İnsanlara hürriyət, millətlərə istiqlal!

MMC rəhbəri tanınmış vəkildən üzr istəyəcək, təzminat ödəyəcək – MƏHKƏMƏ QƏRAR VERDİ

Bakı Apellyasiya Məhkəməsi tanınmış vəkil Cavad Cavadovun “T-Finans LTD” MMC və onun rəhbəri Minayə Həmidovaya qarşı qaldırdığı iddia üzrə qərarını açıqlayıb.

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

Tanınmış vəkil məhkəməyə müraciət edərək bildirib ki, cavabdehlər Prezidentə və digər ali dövlət rəhbərlərinə ünvanladıqları məktubda onun şərəf və ləyaqətini alçaldan ifadələr işlədiblər. Məktubda Cavad Cavadov təhqir olunub.

Buna görə də Cavad Cavadov həqiqətə uyğun olmayan və nüfuzuna zərər vuran məlumatların təkzib edilməsi, üzr istənilməsi və vurulmuş zərərin ödənməsi iddiası ilə məhkəməyə iddia təqdim edib.

CAVAD SON.jpg (36 KB)

FOTODA Cavad Cavadov

Binəqədi Rayon Məhkəməsi cavabdehlərin həmin ifadələri ilə Cavad Cavadovun işgüzar nüfuzuna və şərəf və ləyaqətinə zərər vurduğunu tanıyıb. Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Məhkəmə həmçinin cavabdehlərin vəsatətlərini təmin etməyib və iş üzrə əlavə ekspertiza təyin olunmasına ehtiyac görməyib.

Qeyd edək ki, tərəflər arasında mübahisə ilkin olaraq “T-Finans LTD” MMC və Cavad Cavadov arasında bağlanmış hüquqi xidmət müqaviləsi ilə bağlı yaranıb. Daha sonra cavabdehlər ölkə rəhbərliyinə məktub ünvanlayaraq vəkili ittiham etmişdilər. Məhkəmə həmin ittihamların sübutsuz və təhqiredici olduğunu müəyyən edib.

Məhkəmənin verdiyi qərara görə, “T-Finans LTD” MMC və Minayə Şəfi qızı Həmidova Cavad Cavadovun barəsində 21 avqust 2021-ci il tarixli məktubda yazılanlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, şöbə müdiri Şahmar Mövsümova, Azərbaycan Respublikasının ədliyyə nazirinə və Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova aşağıdakı məzmunda məktub ünvanlamalı, üzr istəməlidirlər.

Məhkəmə üzr mətnini belə müəyyən edib:

“Cavad Cavadovun barəsində yazılmış məlumatların həqiqətə uyğun olmadığını, təhqir və böhtan olduğunu bildiririk və ondan üzr istəyirik”.

Bundan başqa, cavabdehlərdən müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 2 min manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavad Cavadova ödənməlidir.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR