməyə və məhvə məruz qalıb. Qəbiristanlıqlar dağıdılıb, müqəddəs yerlər murdarlanıb, digər mədəni artefaktlar isə ya qarət olunub, ya da məhv edilib. Bu, xüsusilə britaniyalı yazıçı Corc Mitçellin “Ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırdığı Ağdam şəhərinə aiddir. Ağdam, yəqin ki, ən üzücü və bariz nümunədir. Bir zamanlar Azərbaycanın həyat qaynayan şəhəri Ermənistan tərəfindən 1993-cü ildə yerlə bir edilib”, - Düpüi deyib.
Ancaq Ermənistan adıçəkilən siyahıya salınmayıb, bu isə Elçin Əmirbəyovun fikrincə, ikili standartların təzahürüdür. O, Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra bütün mədəni və dini obyektlərin qorunacağına dair öhdəliyini buna qarşı qoyur. Bundan başqa, Azərbaycan ABŞ komissiyasının hesabatının potensial qərəzliliyini də görür, çünki onun müəlliflərindən biri Daniel Saroyan Aşbaxyan ermənilərin hüquq müdafiəsi qrupları ilə sıx əlaqədədir.
ABŞ-nin bu məsələdə aşkar qərəzi narahatlıq doğurur. Bu, kübar müsəlman kimliyinə və Qərblə əlaqələrə malik ölkə kimi Azərbaycanın regional münaqişələrdə potensial vasitəçi qismində rolunu ikinci plana atır. Azərbaycanın bu yaxınlarda Ermənistana münasibətdə sülh təşəbbüsləri bu potensialı daha da qabardır.
Dözümlülük və mülayimlik arzusunda olan dünyada Azərbaycan kimi strateji tərəfdaşı gözardı etmək yüngül düsək, anlaşılmayan addımdır. Bunun əvəzinə Qərb Azərbaycanın zəngin dini plüralizm təcrübəsindən istifadə edərək Yaxın Şərqdə, eləcə də planetin digər nöqtələrində ahəngdar birgəyaşayışı təmin edə bilər”, - deyə məqalədə qeyd olunur.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ