Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi bu gün ölkə üzrə ümumi təhsil müəssisələrinin IV siniflərində keçirilən monitorinq prosesi yekunlaşıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bildirib ki, ölkə üzrə ümumi təhsil müəssisələrinin IV siniflərində təhsil alan şagirdlərin 98 faizindən çoxu monitorinqdə iştirak edib.
Musavat.com bildirir ki, bir neçə məktəbdə monitorinqi yaxından izləyən təhsil eksperti Kamran Əsədov təəssüratlarını bu cür bölüşüb:
"Bakı Şəhəri üzrə bir neçə məktəbdə imtahan prosesini yaxından izlədim. Doğrudur, bir sıra pedaqoji tədqiqatlar azyaşlı uşaqların müxtəlif imtahanlara cəlb edilməsini müsbət qiymətləndirmir.
Azyaşlı uşaqlar tədris ilində mütəmadi olaraq KSQ, BSQ kimi qiymətləndirilmə imtahanlarına cəlb olunurlar.
Kənardan rəsmi imtahan isə onlarda psixoloji gərginlik, stress yarada bilər.
Amma monitorinq şagirdlərin səviyyəsini öyrənmək üçün bu imtahanlar çox vacibdir. Düşünürəm ki, bu tipli imtahanlar mütəmadi olaraq keçirilməli və müxtəlif fənlər əlavə edilməlidir".
Kamran Əsədov qeyd edib ki, monitorinq imtahanı nəticəsində məktəb güclü və inkişafa ehtiyacı olan tərəflərini müəyyənləşdirir:
"Şagirdlərə fənni tədris edən müəllimlərin öyrətmə və öyrənmə prosesini nə dərəcədə effektiv təşkil etdiklərini anlamağa yardım edir.
Vahid və mərkəzləşdirilmiş belə imtahan müəllimləri öyrənmə və öyrətmənin dinamikasına nəzarət edə bilmələri üçün məlumat bazası (data) ilə təmin edir.
Çünki tədris ilində şagirdlər müxtəlif kursların sınaq imtahanında iştirak edir, lakin müəllim o data-nı əldə edə bilmir, müqayisə edə bilmir.
Monitorinq zamanı əldə olunan nəticələr şagird nailiyyətlərini yaxşılaşdırmaq üçün məktəbin nəyə ehtiyacı olduğunu anlamağa yardım edir, məktəbin hədəflərini müəyyənləşdirməyə və fəaliyyətini səmərəli planlaşdırmağa yardım edir. Nəticələri düzgün təhlil edən direktor bu imkandan istifadə edərək məktəbin inkişaf planı vasitəsilə tədrisin inkişafını təmin edə bilər.
Düzdür, bu gün müəyyən fənlərdən monitorinq imtahanları aparıldı.
Qüvvədə olan qanunvericiliyə görə monitorinq imtahanı şagirdlərin taleyinə təsir göstərməyəcək. Yəni bu imtahanda şagirdin aşağı və ya yuxarı nəticə göstərməsi onun yarımillik, illik qiymətlərinə təsir göstərmir.
Builki imtahanlar elmi-metodiki məqsədlərə söykənir və tədris olunan dərsliklərin və tədrisin keyfiyyətinin yoxlanmasına, ölçülməsinə yönəldilib.
Son günlər ərzində aparılan müşahidələr göstərir ki, məktəblər monitorinq imtahanına yaxşı hazırlaşıblar. Təşkilatçılıq bacarıqları artıb.
IV siniflər üçün bu imtahanlar həm də 4 il ərzində əldə olunan bilik və bacarıqları nümayiş etdirmək üçün bir imkanıdır".
Qeyd edək ki, sabah, yəni mayın 19-da VI siniflər üzrə monitorinq keçiriləcək.
Xalidə Gəray
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ