Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik Azərbaycan” nəşri ilə bağlı vəziyyəti şərh edib. Amma necə?
“Moskva gözləyir ki, Bakı Rusiya ilə Azərbaycan arasında münasibətlərin müttəfiqlik xarakterini rəhbər tutacaq və ”Russia Today" media qrupunun Azərbaycanda (“Sputnik Azərbaycan”) təmsil olunması məsələsinə konstruktiv yanaşacaq", - Zaxarova brifinqdə qeyd edib.
“Biz konstruktiv cavab gözləyirik və ümid edirik ki, birgə səylər nəticəsində qarşılıqlı məqbul həllər əldə edə biləcəyik. Biz ondan çıxış edirik ki, tərəfdaşlarımız gələcək addımlarında Rusiya ilə Azərbaycan arasında münasibətlərin müttəfiqlik xarakterini rəhbər tutacaq və ölkələrimiz və xalqlarımız arasında ikitərəfli çoxşaxəli münasibətlərə xələl gətirməkdən çəkinəcəklər”, - diplomat bildirib.
Az öncə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin analoji fikirlər səsləndirmişdi.
Özündə “yumşaq güc” və bir az da təhdid elementləri daşıyan bu kimi çağırış-xahişləri diplomatik dildən necə tərcümə etməli?
Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a danışıb. Politoloq açıqlamasında Azərbaycanın Rusiyadan haqlı gözləntiləri olduğunu vurğulayıb:
“Məsələ burasındadır ki, diplomatik dilin öz spesifikası, mahiyyəti və özəllikləri var. Eşitmə qabiliyyətini sığallayan ifadələr və bəzi hallarda təhdidlərin boylandığı, xəbərdarlıqların isə sərt tonda səsləndiyi məqamlar olur. Təbii ki, Maria Zaxarova sözün əsl mənasında ritorika ustasıdır, sözə hakimdir və nə dediyini yaxşı bilir. O, ölkəsinin mövqeyini uyğun tərzdə əks etdirərək Azərbaycana bildirir ki, biz sizdən nəsə gözləyirik. Lakin burada əsas məqam odur ki, biz də Rusiyadan gözləyirik. Onlar da anlayırlar ki, Qərbin bizə olan təzyiqlərinə baxmayaraq, biz əyilmədik və öz yolumuzdan dönmədik. Bu isə o deməkdir ki, istənilən qüvvədən gələn diktə və ultimativ ton bizim üçün qəbuledilməzdir.
İkincisi, bu proseslərdəki ziddiyyətlər Azərbaycanın mövqeyindən qaynaqlanmır. Təyyarə hadisəsindən sonra Rusiya tərəfi özünü bir qədər anlaşılmaz apardı. Azərbaycanın istəkləri və tələbləri isə aydındır: Rusiya, birincisi, məsuliyyətdən qaçmamalıdır; ikincisi, baş verənlərlə bağlı dörd əsas tələbimizi yerinə yetirməlidir. Bunlar haqlı tələblərdir. Ola bilsin ki, biz Rusiyanı tələsdirmişik və bu, onların xoşuna gəlməyib, amma unutmayaq ki, bu hadisədə insan itkisi olub, ölənlər arasında, səhv etmirəmsə, yeddi nəfər Rusiya vətəndaşıdır. Niyə bu məsələni ört-basdır etmək istəyirsiniz? Əgər kimsə günahkardırsa, bunu açıq deməlisiniz. Zərərçəkənlərin ailələrinə təzminat verilməlidir. Bu tələblərimiz haqlıdır və siz araşdırmanı özünüz aparmalısınız ki, belə hadisələr bir daha təkrarlanmasın".
Tofiq Abbasov “Sputnik Azərbaycan”ın fəaliyyətinə də toxunub: “44 günlük müharibə zamanı "Sputnik Azərbaycan" qəribə mövqe sərgilədi. Siz təsəvvür edə bilərsinizmi ki, həmin günlərdə İrəvanda oturan "Sputnik Armeniya" Azərbaycanın xeyrinə nəsə yazsın? Qətiyyən mümkün deyildi, onları dərhal daşqalaq edərdilər. Bəs niyə Bakıda oturanlar ”balanslı mövqe" adı altında dolayısı ilə ermənilərin dəyirmanına su tökürdülər? Aydındır ki, bu xətt Moskvadan, konkret olaraq Marqarita Simonyanın mövqeyindən qaynaqlanırdı. Çünki onlar açıq-aşkar lobbiçiliklə məşğuldurlar. Margarita Simonyan heç vaxt Ermənistanla bağlı Azərbaycanın mövqeyini dəstəkləməz. Bu həqiqət Moskvada oturanlar üçün sirr deyil".
Politoloq vurğulayıb ki, Rusiya Qarabağ münaqişəsi zamanı heç vaxt Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləməyib:
“İstər 366-cı alayın törətdiyi cinayətlər, istərsə də Kazimirov kimi rus diplomatlarının fəaliyyətləri göstərir ki, Rusiya uzun müddət Azərbaycanın səsini boğmağa çalışıb. Hamıya məlum idi ki, Ermənistan işğalçı dövlətdir, amma Rusiya tərəfindən buna heç vaxt açıq eyham belə vurulmayıb.
Nəhayət, 2020-ci ilin payızında Rusiya nisbətən balanslı mövqe sərgilədi. Prezident Putin açıq şəkildə dedi ki, Qarabağ Azərbaycanın ərazisidir və KTMT-nin ora müdaxilə etməyə əsası yoxdur. Bu, düzgün mövqe idi. Amma müharibə bitən kimi dərhal səsləndi ki, Rusiya sülhməramlıları orada qalmalıdır və “status məsələsi” gələcək nəsillərə saxlanmalıdır. Bu, yanlışdır. Soçidə Prezident İlham Əliyev Prezident Putinə açıq şəkildə sual verdi: “Ruben Vardanyan kimdir ki, siz onu bizim ölkənin daxilində yerləşdirirsiniz və ‘dövlət naziri’ kimi təqdim edirsiniz?” Hansı dövlətdən söhbət gedir? Bu, separatçı qurumdur, qeyri-qanuni təşkilatdır, cinayətkarların toplandığı mərkəzdir. Onlar Ermənistan və Rusiyanın bəzi dairələri tərəfindən dəstəklənirdi.
Bir nəfər Konstantin Zatulin kimi fiqur belə çox şeyi izah edir. Azərbaycanın isə bu məsələdə həm deməyə sözü, həm də irəli sürdüyü haqlı tələbləri var. Mariya Zaxarova da bunu yaxşı bilir. O, öz ölkəsinin nümayəndəsi kimi prosesləri yumşaq diplomatik tərzdə təqdim etməyə və Azərbaycana eyhamlar vurmağa çalışır. Ancaq bizim Rusiyadan gözləntimiz odur ki, nəhayət, bütün suallarımıza tutarlı cavablar verilsin. Bizim tələblərimiz beynəlxalq hüquq çərçivəsindədir və Rusiyayla müttəfiqliyimizi inkar etmirik. İki ölkə arasında yaxşı münasibətlər mövcuddur, xalqlarımız arasında isə düşmənçilik yoxdur. Ermənistan cəmiyyətində Rusiyaya qarşı düşmənçilik mövqeyi olsa da, Azərbaycanda belə bir hal müşahidə edilmir".
Xalidə GƏRAY,
“Yeni Müsvaat”
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ