Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən regionda gərginliyi artıracaq açıqlama ilə çıxış edib. O, İrəvanda keçirilən “Yerevan Dialoqu–2025” adlı beynəlxalq forumda “etnik təmizləmə” ritorikasını gündəmə gətirib və bildirib: “Etnik təmizləmələr bizdən o qədər də uzaqda deyil, onların şahidiyik. Biz bu faciələrlə sərhədlərimizdə rastlaşmışıq. Ukrayna və Qəzza əzabları tək hal deyil, sistemin uğursuzluqlarının nəticəsidir”.
Mirzoyanın bu açıqlaması təsadüfi deyil. Son günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri və bu səfərdən sonra Ermənistanda dəyişən ritorika diqqətdən yayınmamalıdır. Xüsusilə Ermənistanın həm müxalifətində, həm iqtidarında, həm də mediada revanşist ritorika güclənir, yeni iddialar səsləndirilir. Hətta məlumata görə, “Arsax” adlanan qondarma qurumun “prezidenti” seçilmək üzrədir – bu isə açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribatdır.
Əgər indiyədək Paşinyan və komandası sülh barədə danışırdılarsa, bu gün həm hökumət, həm də siyasi dairələrdə ciddi ritorika dəyişiklikləri müşahidə olunur. Bu dəyişiklik fonunda Rusiya-Ermənistan münasibətlərinin ən azı media üzərindən, yenidən istiləşməsi diqqətdən qaçmır. Görünür, Kreml Cənubi Qafqazda yenidən Ermənistan kartını dövriyyəyə buraxaraq bölgədə gərginliyi artırmaq və təsir imkanlarını genişləndirmək niyyətindədir.
Amma bu, Ermənistan üçün fəlakət ssenarilərinə qapı aça bilər. Çünki Ermənistanın yeganə çıxış yolu Azərbaycan-Türkiyə ittifaqına qoşulmaq və bu iki ölkə ilə münasibətləri tam normallaşdırmaqdır. Paşinyan hökumətinin zaman-zaman sülhə yaxın olduqlarını bəyan etməsinə baxmayaraq, Azərbaycanın cəmi iki əsas şərti yerinə yetirilmir:
1. Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəalar çıxarılmalıdır;
2. Ermənistan Minsk Qrupunun hüquqi varlığına son qoyduğunu Azərbaycanla birlikdə bəyan etməlidir.
Bu şərtlər sülhün fundamental əsaslarıdır. Ermənistan isə bunları yerinə yetirmək əvəzinə, vaxtı uzatmaq, regiondaxili və xarici havadarların dəstəyinə arxalanmaq strategiyasını seçir. Bu isə onu növbəti dəfə dalana dirəyir. Hər dəfə bir “qucaq” tapan Ermənistan, o “qucaqdan” düşdükdən sonra başqa bir dəstək axtarmağa başlayır və bu proses belə davam edir.
Təsadüfi deyil ki, ABŞ-ın siyasi dairələri də Cənubi Qafqazda müharibə riskinin hələ də qaldığını bildirirlər. Bu riskin mövcudluğu birbaşa olaraq Ermənistan hökumətinin qərarsızlığı və sülh istiqamətində real addımlar atmaması ilə bağlıdır.
Nəticə etibarilə, Ermənistan revanşist ritorika və sülh prosesindən yayınma yolu ilə özünü növbəti böyük bir fəlakətə sürükləyir. Belə davam edərsə, bu ölkə bölgədə yükə çevrilmək və beynəlxalq münasibətlər sistemində izolyasiyaya uğrama təhlükəsi ilə üz-üzə qalacaq.
Musavat.com
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ