Onlayn ictimai-siyasi qəzet
Deputat Ceyhun Məmmədov Milli Məclisdəki çıxışında Azərbaycanın növbəti diplomatik uğurundan bəhs edib.
Musavat.com-un xəbərinə görə, o bildirib ki, dünən Azərbaycan D-8 təşkilatının Misir Ərəb Respublikasında keçirilən sammitində bu quruma üzv qəbul edildi:
“Tədbirdə bir çox müsəlman ölkələrinin dövlət başçıları iştirak edirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında Azərbaycanın təşkilata qəbul edilməsinin bu quruma daha da güc qatacağını qeyd etdi.
D-8 önəmli təşkilatdır. Burada müsəlman dünyasının ən güclü dövlətləri birləşib. Azərbaycanın təşkilata üzv olması ölkəmizin nüfuzunun daha da güclənməsinə öz müsbət təsirini göstərəcək”.
Ceyhun Məmmədov əlavə edib ki, bu gün Azərbaycan ölkəmizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində müsəlman dünyasının lider dövlətlərindən birinə çevrilib:
“Azərbaycan müsəlman dünyasını narahat edən hər bir məsələyə həssas yanaşır”.
Deputat qeyd edib ki, bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin Suriyada baş verən son proseslərlə bağlı Türkiyə prezidenti ilə danışması, Azərbaycanın Suriya xalqına humanitar yardım göstərməyə hazır olmasını ifadə etməsi bu fikri bir daha təsdiq edir:
“Bu gün Azərbaycan müsəlman ölkələrinə qarşı həyata keçirilən ikili standartlara, ədalətsizliyə öz münasibətini açıq bildirən azsaylı ölkələrdəndir. Bir müddət bundan əvvəl cənab Prezident Ərəb Liqasına üzv təşkilatların zirvə sammitində də müsəlmanlara qarşı ayrı-seçkiliyi və ikili standartları sərt tənqid etmişdi. Həmin çıxış da ərəb ölkələrinin liderləri tərəfindən heyranlıqla dinlənilmiş və çox yüksək qiymətləndirilmişdi.
Eyni zamanda Azərbaycan Respublikasının baş naziri Əli Əsədov sammitdəki çıxışında müsəlman dünyasını narahat edən bir çox mühüm məsələlərə toxundu, Azərbaycan xalqının hər zaman Fələstin xalqının yanında olduğunu, 2 milyon vəsait ayırdığını qeyd etdi.
Sonda onu da qeyd edim ki, Azərbaycan bir müddət bundan əvvəl COP29-a ev sahibliyi etdi. Əvvəllər bir neçə müsəlman ölkəsi də bu tədbirə ev sahibliyi edib. Digər ölkələrdən fərqli olaraq Azərbaycan bu tədbirə ən qısa zamanda hazırlaşdı. Az zaman olmasına baxmayaraq, bu tədbiri ən yüksək səviyyədə təşkil edən müsəlman ölkələrindən biri oldu. Hələ də bütün müsəlman dünyası Azərbaycanın bu uğurundan bəhs edir. Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycan islam dünyasını dünyada ləyaqətlə təmsil edir”.
E.Paşasoy,
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ