İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan İrəvana Yeni il hədəsi - Rusiya həm qorxudur, həm də...

Siyasi şərhçi: “Ermənistan Qərbə yönəlmək şansını Türkiyə və Azərbaycanla münasibətlərini düzəltməklə həyata keçirə bilər”

“Rusiya ümid edir ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsindən xəbərdardır”.

Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a eksklüziv müsahibəsində deyib.

“Bu il Ermənistan alyansla bir neçə tədbirdə iştirak edib. İrəvan silahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirməyə davam edir və onun hərbi personalı Şimali Atlantika blokunun bəzi ölkələrində hazırlanır. Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirmək və ”parçala və hökm et" sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır", - nazir vurğulayıb.

Lavrov Moskvanın Ermənistandan hərbi bazasını çıxarmaq niyyətində olmadığını da bildirib. “Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində yerləşməsinin məqsədəuyğunluğu mövzusunda mühakimələri zərərli hesab edirəm. Bu bazanın orada yerləşməsi haqqında müqavilə 16 mart 1995-ci il tarixində, ilk növbədə milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi üzrə ortaq vəzifəsinə əsaslanaraq bağlanılıb. Bu gün bizim hərbiçilərimiz bu regionda sülhün təmin edilməsinin əsas elementidir”, - deyə o qeyd edib.

Rusiya rəsmi şəxsləri tərəfindən İrəvanın ünvanına bu qəbil hədələyici bəyanatlar son vaxtlar artıb. Eyni zamanda, hədənin dozası əvvəlkilərndən çoxdur. Görünən həmçinin budur ki, Rusiya Güney Qafqazdakı vassalını itirmək istəmir - bu təlaşı gizlətməyə çalışsa da. 

Yəni Moskva həm qorxudur, həm də əslində Ermənistan sarıdan narahatdır. 

2024-cü il bu xüsusda qırılma nöqtəsi ola bilərmi? Rusiya gələn il Nikol Paşinyanı devirməyə cəhd edəcəkmi? Buna imkanları varmı? 

Heydər Oğuz Ayətullah Amilini ölümlə təhdid edib? – SEPAH belə iddia edir –  Yeni Çağ Media

Heydər Oğuz 

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Rusiya son zamanlar geosiyasi və imperialist maraqlarını daha ciddi şəkildə dilə gətirir: “Bu xüsusilə Ukrayna cəbhəsində özünün göstərir. Son zamanlar Rusiya Ukraynada ciddi şəkildə irəliləyiş əldə edə bilib. Qərb ciddi şəkildə Ukraynadan dəstəyini geri çəkib. Xüsusilə Amerika və bəzi Avropa ölkələri Ukraynaya dəstək verməkdən vaz keçməyə çalışırlar. ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra Doland Trampın hakimiyyətə gəlmək ehtimalı var. Belə bir halda ABŞ-ın Ukraynaya dəstək verəcəyi ciddi şübhə altındadır və ABŞ mediası da bu məsələni açıq şəkildə yazır. Belə bir halda Rusiyanın əsas hədəflərindən biri Ermənistanın olacağı şübhəsizdir. Çünki Ermənistan Rusiyanın himayəsi altında qurulmuş bir dövlətdir. Ermənistanı elə coğrafi məkanda qurdular ki, türk dünyası arasında ayrılıq sala bilsinlər, rabitə və kommunikasiyanın kəsilməsini təmin etsinlər. Bunun səbəbi budur ki, həm Rusiya, həm türk dünyası eyni coğrafiyaya hədəflənib. Turan Rusiya imperiyasının geosiyasi maraqlarına ziddir.  Belə bir vəziyyətdə Ermənistanı əldən verə bilməz. Ermənistan Rusiyanın əlindən çıxarsa, Qərbə yönələcək və bu halda Türkiyə ilə yaxın münasibətlərə girməlidir. Türkiyə ilə Azərbaycan arasında yerləşməsi onun türk dünyası orbitinə daxil olması ilə nəticələnə bilər. Bu isə Rusiya üçün böyük təhdid deməkdir”.

Siyasi şərhçi deyib ki, Rusiya imperialist maraqlarını qorumaq üçün Ermənistanı daim nəzarətində saxlamağa çalışacaq: “Nəyin bahasına olursa-olsun, Ermənistanda dəyişikliklərə yol açacaq tədbirlər həyata keçirməyə hazırlıqlar görülür. Bu da çox aydın şəkildə görünür. Rusiyanın Ukraynadakı uğurları ilə bir şans qazanıb. 2024-cü il Ermənistan üçün çox ciddi imtahan dövrü olacaq. Ermənistan Avropaya can atır, Avropaya inteqrasiya etmək istəyir, nicatını, iqtisadi inkişafını Avropada görür. Amma Rusiya buna imkan vermək istəmir. Rusiyadan başqa İran da bunu istəmir. Azərbaycan, Türkiyə və Rusiyaya bağlı hakimiyyəti olan Gürcüstana da Ermənistanın Avropaya inteqrasiyası maraqlı deyil. Azərbaycanı anti-Qərb dövləti hesab etməsəm də, bu gün Ermənistan dörd tərəfdən anti-Qərb dövlətləri ilə əhatələnib. Belə bir vəziyyətdə Ermənistanın Qərbə yönəlmək şansı çox azdır. Qərbə yönəlmək şansını Türkiyə və Azərbaycanla münasibətlərini yaxşılaşdırmaqla, düzəltməklə həyata keçirə bilər. Buna da Ermənistandakı 5-ci kolon imkan vermir. Hesab edirəm ki, 2024-cü ildə Rusiyanın İrəvanda çox ciddi hərəkətliliyinin şahidi olacağıq. Buna Rusiyanın imkanları da, qüdrəti də çatır”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR