Onlayn ictimai-siyasi qəzet
Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian arasında ötən həftəsonu Moskvada imzalanmış sənəd həm qonşu ölkələrdə, həm də dünyada müzakirə edilməkdədir. 47 bənddən ibarət razılaşma 20 il müddətinə nəzərdə tutulub.
Gözləntilərin əksinə olaraq, yeni sənəddə KXDR ilə razılaşmaya bənzər bənd daxil edilməyib. Rusiya-İran müqaviləsində yalnız qeyd olunur ki, tərəflər tərəfdaşlardan birinə təcavüz etmiş ölkəyə “hərbi və ya digər yardım” göstərməyəcəklər. Deməli, İranla İsrail arasında müharibə olacağı təqdirdə Moskva İsrailə, İran isə hazırkı hərbi münaqişədə Ukraynaya kömək etməyəcək.
12-ci bənd diqqətəlayiqdir, burada Moskva və Tehran arasında “Xəzər regionuna, Mərkəzi Asiyaya, Cənubi Qafqaza və Yaxın Şərqə müdaxilənin və orada üçüncü dövlətlərin sabitliyi pozan mövcudluğunun qarşısını almaq məqsədilə” əməkdaşlıqdan bəhs edilir. Hazırkı kontekstdə bu düsturlar açıq şəkildə Qərb ölkələrinin mövcudluğuna və hazırda Avropa İttifaqı ilə münasibətləri fəal şəkildə yaxşılaşdırmağa çalışan İrəvanın hərəkətlərinə qarşı yönəlib.
Yada salaq ki, Ermənistanın son zamanlar aşkar qərbyönümlü siyasəti, Avropa Birliyinə üzvlüklə bağlı posesdurlara başlaması, ABŞ-la strateji xartiya imzalaması və Avropa Birliyinin müəmmalı müşahidə missiyasının daha iki il müddətinə sərhəddə qalmasına razılıq verməsinə İran reaksiya bildirmirdi. Halbuki Tehran qeyri-region dövlətlərinin bölgədə mövcudluğunu İran üçün qeyri-məqbul, “qırmızı xətt” sayır. İndi bu müqavilə artıq Tehranın rəsmi mövqeyidir. Ermənistan isə reaksiya bildirmir, sanki söhbət onlardan getmir.
Fikrət Yusifov
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Rusiya və İranın özlərini bu bölgədə necə aparacaqları bu ölkələr arasında bağlanmış sazişlə deyil, Tramp hökumətinin hər iki ölkə ilə bağlı real planlarından asılı olacaqdır: “Yaxın bir neçə ayda dünya Trampın hər iki ölkə ilə bağlı hansı planlarının olduğundan xəbər tutacaq. Unutmayaq ki, Tramp həm də biznesmendir. O, siyasi məsələlərə iqtisadi maraqların gözü ilə baxmağı üstün tutur. Bu səbəbdən bir çox suallara cavab, onun Rusiya ilə bağlı məsələlərdə hansı siyasəti yürüdəcəyindən asılı olacaqdır. Tramp Ukrayna ilə bağlı münasibətini seçkiöncəsi bir neçə dəfə bəyan edib. İndi hakimiyyət kürsüsünə oturduqdan sonra da eyni siyasəti yürüdəcəkmi? Düşünürəm ki, bütün hallarda Rusiya-Ukrayna münaqişəsində Tramp Rusiyanı dəstəkləyəcək - lakin o bunu əvəzsiz etməyəcək. Yəni bu sövdələşmədə ölkəsinin maraqlarını maksimum reallaşdırmağa çalışacaq”.
Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramovun sözlərinə görə, Rusiya və İran arasında imzalanmış müqavilə və eləcə də Pezeşkianın Rusiyaya səfəri çərçivəsində baş verənlər təbii olaraq maraq doğurur: “İran tərəfinin uzun müddətdir ki, sazişi imzalamağa hazır olduğunu bəyan etməsinə rəğmən Rusiyanın sənədin imzalanmasını yubatması məlum idi. Pezeşkian hələ BRİKS sammitində iştirak etmək üçün Kazana yollandığı ərəfədə məhz elə sammit çərçivəsində sazişi imzalamaq istədiyini demişdi. Amma bu baş vermədi. Və təbii ki, bu hal Rusiya ilə İran arasında hansısa məsələlərlə bağlı fikir ayrılıqlarının olduğuna dair ehtimalları artırdı. Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Kremlə yollanan Pezeşkian və onun nümayəndə heyətinin bir saata yaxın qapıda gözləmək məcburiyyətində qalması da, imzalanan sazişdə gözlənilənlərin əksinə olaraq tərəflərin bir-biriləri qarşısında hərbi öhdəliklərinin nəzərdə tutulmaması da İran və Rusiya münasibətlərinin hamar olmadığının ən bariz sübutudur. İmzalanmış memorandumda tərəflərin müxtəlif sahələrdə, o cümlədən müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirəcəyi bildirilsə də, burada əsasən söhbətin tərəflərdən birinə hücum olarsa, qarşı tərəfin təcavüzkara dəstək verməməsi nəzərdə tutulub. Yəni başqa sözlə desək, bu, müttəfiqlik müqaviləsi deyil, daha çox hücum etməmək müqaviləsidir.
Sənədin 12-ci bəndində, yəni “Xəzər regionuna, Mərkəzi Asiyaya, Cənubi Qafqaza və Yaxın Şərqə müdaxilənin və orada üçüncü dövlətlərin sabitliyi pozan mövcudluğunun qarşısını almaq məqsədi ilə” əməkdaşlığa gəldikdə isə sözsüz ki, həm rəsmi Tehran, həm də Moskva öz sərhədlərində kənar güclərin möhkəmlənməsində maraqlı deyillər. Bu, Rusiyanın Cənubi Qafqaz maraqlarına zərbə olmaqla yanaşı, həm də İran üçün potensial təhlükə kimi qəbul olunur".
Politoloq şimal və cənub qonşumuzun etibarlı tərəfdaş olmadıqlarından da söz açdı: “Uzun illər ərzində İrəvanı ayaqda saxlayan, təcavüzkara dəstək verən iki dövlət olaraq Rusiya və İranın bu cür birgə mövqe ortaya qoyması təbii ki, yaxşı haldır. Amma məsələ burasındadır ki, bu narahatlıq quru bəyanatlardan o yana keçmir. Realda biz yenə də Rusiya və Ermənistan arasında ticarət dövriyyəsində artımlara, haqqında danışılan üçüncü qüvvələrin müdaxilələrinin qarşısının alınması üçün rəsmi Moskvanın təzyiq rıçaqlarını işə salmamasına şahidlik edirik. Eyni şey İrana da aiddir. ABŞ-ı özünün düşməni elan edən İran, düz sərhədlərində ABŞ-Ermənistan təlimlərinə, Avropa İttifaqı müşahidə missiyası adı altında Ermənistana yerləşmiş kəşfiyyatçıların fəaliyyətinə, Ermənistanın Ai üzvlüyü üçün müraciətinə və eləcə də ABŞ-Ermənistan strateji tərəfdaşlığına qarşı da hər hansı bir addım atmır. Əksinə, Ermənistana istənilən səviyyədə dəstək verməyə hazır olduğuna dair davamlı mövqe ortaya qoyur.
Odur ki, indi Rusiya və İran arasında imzalanmış sazişə, ümumiyyətlə, ciddi sənəd kimi baxmağa ehtiyac yoxdur. Hər iki tərəf dəfələrlə etibarlı tərəfdaşlar olmadığını sübut ediblər və indi imzalanan saziş də böyük ölçüdə heç nəyi dəyişməyəcək. Qərblə aparılan danışıqlarda tərəflərdən hər hansı birinin maraqları hansısa şəkildə təmin olunacaqsa, həmin tərəf məmnuniyyətlə indi imzalanan sazişi bir tərəfə ataraq yoluna davam edəcək".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ