İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimlərin sayının azaldılması ilə bağlı AÇIQLAMA

“Müəllimlərin sayının azalması islahat kimi təqdim edilsə də, bunun təhsilin keyfiyyətinə hansı təsirləri olacağı və prosesin necə idarə ediləcəyi vacib məqamdır.

Əgər məqsəd keyfiyyətsiz müəllimləri sistemdən çıxarmaq və gənc, peşəkar kadrların sayını artırmaqdırsa, bu, müsbət bir yanaşma kimi qəbul edilə bilər. Lakin əsas məsələ bu prosesin necə həyata keçiriləcəyidir. Müəllimlərin sayının azalması dərs yükünün artmasına gətirib çıxaracaqsa, bu, onların iş keyfiyyətini aşağı sala bilər. Beynəlxalq təcrübədə təhsilin keyfiyyətini yüksəltmək üçün əsasən müəllimlərin peşəkar inkişafına, onların metodiki bacarıqlarının artırılmasına və daha effektiv təhsil mühitinin yaradılmasına diqqət yetirilir. Əgər sadəcə olaraq müəllimlərin sayını azaltmaq və mövcud heyətə daha çox dərs saatı vermək planlaşdırılırsa, bu, müəllimlərin fiziki və psixoloji yüklənməsinə, tədris keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər”.

Bu fikirləri Musavat.com-a təhsil mütəxəssisi Kamran Əsədov deyib.

kamran.jpg (28 KB)

O qeyd edib ki, müəllimlərin sayının azalması kadr çatışmazlığına gətirib çıxara bilər:

“Azərbaycanda bəzi ixtisaslar üzrə müəllim çatışmazlığı problemi mövcuddur. Riyaziyyat, fizika, kimya və informatika kimi fənlərdə müəllim tapmaq çətinləşir və bu tendensiya davam edərsə, tədris prosesində ciddi boşluqlar yarana bilər. Əgər bu islahat həqiqətən keyfiyyətsiz müəllimləri sistemdən çıxarmağı hədəfləyirsə, paralel olaraq yeni müəllimlərin hazırlanması üçün genişmiqyaslı proqramlar həyata keçirilməlidir.

Finlandiya və Sinqapur kimi təhsil sistemlərində müəllimlərin sayı azaldılmır, əksinə, onların tədris metodları təkmilləşdirilir və onlara daha yaxşı şərait yaradılır”.

Kamran Əsədov “Nazirin Misir Mərdanov dövrünün təftişi və cəmiyyəti günahlandırması doğru yanaşmadırmı?” sualına belə cavab verib:

“Təhsil sistemində problemlərin kökünün 20 il əvvələ bağlanması bir tərəfdən reallığı əks etdirsə də, digər tərəfdən mövcud vəziyyətin həlli üçün konkret addımların atılmamasına bəraət qazandırmamalıdır. Keçmişdə edilən səhvlər təkcə bir şəxsin və ya bir dövrün problemi deyil, sistemin ümumi uğursuzluğunun nəticəsidir. Əgər 20 il əvvəl diplomların qeyri-qanuni əldə olunmasına göz yumulubsa, bu, sadəcə keçmiş rəhbərliyin deyil, həm də o dövrün cəmiyyətinin və təhsil sisteminin ümumi problemi olub. Lakin hazırkı problemlərin həlli üçün keçmişi günahlandırmaq kifayət deyil, daha çox irəliyə baxmaq və konkret islahatlar həyata keçirmək lazımdır.

Təhsildə irəliləyiş əldə etmək üçün valideynlərin və məktəb icmalarının fəal iştirakı şübhəsiz ki, vacibdir. Ancaq bu, təkcə valideynlərin müəllimlərdən hesabat tələb etməsi ilə həll edilə bilməz. Valideynlər təhsilin keyfiyyətinə təsir edə bilər, lakin sistemin bütövlükdə dəyişməsi üçün daha dərin struktur islahatlarına ehtiyac var. Əgər cəmiyyətin və valideynlərin təhsildə aktiv iştirak etməsi gözlənilirsə, ilk növbədə onlara bu prosesi anlayışla qarşılayacaq və aktiv iştirak etməyə sövq edəcək şəffaf, əlçatan bir sistem təqdim olunmalıdır.

Ümumiyyətlə, müəllimlərin sayının azaldılması və dərs yükünün artırılması təhsilin keyfiyyətini yüksəldəcək yeganə həll yolu deyil. Əksinə, müəllimlərin peşəkar inkişafına daha çox sərmayə qoyulmalı, təhsildə innovasiyalar tətbiq edilməli və yeni nəsil müəllimlərin hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Keçmiş səhvləri vurğulamaq əvəzinə mövcud problemlərin həllinə yönəlmiş konkret addımların atılması daha effektiv nəticə verə bilər. Təhsil sistemi davamlı islahatlar tələb edən bir sahədir və bu prosesdə əsas hədəf müəllimlərin sayını azaltmaq yox, onların keyfiyyətini artırmaq və daha yaxşı təhsil mühiti yaratmaq olmalıdır”.

Qeyd edək ki, bir neçə gün öncə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib ki, 2026-cı ilə qədər uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq.

Bu fikir təhsil ictimaiyyəti arasında narazılıqla qarşılanıb.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR