Onlayn ictimai-siyasi qəzet
Misir İsrail və HƏMAS-a Qəzza zolağında 60 günlük yeni atəşkəs planı təqdim edib.
Musavat.com xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb.
Məlumata görə, Misirin təklif etdiyi plan Amerika ilə razılaşdırılmış yeni bir yol xəritəsidir və martın 1-də Qəzzada atəşkəs rejiminin başa çatmasından sonra yaranmış çıxılmaz vəziyyətdən çıxış yolu kimi nəzərdə tutulub.
Misirin planına əsasən, atəşkəsin ilk mərhələsində Fələstin anklavında saxlanılan 10 girovun, o cümlədən beş Amerika vətəndaşının hamısının və ya bir qisminin azad edilməsi planlaşdırılır. Mənbələrin məlumatına görə, girovların azad edilməsi mərhələli şəkildə həyata keçiriləcək.
Hər mərhələdə İsrail müəyyən sayda fələstinli məhbusu azad edəcək. İlk mərhələdə azad ediləcək şəxslər arasında yüksək rütbəli fələstinli qruplaşma nümayəndələrinin də ola biləcəyi bildirilir.
Plan çərçivəsində İsrailin Qəzza zolağına humanitar yardım, yanacaq və zəruri ləvazimatların çatdırılmasına qoyduğu qadağanın aradan qaldırılması da təklif edilir. Danışıqların uğurla nəticələnəcəyi halda İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılması və daimi atəşkəs rejiminin bərqərar edilməsi məsələsinin müzakirəsinə başlanıla bilər.
Musavat.com
13 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ