Onlayn ictimai-siyasi qəzet
Fevralın 22-də Azərbaycan və Rusiya arasında imzalanan Moskva Bəyannaməsinin üçüncü ildönümüdür. İqtisadi, siyasi, hərbi, mədəni, sosial və demək olar ki, əksər sahələdə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan sənədin 22-32-ci bəndləri (11 bənd) tərəflər arasında sırf iqtisadi-ticari, logistik və energetik əməkdaşlığa həsr olunub.
Bəyannaməyə əsasən tərəflər iki ölkənin ticarət-iqtisadi əlaqələrinin davamlı artımının təmin edilməsi üçün vacib əhəmiyyəti olan Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinə hərtərəfli yardım etməyə davam edəcəklər. Eyni zamanda tərəflər milli qanunvericilikləri çərçivəsində metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaqlar.
Sənədin imzalanmasından ötən 3 ildə Hökumətlərarası Komissiyanın 3 iclası keçirilib: 2022-ci ili aprelində Bakıda 20-ci, 2023-cü ilin iyulunda Moskvada 21-ci, 2024-cü ilin avqustundan Bakıda 22-ci iclas. Bundan əlavə, Komissiyanın alt qruplarının çoxsaylı toplantıları təşkil olunub.
Bəyannamənin 25-ci bəndinə əsasən Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinməyi öhdələrinə götürüblər. Azərbaycan öz tərəfindən bu bəndə tam əməl edib: Qərbin Rusiyaya qarşı tətbiq etdiyi 800-dən çox sanksiyanın heç birinə qoşulmayıb, bu ölkə ilə ticarət-iqtisadi əlaqələrin inkişafına nəinki mane olmayıb, əksinə, genişlənməsi üçün çoxsaylı addımlar atıb.
Verilən rəsmi məlumata əsasən Rusiyanın 80-dən çox subyekti Azərbaycanla ticarət-iqtisadi əlaqələri dəstəkləyir. Rusiyanın 12 regionu Azərbaycan hökumətilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişlər imzalayıb. 2024-cü ilin yanvarında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsini imzalayıblar. Verilən açıqlamaya əsasən Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.
Azərbaycanda Rusiya biznesi ilə əczaçılıq və neft-kimya, qida sənayesi və şərabçılıq, mədən sənayesi və tikinti materiallarının istehsalı, avtomobil sənayesi və avadanlıqlara texniki xidmət sahələrində əməkdaşlığın uğurlu nəticələri var. 2024-cü il avqustun 18-19-da Azərbaycanda dövlət səfərində olan Rusya Prezidenti Vladimir Putin də mətbuata bəyanatında çıxış edərkən bu məsələyə toxunub: “Rusiya ən iri investorlar sırasına daxildir və biz buna yalnız sevinirik. Azərbaycan bazarında şirkətlərimiz özünü yetərincə rahat hiss edir. Artıq xatırladıldı ki, burada həm ”LUKOYL", həm yığılma istehsalını təşkil edən “KamAZ”, həm də “Sollers”, “UAZ” var. Onlar uğurla fəaliyyət göstərir və inkişaf perspektivlərinə malikdir. Biz onların işinə yaradılan şəraitə görə Azərbaycan hakimiyyətinə minnətdarıq. “Transmaşholdinq” fevral ayında Bakı Metropoliteni üçün Rusiya vaqonlarının böyük partiyasının istehsalına dair növbəti müqavilə bağlayıb. Ümidvaram ki, bu qatarlardan istifadə edənlər də razı qalacaqlar".
Rəsmi açıqlamalardan aydın olur ki, Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. 2023-cü ildə Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub. İndiyədək Azərbaycandan Rusiya iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2 milyard dollara yaxınlaşır.
Bəyannamə imzalandıqdan sonrakı qısa müddət ərzində Dağıstan, Tatarıstan, Başqırdıstan, Udmurt, Həştərxan vilayəti, Perm diyarı, Ryazan vilayəti və Rusiyanın digər subyektləri ilə qarşılıqlı səfərlər həyata keçirilib. Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə iqtisadi və humanitar sahələrdə mühüm əlaqələr qurub, 20 subyektlə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyətə dair sənədlər imzalanıb.
Ölkələr arasında qarşılıqlı ticarətin həcmində ciddi artım var. Belə ki, 2021-ci ilin yekunlarına görə, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2020-ci illə müqayisədə 12,1 faiz artaraq 2,99 milyard ABŞ dollarına çatıb. Bunun 2,1 milyard dolları Azərbaycanın idxalının, 920 milyon dolları isə ixracının payıdır. Rusiya Azərbaycanın 3-cü böyük ticarət tərəfdaşı olub, idxalda 1-ci yerdə qərarlaşıb.
2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard 700 milyon ABŞ dolları təşkil edib. Bunun 975 milyonu Azərbaycanın ixracı, 2 milyard 734 milyonu idxalının payına düşüb. Yenə idxalda Rusiya birinci, ümumi ticarət dövriyyəsinə görə 3-cü böyük tərəfdaş ölkə olub.
2023-cü ildə qarşılıqlı ticarətin həcmi 4,4 milyard dollara yüksəlib. Bu zaman Rusiyaya ixracımız 1,2 milyard dollar, oradan idxalımız isə 3,2 milyard dollar təşkil edib. Rusiya yenə idxalda birinciliyi saxlayıb.
2024-cü ildə ölkələr arasında ticarətin həcmi 4,8 milyard dollar təşkil edib. Bunun 1,2 milyard dolları Azərbaycanın Rusiyaya ixracı, 3,6 milyard dolları isə oradan idxalıdır. Ötən il Rusiya idxaldakı birinciliyi itirərək, Çindən sonra ikinci olub.
Bəyannamədə nəzərdə tutulur ki, tərəflər intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə tranzit-nəqliyyat qarşılıqlı fəaliyyətinin potensialının ardıcıl inkişafını, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin davamlı və tammiqyaslı fəaliyyəti üçün texniki və iqtisadi şəraitin təmin edilməsini hədəfə alıblar. Həmçinin tərəflər onların ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək və bir-birinə milli qanunvericilik və ikitərəfli razılaşmalar çərçivəsində tranzit daşımaları üçün əlverişli şərait yaradacaqlar.
Azərbaycan Ukraynadakı işğalçı müharibəyə görə ən sərt sanksiyalara məruz qoyulan Rusiyanın Asiya ölkələri ilə genişləndirməyə çalışdığı ticarəti üçün Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətini qiymətləndirərək, bu dəhlizin öz ərazisindən keçən hissəsinin yükötürmə imkanlarının artırılması üçün böyük işlər görməkdədir. Layihə çərçivəsində Bakıdan Rusiya ilə sərhədə qədər yeni dördzolaqlı magistral yolun, sərhədyanı Samur çayı üzərində birgə körpü istifadəyə verilib. Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu marşrutları üzərində işlər tam yekunlaşıb və davamlı təkmilləşdirici addımlar atılır. Gələcəkdə dəhlizin ötürücülük qabiliyyətinin 15 milyon ton və daha çox olması hədəflənir.
Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı istiqamətində fəaliyyətlərini AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Moskvanın sərgilədiyi qeyri-dost münasibətə baxmayaraq, davam etdirir. Prezident İlham Əliyev fevralın 11-də “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında ”Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş"in təsdiq olunmasını nəzərdəm tutan fərman imzalayıb. Fərmanla ötən ilin dekabrında Moskvada tərəflərin imzaladığı saziş təsdiqlənməklə yanaşı, sazişin müddəalarının həyata keçirilməsini təmin etmək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunub.
Saziş imzalanarkən verilən rəsmi açıqlamaya əsasən dəmiryolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır. Sənədin dəmiryol nəqliyyatı ilə yüklərin daşınma həcminin artmasını stimullaşdıracağı və daşıma həcmlərinin artım tempi ilə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı arasında balansı təmin edəcəyi nəzərdə tutulur.
Azərbaycan tərəfindən atılan addımlar nəticəsində 2023-cü ildə dəhlizlə yükdaşımalar 9,3 milyon tona, 2024-cü ildə isə 9 milyon 896,5 min tona qədər artıb.
Bəyannamədə qeyd olunur ki, Rusiya və Azərbaycan milli qanunvericilikləri və kredit-pul siyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını ifadə edirlər. Eyni zamanda tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar. Azərbaycan tərəfi bu bəndlərlə üzərinə götürdüyü öhdəlikləri Qərb sanksiyalarının pozulmaması şərtilə mümkün qədər icra edib. Verilən rəsmi açıqlamalara əsasən hazırda tərəflər arasında qarşılıqlı ticarətin 70 faizdən çoxu milli valyutalarla həyata keçirilir. Rusiyanın VTB bankının yerli filialının fəaliyyətinə hər cür şərait yaradılır.
Nəhayət, sənəddə Rusiya və Azərbaycanın bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda beynəlxalq enerji əməkdaşlığının stimullaşdırılması və qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə sıx qarşılıqlı fəaliyyət həyata keçirərək yanacaq-energetika sahəsində, o cümlədən səmərəli infrastruktur layihələrinin cəlb edilməsi də daxil olmaqla neft-qaz yataqlarının kəşfiyyatı və emalı, enerji resurslarının nəqli sahəsində, eləcə də alternativ və bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətində olduqları qeyd edilib. Bu sahədə Azərbaycan Rusiyanın Lukoyl şirkətinin ölkədəki fəaliyyətinə hərtərəfli dəstək verir. Şirkətin 2021-cü ildə “Şahdəniz” layihəsində 9,9 faiz əlavə pay alışına dair müqaviləsinə məhz 2022-ci ildə icazə verilib, proses yekunlaşıb.
Bəyannamənin icra olunmayan tək bəndi atom energetikası sahəsində əməkdaşlıqla bağlıdır. Orada qeyd olunur ki, tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ildə Rusiya mediasına müsahibədə bəyan edib ki, ölkəmizdə atom elektrik stansiyasının qurulmasına ehtiyac duyulmur, çünki Azərbaycan bərpa olunan enerji sahəsinə istiqamətlənib, bu sahədə çox böyük olan potensialından yararlanmaq niyyətindədir.
Dünya SAKİT,
“Yeni Müsavat”
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ