Onlayn ictimai-siyasi qəzet
Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay yaşamasına baxmayaraq, xalqımızın tarixinə silinməz iz qoyub, azadlıq və müstəqillik ideyasını nəsillərin yaddaşına həkk edib. 1918-ci il 28 Mayda elan olunan Cümhuriyyət öz dövlət institutlarını quraraq, xalqımıza müstəqilliyin nə olduğunu ilk dəfə dərk etdirdi.
Artıq Cümhuriyyətin süqutundan 105 il ötür və o şanlı, eyni zamanda faciəli hadisələri bir daha xatırlamaq ibrətamizdir.
Sovet Rusiyasının göz dikdiyi Cənubi Qafqaz və Azərbaycanın taleyi
Birinci Dünya müharibəsindən sonra dünya yeni düzən axtarışında ikən, Paris Sülh Konfransının Ali Şurası Azərbaycan və Gürcüstan respublikalarına silah-sursat göndərilməsi barədə qərar qəbul etdi. Bu, sovet Rusiyası üçün Cənubi Qafqazı işğal etmək yolunda bəhanəyə çevrildi. Antanta dövlətlərinin bölgəyə qoşun yeridəcəyi ehtimalı sovet rəhbərliyində təşviş yaratmışdı.
1920-ci ilin əvvəllərində Şimali Qafqazda Denikin qüvvələrinin darmadağın edilməsi sovet Rusiyasına Cənubi Qafqazı işğal etmək fürsəti verdi. Bolşeviklər köhnə imperiyanın sərhədlərini bərpa etmək məqsədini gizlətmirdi. Əvvəlcə diplomatik yollarla, beynəlxalq imicə zərər verməmək üçün müstəqil dövlətləri təsir altına almağa çalışırdılar. Buna görə də 1920-ci ilin yanvar-mart aylarında AXC hökumətinə ardıcıl olaraq diplomatik notalar göndərdilər: hədələyici tonda, birgə hərbi əməkdaşlıq təklifi adı altında.
AXC rəhbərliyi, suverenliyə sadiq qalaraq, Rusiyanın daxili işlərinə qarışmadıqlarını, lakin dövlətlərarası münasibətlər qurmağa hazır olduqlarını bildirirdi. Sovetlər isə müstəqilliyimizin tanınmasını təxirə salır, əvəzində ağqvardiyaçılara qarşı hərbi ittifaqı israrla gündəmə gətirirdi. AXC qətiyyətlə xalqların öz müqəddəratını təyin etmək hüququnu əsas gətirərək, sovet təkliflərini rədd etdi. Lakin iqtisadi reallıq da mövcud idi: AXC iqtisadi əlaqələrə ehtiyac duyurdu.
Bakı nefti və işğal planı
O zaman Bakının anbarlarında toplanmış neft ehtiyatı şəhərin ehtiyacını üç dəfə üstələyirdi. Neftin yalnız az bir hissəsi ixrac olunurdu və iqtisadi əlaqələrin genişlənməsi labüd idi. Sovet Rusiyası isə Bakı neftini dinc yolla əldə etməyi düşünmürdü, planlar açıq şəkildə işğal və talan üzərində qurulmuşdu.
AXC hökumətinin qətiyyətli diplomatik mövqeyi sovetləri hərbi əməliyyat planına keçməyə vadar etdi. Bu məqsədlə 1920-ci ilin fevralında Azərbaycan Kommunist Partiyası quruldu. İşğal ssenarisində yerli kommunistlərdən istifadə olunacaq, vəziyyət isə daxili üsyan kimi təqdim ediləcəkdi.
Sovet işğalına zəmin yaratmaq üçün erməni kartı yenidən işə salındı. 1920-ci il martın 22-dən 23-nə keçən gecə Ermənistanın dəstəyi ilə Qarabağda erməni separatçıları Şuşa, Xankəndi, Əsgəran, Xocalı və Tərtərdə Azərbaycan Milli Ordusuna hücum etdilər. Əsgəranda 50 nəfərlik Azərbaycan dəstəsi son nəfəsinə qədər vuruşdu, digər istiqamətlərdə isə ermənilər ciddi uğur əldə edə bilmədi.
Bu qəfil basqın hökuməti sərhəd zonalarında yerləşdirilən milli ordu hissələrini Qarabağa yönəltməyə məcbur etdi. Aprelin 2-də Əsgəran döyüşündə Milli Ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq Əsgəranı və Xocalını geri aldı.
Bu vaxt Ermənistan ordusu da Qazax və Naxçıvana basqınlar təşkil etdi, ölkənin qərb sərhədlərində yeni cəbhə açıldı. AXC daxili siyasi böhranla da üz-üzə qalmışdı: Sovetlərlə yaxınlaşmanı istəyənlərlə sərt müqavimət tərəfdarları arasında kəskin fikir ayrılığı yaranmışdı.
Parlament böhranı və faciəli son
Kommunistlərin ölkə daxilində fəallaşması, sosialist nazirlərin hökuməti tərk etməsi AXC rəhbərliyini çətin vəziyyətə saldı. 1920-ci ilin martında Nəsib bəy Yusifbəyli istefa verdi, hökumətin yenidən formalaşdırılması cəhdləri isə nəticəsiz qaldı.
Sovet Rusiyası Azərbaycanın şimal sərhədlərinə ordu cəmləyərək, AXC hökumətinə izahat verməkdən imtina etdi. Aprelin 21-də XI Qırmızı Ordu Yalama-Bakı istiqamətində hərbi əməliyyatlara başladı. Aprelin 23-də verilən göstəriş artıq bütün Azərbaycanın işğalını nəzərdə tuturdu.
Aprelin 26-dan 27-nə keçən gecə sovet qoşunları sərhədi pozaraq Yalama və Xudatı işğal etdi, Bakı istiqamətində irəlilədilər. Milli Ordu Bakı ətrafında müqavimət göstərməyə çalışsa da, sovet ordusunun texniki və say üstünlüyü qarşısında duruş gətirə bilmədi.
Nəticədə, 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin son iclasında hakimiyyətin yerli kommunistlərə təhvil verilməsi qərara alındı. Bu qərar zor altında, ölkənin işğalı faktı qarşısında qəbul edildi.
Beləliklə, Azərbaycanın ilk demokratik dövləti insan hüquqlarını, qadınların seçki hüququnu, millətlərin azad yaşamaq haqqını tanıyan cümhuriyyətimiz işğala məruz qaldı.
Lakin AXC-nin idealları xalqın ruhunda yaşadı və 71 ildən sonra, 1991-ci il 18 oktyabrda yenidən müstəqil Azərbaycan Respublikasının qurulmasına ilham verdi.
Xalidə Gəray
Musavat.com
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ