İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva görüşündə ən mühüm müzakirə - Regional təhlükəsizlik...

Rusiya Prezidenti “çoxsaylı suallar və həssas məsələlər” deyəndə nələri nəzərdə tuturdu?

Rusiya dövlət başçısı Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşündə aprelin 22-də baş tutan görüşündə  əsas müzakirə mövzularından biri regional təhlükəsizliklə bağlı olub. 

“Şübhəsiz ki, biz regionda təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən vəziyyətlə bağlı müzakirələr aparacağıq. Burada çoxsaylı suallar var və onlar çox həssas məsələlərdir”, -  deyə Rusiya dövlət başçısı bildirib. Prezident İlham Əliyev də deyib ki,  Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir: “Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq”.

“Kommersant” nəşri  iki prezidentin 2024-cü ildə yenidən  dövlət  başçısı seçildikdən sonra ilk üz-üzə təması olduğuna diqqət çəkib. Nəşr yazır ki,  Rusiya və Azərbaycanda yeni siyasi mərhələ başlayandan sonra iki lider arasında şəxsi təmaslara tez bir zamanda başlamaq zərurətini Cənubi Qafqazda dəyişən vəziyyət diktə edir: “Bu vəziyyət qeyri-sabit görünür və rəqabət aparan oyunçuların - bir tərəfdən Rusiyanın, digər tərəfdən isə Qərbin iştirakı ilə regionun inkişafı və təhlükəsizliyinin təmin edilməsi üçün bir neçə alternativ ssenariləri ortaya qoyur”. “İki lider xarici təhlükəyə qarşı birgə cavab axtarır”, - deyə nəşr   təhlilində yazır.  Aydındır ki, hər iki   dövlətin əsas narahatlığı regionda artan xarici təhlükələrdir.

Aydın Hüseynov: Heydər Əliyevin fəaliyyətinin zirvəsi müstəqil Azərbaycan  dövlətini qurmasıdır | 1news.az | Xəbərlər

 Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin Putinlə görüşündə müzakirə edilən məsələlər dövlətlərarası münasibətlərin hər iki prezidentin siyasi iradəsinə uyğun inkişafını göstərdi: “Azərbaycanla Rusiyanın qarşılıqlı əlaqələri çoxşaxəlidir, eyni zamanda bu əlaqələrdə siyasi münasibətlər mühüm yer tutur. Siyasi münasibətlər sferasına isə xüsusilə regional təhlükəsizlik məsələləri aiddir. Uzun illər Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Buraya bir çox mühüm komponentlər daxildir. Əlaqələrimiz müstəqillik illərində daha da inkişaf edib. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr bilirsiniz ki, 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İlk vaxtlar əlaqələr arzuolunan və hər iki dövlətin maraqlarına heç də tam cavab verməyən səviyyədə olsa da Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya ilə Azərbaycan arasında 1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə"dir. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.

Cənab İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsindən sonra Rusiya-Azərbaycan münasibətlərində dostluq-əməkdaşlıq əlaqələri daha da dərinləşmə xətti götürüb. Prezident İlham Əliyev Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır".

Deputat vurğuladı ki, Azərbaycan-Rusiya əlaqələrində regional təhlükəsizlik məsələləri həmişə aktualdır. Bu əlaqələr regionda sabitliyin təminatında, bölgəyə aid olmayan güclərin yersiz və təhlükə yarada bilən müdaxilələrinin qarşısının alınmasında bütün regionun marağı baxımdan da mühüm əhəmiyyət kəsb edir: “Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Azərbaycan bu amili nəzərə alır. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Azərbaycan qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışır. Bu istiqamətdə uğurlar mövcuddur. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan ”Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb. Əlaqələrimiz artıq həm də bu bəyannaməyə əsaslanaraq qurulur. Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir".

Musa Qasımlı: ÜAK-ın ləğvi ilə bağlı qərar ədalətsizdir və daha çox siyasi  çalarlar daşıyır | 1news.az | Xəbərlər

Musa Qasımlı

Deputat Musa Qasımlı isə bildirdi ki, görüşün Rusiya və bir sıra ölkələr üçün böyük strateji əhəmiyyət daşıyan Baykal-Amur magistralının açılışının 50 illiyinə tən gəlməsi təsadüfi deyildi: “Hələ XX əsrin 20-ci illərinin sonlarından sovet dövləti BAM-ın tikintisinə nə qədər çalışmışdısa, hətta dustaqları bu işə cəlb etmişdisə, on minlərlə insan bu yolda həyatlarını itirmişdilərsə də nəticə hasil olmamışdı. Ümumittifaq işi adlandırılan bu iş yalnız Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin rəhbərliyi altında başa çatdırılmışdı. 

İkincisi, ölkələrimiz arasında  münasibətlərin maddi təməlləri olan ticarət-iqtisadi əməkdaşlıq artır. Məlum olduğu kimi, beynəlxalq münasibətlərdə bir çox dövlətlər sənədlər imzalaya, bəyanat verə bilərlər, amma münasibətlərin maddi təməlləri möhkəm deyilsə, onun  baş verə biləcək böhranlı anlarda qırılma ehtimalı yüksəkdir. Üçüncüsü, regional təhlükəsizlik məsələləri Azərbaycan və Rusiya arasında münasibətlərdə xüsusi yer tutur. Xırdalığına getmədən deyək ki, artıq iki ölkə arasında münasibətlərin inkişafına mane olan və ya ola biləcək prinsipial amillər - vaxtilə işğalçıya yardım edilməsi, qoşunların ərazimizdə olması və s. aradan qaldırılıb. Cənab Prezidentimizin söylədiyi aşağıdakı fikirlər əməkdaşlığımızın səviyyəsini və Azərbaycanın region, dünya siyasətində rolunun artdığını göstərir: “Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır”. Prezidentin bu fikirləri də təsdiq edir ki, Vladimir Putinlə görüşdə əsas müzakirə edilən məsələlərdən biri məhz regional təhlükəsizlik məsələsi olub.

Rusiya prezidenti də görüşün mediaya açıq olan hissəsində dedi ki, regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyətdən də danışacağıq. Putin fikrinə davam edərək onu da söylədi ki, bir çox məsələlər var, onlar olduqca həssasdır. Rusiya lideri Azərbaycan Prezidenti ilə bu görüşdə həmin həssas məsələlərin də hər birinin müzakirə ediləcəyini öncədən bəyan etdi. Bununla  bir daha dünya gördü ki, regionun təhlükəsizlik məsələləri, regionun taleyi ilə bağlı ən həssas məsələlər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edilir". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR