Onlayn ictimai-siyasi qəzet
Politoloq: “Rusiya üçün qonşu Azərbaycanla əməkdaşlığın genişlənməsi əhəmiyyətlidir”
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin martın 5-də Azərbaycan Respublikasına səfər edib.
Elə həmin gün baş nazir Əli Əsədovla Mixail Mişustin arasında təkbətək və iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər olub.
Hökumət başçıları iqtisadi-ticari və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Dövlət başçılarının razılaşmalarına və tapşırıqlarına uyğun olaraq energetika, sənaye, nəqliyyat, aqrar və mədəni-humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
İqtisadi-ticari əməkdaşlığın ardıcıl inkişafının əhəmiyyətini vurğulayan tərəflər 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Həmçinin əmtəə dövriyyəsinin artım trendinə dəstək göstəriləcəyinə əminlik bildirilib.
Hökumət başçıları qarşılıqlı investisiya fəaliyyətinin genişləndiyini vurğulayıb, prioritet sərmayə layihələri üzrə əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı marağı təsdiqləyiblər.
Sənaye kooperasiyası, o cümlədən Azərbaycanda yük, kommersiya avtomobillərinin istehsalı və yığılması, əczaçılıq preparatlarının istehsalı üzrə birgə layihələrin uğurla həyata keçirilməsinin yüksək dinamikası vurğulanıb.
Tərəflər həmçinin regionlararası qarşılıqlı fəaliyyətin genişləndirilməsini alqışlayıblar. Qeyd olunub ki, Stavropol diyarında 12-ci Azərbaycan-Rusiya regionlararası forumunun uğurla keçirilməsi bunun bariz nümunəsidir.
Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, Azərbaycan və Rusiya üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə fəal birgə iş aparılmasına hazır olduqlarını təsdiqləyiblər.
Görüşün yekunu olaraq turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.
Martın 6-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mixail Mişustin ilə görüşü olub.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
“Rusiya ilə iqtisadi-ticari sahəsində nəticələr tamamilə qənaətbəxşdir, 17 %-lik artım var”.
Bu fikirləri Prezident İlham Əliyev Mişustinlə görüşündə deyib: “Artıq 4,5 milyard dollar səviyyəsinə yaxınlaşırıq. Amma təbii ki, bu, son hədd deyil. Əminəm ki, səfər zamanı əldə olunmuş razılaşmalar çərçivəsində həm növbəti ildə, həm də bu il biz ilin yekunlarına görə qarşılıqlı ticarətdə daha böyük artımın şahidi olacağıq.
Şadam ki, sənaye kooperasiyası layihələri reallaşdırılır. Bu, əməkdaşlığımızın nisbətən yeni sahəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradırlar. Bütün bunlar isə sənaye sahəsində daha geniş əməkdaşlığa kömək edir. Sizin səfərinizdən əvvəl materiallara baxdım, kənd təsərrüfatı üzrə bir-birimizi tamamlayırıq. Bizə lazım olanı sizdən əldə edirik və bu, əks istiqamətdə də həyata keçirilir. Həmçinin sevinirik ki, razılaşdığımız kimi, Rusiya bazarına Azərbaycan kənd təsərrüfatı məhsullarının tədarükünün böyük həcmdə artması uğurla davam edir".
M.Mişustin sənaye sahəsində daha çox layihələrin olduğunu vurğulayıb.
Azər Badamov
Rusiya baş nazirinin səfərini, keçirilən görüşləri şərh edən deputat Azər Badamov “Yeni Müsavat”a bu səfərin əhəmiyyətindən danışdı: “Azərbaycan-Rusiya əlaqələri yüksək səviyyədə inkişaf edir. Dövlət başçılarımızın 2022-ci ildə birgə imzaladığı Müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında Bəyannamə ölkələrimizarası münasibətləri daha da möhkəmlədib. Azərbaycanla Rusiya arasında dövlətlərarası, hökumətlərarası və regionlararası 200-dən çox sənəd imzalanıb. 2023-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövrüyyəsi 17,5% artaraq 4,4 milyard dollara çatıb. Azərbaycanın Rusiyanın regionları ilə iqtisadi əlaqələri günü-gündən genişlənməkdədir. Mütəmadi olaraq Azərbaycan-Rusiya regionlararası forumlar keçirilir. Qarşılıqlı investisiya imkanları günü-gündən genişlənir. Azərbaycanın ərsəyə gətirdiyi Cənub-Şimal və Şərq-Qərb nəqliyyat dəhlizləri Rusiya üçün yeni imkanlar açır. Belə ki, 2023-cü ildə ölkələrarası tranzit yük daşımaları 11% artıb. Rusiya ilə beynəlxalq daşımaların sürətlə artmasının göstəricisi kimi sərhəd keçid məntəqələri infrastrukturunun genişləndirilməsi və yük buraxılışı qabiliyyətinin artırılmasını da qeyd edə bilərik. Mixail Mişustinin ölkəmizə səfəri çərçivəsində baş nazir Əli Əsədovla keçirdiyi geniş tərkibli görüşün sonunda turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Rusiyanın baş nazirinin Bakıya səfəri çərçivəsində regional əməkdaşlığın inkişaf etdirilməsi, Zəngəzur dəhlizi ilə bağlı məsələlərin də müzakirə olunduğunu hesab edirəm. Çünki bu gün Zəngəzur dəhlizinin açılması Rusiya üçün yeni imkanlar açır. O cümlədən regional təhlükəsizlik və Ermənistanla münasibətlərin normallaşdırılması məsələsi yüksək görüşlərin əsas mövzularından biri olur. Düzdür, son zamanlar Ermənistan Rusiya ilə münasibətlərini soyutmağa çalışır. Amma Rusiyanın Ermənistana kifayət qədər təsiretmə imkanları var. Bu baxımdan Rusiyanın baş nazirinin Bakıya 2 günlük səfərinin həm ikitərəfli əlaqələrin inkişafı, həm də regional münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətinin olacağını hesab edirəm”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu şimal qonşumuzun Azərbaycanla əməkdaşlığa xüsusi diqqət ayırdığını vurğuladı: “Mişustinin Azərbaycana iki günlük səfərinin əsas məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığı və ticarəti genişləndirməkdir. Mişustin siyasi fiqur deyil, o, sırf iqtisadi mövzularla məşğul olur. Təsadüfi deyil ki, Mixail Mişustin siyasi mövzularda heç zaman açıqlama vermir. Rusiya iki ildir Ukraynada işğalçı müharibə aparır və bu ölkənin rəsmiləri bu mövzuda müxtəlif açıqlamalar verirlər. O bu məsələyə qarşımır və müharibə ilə bağlı açıqlama vermir. Buna baxmayaraq, müharibə Rusiya iqtisadiyyatına da mənfi təsir edir. Doğrudur, Rusiya Qərb ölkələrinə sata bilmədiyi neft və qazı Çin və Hindistana yönəldib və gəlirlərinin azalmamasına çalışır. Ancaq Rusiyada inflyasiya artır. Hər halda, Rusiya prezidenti Vladimir Putin Mixail Mişustinin fəaliyyətindən razı görünür. Mişustin vaxtilə gömrük orqanlarının fəaliyyətini nizamlamışdı və bu, Putinin diqqətini çəkmişdi. O, Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələrlə ortaq iqtisadi layihələrin reallaşmasına çalışır. Bu sırada Rusiya üçün qonşu Azərbaycanla əməkdaşlığın genişlənməsi əhəmiyyətlidir. Rusiyanın Azərbaycanın kənd təsərrüfatı məhsullarına ehtiyacı var. Rusiyada yumurta qıtlığı yarandığına görə Moskva Türkiyə və Azərbaycandan yumurta idxalını artırdı. Böyük ehtimalla Mixail Mişustin Bakıdakı görüşlərində kənd təsərrüfatı sahəsi ilə yanaşı, enerji sahəsində də əməkdaşlıq mövzularını müzakirə edib”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ