Onlayn ictimai-siyasi qəzet
Gürcüstanda MSK üzvlərinə qanunla silah veriləcək, bizdə isə lüzum görlmür
Gürcüstanda Mərkəzi Seçki Komissiyasının sədri və üzvlərinə xidməti silah gəzdirmək hüququ veriləcək. APA-nın Tiflis müxbiri xəbər verir ki, qanunvericilik təşəbbüsünü parlamentə hakim “Gürcü Arzusu”nun deputatları təqdim edib.
Layihəyə əsasən MSK üzvləri “Silah haqqında” qanuna düzəlişlə öz səlahiyyətlərini həyata keçirmək üçün xidməti silah gəzdirmək hüququna malik olan şəxslərin siyahısına əlavə ediləcək.
Əlavə olaraq son 4 il ərzində vəzifəsini fasiləsiz icra etmiş MSK üzvləri səlahiyyət müddəti başa çatdıqdan sonra da özünümüdafiə və idman xarakterli odlu silah gəzdirə biləcək.
Azərbaycanda da belə bir addım atıla bilərmi və ehtiyac varmı?
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, cəmiyyətdə, ümumiyyətlə, silahlanma yaxşı hal deyil: “Mülki insanlara silah verilməsi ilə bağlı qanunlar reqressiv rol oynayır, cəmiyyəti geriyə çəkir, cəmiyyətdə zərərli nümunələrin meydana gəlməsinə səbəb olur. Ona görə də bu cür qanunların qəbulu məsələsində həddən artıq diqqətli olmaq lazımdır. Mülki insanların silahsızlaşdırılması xətti əsas götürülməlidir, nəinki silahlandırılması. Gürcüstanın belə bir qanun qəbul etmək qərarına gəlməsi təəccüblüdür. Cəmiyyətdə insanların bərabərliyinə doğru getmək lazımdır, insanları bir-birindən fərqləndirmək istiqamətində addımlara gedilməməlidir. Belə çıxır ki, MSK üzvlərinin özlərini silahla qorumaq hüququ var, ancaq qalan insanların hüququ yoxdur. Hər kəsin təhlükəsizliyinə hüquq-mühafizə orqanlarının işlərinin gücləndirilməsi ilə nail olunmalıdır, nəinki silah verilməsi ilə. Gürcüstanda irəli sürülən həmin qanun layihəsini seçkinin nəticəsindən narazı olanların MSK sədrinə və ya üzvlərinə qarşı nələrsə edə biləcəyi ehtimalı ilə əsaslandırırlar. Amma şəxsən belə bir qanunun qəbuluna lüzum olmadığını düşünürəm. Seçki komissiyaları maksimum ədalətli olmalıdırlar. Belə olanda kimlərsə onlardan narazı qalmaz. İkincisi, hüquq-mühafizə orqanları var və təhlükə ehtimalı hiss edilirsə, onlar təhlükəsizliyi təmin edə bilərlər”.
Tural Abbaslı
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, seçkilərdə MSK əsas diqqət mərkəzində olan qurumdur. Onların qərarları əsasən həlledici olur. Ona görə də onlardan narazı qalanların da olması və hətta onlara qarşı düşmənçilik mövqeyinə keçənlərin də olması mümkündür: “Bu baxımdan yanaşdıqda MSK üzvlərinin özlərini müdafiəyə ehtiyacı ola bilər. Gürcüstanda qanunvericiliyə MSK üzvlərinin silahla təmin edilməsi barədə müddəanın əlavə edilməsini normal qarşılayıram. Azərbaycanda deputatların qanunla silah gəzdirmək hüququ var. Gələcəkdə MSK üzvlərinə də qanunla bu hüququn tanınmasına gediləcəksə, şəxsən mən bunu normal qarşılayaram. Azərbaycan cəmiyyəti gürcü cəmiyyəti qədər aqressiv olmadığı üçün görünür, dövlət belə bir qanunun qəbul edilməsinə ehtiyac duymur”.
Əli Orucov
AMİP katibi Əli Orucov isə bildirdi ki, MSK üzvlərinə silah gəzdirməsinə heç bir lüzum yoxdur: “Düşünürəm ki, onlara qarşı heç bir təhlükə yoxdur və əməliyyat - istintaq hərəkətləri də icra etmədikərindən xidməti silah gəzdirməkləri üçün də ciddi əsas yoxdur. Silahların əldə olunması onu işlətmək ehtimalını da artırır. Bir sıra qabaqcıl ölkələrdə seçkiləri keçirmək üçün ayrıca qurum yaradılmayıb. Onun yerində seçkiləri Daxili İşlər Nazirliyi həyata keçirir. Əgər ölkədə demokratik, şəffaf və bərabər rəqabət şəraitində seçki keçirilərsə, ciddi etirazlar da baş qaldırmaz və seçkini keçirən orqanların üzvləri də özlərini tam təhlükəsiz hiss edərlər. Hər bir dövlət qanunlarını və ictimai münasibətləri tənzimləyən hüquqi normativ aktları yaratmaqda sərbəstdir. Gürcüstanda MSK üzvlərinə silah gəzdirmək hüququnun verilməsi, ola bilsin, həmin ölkədə zərurətdən irəli gəlir, ancaq bu heç də o demək deyil ki, analoji qanun Azərbaycanda da yaradılmalıdır. Məncə, MSK-nı silahlandırmaqdansa seçki qanunvericiliyinin təkmilləşdirilməsinə və seçki institutlarına, ümumilikdə isə seçkilərə münasibətin müsbət istiqamətdə dəyişməsinə ciddi ehtiyac var”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ