İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövlam Şıxəliyevin yeni məhkəməsi başlayır

Cinayət işi  Bakı Apelyasiya Məhkəməsinə qaytarıldı

Eyni qərarla cinayət işi üzrə zərərçəkən, mərhum Cahangir Məmmədovun hüquqi varisi tanınan həyat yoldaşı və digər zərərçəkən Elşən Mədətovun apelyasiya şikayəti vermə müddətləri də bərpa olunaraq şikayətlər əlavə olunmaqla Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb.  

Sabiq MTN-çilərin cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsində ilk baxış noyabrın 22-də keçirilib. Hakim İlqar Murquzovun sədrliyi keçirilən prosesdə dövlət ittihamçısı Murad Vəliyev məhkəməni şikayət vermə müddətlərinə xüsusi diqqət yetirməsini xahiş edib.

Məlum olub ki, iş üzrə zərərçəkən, mərhum Cahangir Məmmədovun hüquqi varisi tanınan həyat yoldaşı və digər zərərçəkən Elşən Mədətov apelyasiya şikayətlərini müddəti ötürməklə təqdim ediblər. Eyni zamanda iş üzrə Baş Prokurorluğun təqdim etdiyi protestin də müddət ötürülməklə verildiyi aydınlaşıb. İlqar Murquzovun sədrlik etdiyi hakim heyəti müddət məsələsinə baxılması üçün cinayət dosyesini Bakı Hərbi Məhkəməsinə qaytarmışdı. “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Bakı Hərbi Məhkəməsi qısa müddətdə işə baxaraq müvafiq qərar qəbul edib və qərar Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Bundan sonra sabiq MTN-çilərin işi üzrə növbəti proses dekabrın 5-nə təyin olunub.

Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm sentyabrın 21-də, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb. Onun tabeliyində işləmiş hər 3 polkovnikə də uzunmüddətli həbs cəzaları kəsilib. Keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə azadlıqda olan hər 3 polkovnik hökm elan olunanda məhkəmə zalında həbs olunublar. Hökmdə sabiq MTN-çilərin əmlaklarının müsadirəsi məsələsi də yer alıb. Mövlam Şıxəliyevin özü və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına 7 milyon manatdan çox dəyəri olan əmlaklar müsadirə olunub. Onların arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Maraqlıdır ki, Mövlam Şıxəliyevlə bərabər onun ailə üzvləri də hökmdən apelyasiya şikayəti veriblər. Onlar müsadirə olunan əmlakları geri tələb edirlər. İddia edirlər ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunmayıb. Şıxəliyevin ailə üzvləri çoxsaylı əmlakların onlara yaxın qohumları tərəfindən bağışlandığını qeyd etməklə geri almaq niyyətlərini apelyasiya şikayətlərində qeyd ediblər.

Baş Prokurorluğu narazı salan, protest verilməsi üçün əsas kimi götürülən isə Mövlam Şıxəliyev və ailə üzvlərinin adına rəsmiləşdirilmiş, üzərilərinə ibtidai istintaq dövründə həbs qoyulan çoxsaylı əmlakların Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şıxəliyevlərə qaytarılması olub.

İş üzrə zərərçəkmişlər də vaxtilə MTN-də onlardan alınmış pulları geri tələb edirlər. Onlar həmin məbləğlərin qaytarılması tələbi ilə məhkəmə prosesinin əvvəlində mülki iddialar qaldırıblar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış ediblər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərinin iddiasını qismən təmin edib. Bakı Hərbi Məhkəməsinin son qərarı ilə bu siyahıya daha iki zərərçəkən qatılıb. 

 Mülki iddiaların qismən təmin olunması zərərçəkənləri hökmdən narazı salan əsas məqamdır. Ümumilikdə isə onlar Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər. Eyni zamanda zərərçəkənlər müsadirəyə götürülmüş əmlakların yenidən qiymətləndirilməsini tələb edirlər. Bildirirlər ki, müsadirə olunan əmlaklara real bazar dəyərindən 2 dəfə ucuz qiymət qoyulub. Onlar alternativ ekspertiza təyin olunmasını da tələb edirlər. Öz təşəbbüsləri ilə alternativ ekspertiza da keçirilməsinə nail olublar. Həmin ekspertizanın gəldiyi qənaətlə ibtidai istintaq dövründə aparılan təqribi qiymətləndirmə arasında çox ciddi fərq var. Faktiki bazar qiyməti 250-300 min manat olan əmlak ibtidai istintaq dövründə 50 min manata qiymətləndirilib. Belə hesablama ilə cinayət işi üzrə mülki iddiaları təmin edilən zərərçəkənlərə Mövlam Şıxəliyev və başının dəstəsi tərəfindən vurulan ziyanın 20-30 faizi ödənilə bilər. 

Sabiq MTN-çilər barəsindəki cinayət dosyesində ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqdan və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR