İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyanın idarəsindən sərsəm iddia - Bakı cavabını verdi

Rəsmi İrəvan hələ də “etnik təmizləmə”dən dəm vurur; deputat: “Ermənistan bu mövzunu birdəfəlik kənara qoymalıdır”

“Dağlıq Qarabağ ermənilərinin "məcburi köçürülməsi" və Dağlıq Qarabağın ləğvi haqqında fərman dərc edildikdən sonra bu məsələ Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin tənzimlənməsi gündəliyindən çıxarılıb", - Ermənistan XİN "AzadlıqRadiosu"nun erməni xidmətinin sualına cavab olaraq bildirib.

Rəsmi İrəvanın açıqlamasında yenə də öz xoşu ilə gedən ermənilərin “məcburi köçürüldüyü” vurğulanır. Halbuki onların gedişini əks etdirən videosübutlar var. Həmin kadrlardan aydın olur ki, mülki  ermənilər məcburi yox, könüllü şəkildə Qarabağdan çıxırlar. Onlardan kimisi şokolad yeyə-yeyə, kimisi gülə-gülə bölgəni tərk edir. Gedərkən də yüklərini aparırlar.

Azərbaycanlılar isə Qarabağdan didərgin salınanda gülləbaran içərisində canlarını götürüb qaçmışdılar. Amma ermənilər istər müharibədən sonra Kəlbəcər, Laçın, Zabuxdan olsun, istər Qarabağın yuxarı rayonlarından, təhlükəsiz şəraitdə bölgəni tərk ediblər.

O zaman, Ermənistan XİN hansı əsasla ermənilərin gedişini qovulma, etnik təmizləmə kimi qiymətləndirə bilir? Ümumiyyətlə, bu ittihamlar olduqca çeynənib, di gəl, qarşı tərəf bu əsassız fikirləri söyləməkdən yorulmur. Halbuki vaxtilə BMT faktaraşdırıcı missiyası da bölgəyə gəlib və etnik təmizləməyə dair heç bir sübut tapmayılb.

İrəvan “məcburi köçkün”, bəzən isə “etnik təmizləmə” ifadələrini gündəmdə saxlamaqla nəyə nail olmaq istəyir?

Ceyhun Məmmədov: "Deputat üstün deyil, onlar da Qarabağa portalla  getməlidirlər"

Ceyhun Məmmədov

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın ritorikasında dəyişikliyin hələ də müşahidə olunmaması təəssüf yaradır: “Eyni siyasət davam etdirilir. Bir tərəfdən Ermənistan iddia edir ki, sülh prosesinə hazırdır, sülh sazişini imzalamağa hazırdır, digər tərəfdən isə sülhə zidd addımlarını davam etdirir. Bu addımlardan biri Qarabağdan könüllü köçmüş ermənilər "məcburi köçürülmüş ermənilər" adlandırmaqda davam etməsidir. İrəvan bu məsələni qəsdən süni şəkildə gündəmdə saxlamağa çalışır. Məqsədlərdən biri Azərbaycana beynəlxalq təzyiq edilməsinə nail olmaq, biri beynəlxalq təşkilatlardan, müxtəlif dövlətlərdən və erməni diasporundan “məcburi köçkünlərə” yardım adı ilə böyük yardımlar qoparmaqdır. Azərbaycan heç bir silahsız ermənini Qarabağdan çıxarmayıb. Azərbaycan öz ərazisi olan Qarabağda antiterror əməliyyatı keçirib silahlı terrorçuları, Ermənistan silahlı birləşmələrinin qalıqlarını tərk-silah edib ərazimizdən çıxarıb. Mülki ermənilər isə özləri könüllü köçüblər. Bunu köçərkən özləri də açıq bəyan edirdilər. Bunu təsdiqləyən çoxlu sayda sübutlar var. Azərbaycan ən yüksək səviyyədə dəfələrlə Azərbaycan vətəndaşlığını qəbul edən mülki ermənilərə çağırış etmişdi ki, çıxıb getməsinlər. Lakin ermənilər bu müraciətləri qəbul etmədilər, köçdülər. Məsələnin başqa bir tərəfi isə odur ki, Qarabağdan köçən ermənilərin əksəriyyəti Ermənistanın və digər başqa-başqa ölkələrin vətəndaşlarıdır. Bunu köç zamanı ermənilər özləri etiraf edirdilər. Yəni onlar Azərbaycan ərazisində qanunsuz olaraq yaşayırdılar. Köçüb öz ölkələrinə getdilər. İndi Ermənistanın bu erməniləri Qarabağdan məcburi köçkün düşmüş ermənilər adlandırması gülüncdür".

Deputat vurğuladı ki, Ermənistan bu mövzunu birdəfəlik kənara qoymalıdır: “Ermənistan anlamalıdır ki, bu cür siyasətlə sülhə nail olmaq mümkün deyil. Azərbaycanı erməniləri məcburi köçürməkdə ittiham edib Azərbaycanla sülhə hazır olduğunu bəyan etmək riyakarlıqdır, dünyanı aldatmaqdır. İrəvan bu siyasətə son qoymalıdır. Əks təqdirdə, Azərbaycanla münasibətlərin daha da kəskinləşməsinə məhz Ermənistan səbəb olmuş olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR