Onlayn ictimai-siyasi qəzet
İllər öncə bu mövzuda nə yazmışdıqsa, necə proqnoz vermişdiksə, hamısı birər-birər doğruldu: dünya miqrantların başına dar olmaqdadır.
Dünyanın hər tərəfindən Avropaya, firavan ölkələrə axışan miqrantların artan sayı, onların yerli cəmiyyətə inteqrasiya olunmaq istəməmələri, ağır cinayətlər törətmələri, yerli əhalinin onlara nifrətinin şiddətlənməsi, siyasi partiyarın anti-miqrant ritorikası ilə xalqdan xal və mandat qoparması cəhdləri, hər şey ondan xəbər verirdi ki, bu iş belə getməyəcək, ifrat hal almış insan miqrasiyasını durduracaqlar.
Bu, o zamanlar idi ki, ünsiyyətdə olduğumuz ictimai-siyasi fəalların üçdə biri ölkədən getmək haqqında düşünür, yollar axtarır, polis tərəfindən təqib olunmalarına, siyasi təzyiqə məruz qalmalarına dair sənəd toplayırdılar. Allahdan, hakimiyyət orqanları onların çoxuna əməli kömək etmişdi: mitinqlərdə N sayda saxlanan, döyülən, inzibati həbslərə məhkum edilən, cinayət məsuliyyətinə cəlb edilən vardı və avtomatik olaraq onlara siyasi motivli mühacirət yolu görünürdü. Obrazlı desək, arxasında məmurların oturduğu və bu adamların üzünə bağlanan “Avropa qapıları”nın əvəzinə onların üzünə Avropa qapıları açılırdı.
Bir çoxları gedirdilər, fürsəti qaçırmırdılar. Üzrlü səbəblərdən (yaşlı valideyn, qürbətdə baş çıxarmamaq xofu, ötmüş yaş, pulsuzluq və s.) bu addımı atmağa risk etməyənlər də vardı. Ancaq ömründə bir mitinqdə iştirak etməyən, heç bir ictimai-siyasi fəallıq göstərməyən, hətta müxalifət partiyalarının liderlərini tanımayan minlərlə adam da “beş-üç gün xoşbəxt yaşamaq” eşqi ilə Avropaya daşınırdılar.
Bir də vaxtilə ölkədə yüksək vəzifəli məmur və himayə edilən iş adamı olan, sonra işdən götürülən və biznesi çökdürülən imkanlı adamlar vardı ki, Avropaya sığınır, orada mal-mülk tədarük edir, biznes qurur, təmtəraqlı villalarda ölkəmizdə olduğundan da asudə, rahat yaşayırdılar. Əlbəttə ki, onlar bunu ölkəmizdə taladıqları böyük pullar sayəsində edirdilər.
İndi məhz bunlara, axırıncılara təhlükə yoxdur. Çünki getdikləri ölkədə əmlakları, biznesləri var, övladlarına, qohum-əqrəbalarına vətəndaşlıq da alıblar.
Yetim miqrantlar isə çoxdur və indi onlar topun ağzındadırlar. Bir az da obrazlı desək, penalti nöqtəsinə qoyulmuş top kimidirlər, bir təpik zərbəsi ilə tora girəcəklər.
İndi dünyanın miqrantların başına dar olması barədə ard-arda gələn xəbərlərin bir qisminin başlıqlarına baxaq:
1. “Almaniya bundestaqı milyonlarla miqranta toxunacaq qanun qəbul edib”;
2. “Tramp 30 minə qədər miqrantı Quantanamoya göndərəcək”;
3. “ABŞ Konqresi qeyri-qanuni miqrantlara qarşı mübarizəyə başlayır”;
4. “Meksika ABŞ-dən gələn qeyri-qanuni miqrantları qəbul etməyib”;
5. “Polşa-Belarus sərhədində gərgin durum – miqrant keçidlərinə diqqət artırılır”;
6. “Ötən il Rusiyadan 80 min miqrant deportasiya edilib”;
7. “Rusiya polisi miqrantları məhkəmə qərarı olmadan deportasiya edə biləcək”;
8. “Almaniya qarışdı - İnsanlar miqrantlara qarşı küçələrə çıxdı”.
Bunlar ay ərzində miqrantlara dair yayılan yüzlərlə xəbərin kiçik bir qismidir. İsveçin, Hollandiyanın, Avstriyanın, Macarıstanın, İtaliyanın, Serbiyanın, Finlandiyanın sərtləşmiş miqrant siyasətinə dair xəbərlər başqadır.
Türkiyə xalqı da bir aydır suriyalı miqrantların ölkələrinə nə vaxt dönəcəyini gözləyir.
Hər gün müxtəlif ölkələrin sərhədlərində minlərlə əfqan miqrant saxlanılır.
Müharibə getməyən Latın Amerikası ölkələrindən “xoşbəxt ölkələr”ə axışan yüz minlərlə miqrant dilemma qarşısındadır.
Banqladeş və Seneqal miqrantlarını nə okean sunamisi, nə də miqrant istəməyən ölkələrin məmurlarının sərt üzü durdura bilir.
Hindistanlı miqrantlar dünyanı başına götürüb.
İtaliya və Yunanıstan sahillərində mindikləri rezin qayıqların batması (əslində isə batırılması) nəticəsində həlak olan miqrantlara dair vaxtaşırı xəbərlər gəlir.
Bir sözlə, artıq 10-15 il əvvəlki vaxt deyil. Miqrantlardan hamı bezardır və az-çox normal dolanışıqlı ölkələr onları özlərinə təhlükə sayır.
İş o yerə çatıb ki, milyonlarla işçi qüvvəsinə ehtiyac duyan, sırf miqramtların hesabına demoqrafik planda tarazlığı qoruyan Rusiya da artıq yaxın ölkələrdən gələn miqrantlara qapılarını bağlayıb, daxildəkiləri isə kütləvi şəkildə deportasiya edir.
Yaxşı yaşamaq, ümumiyyətlə, yaşamaq istəyən, bundan ötrü miqrasiya etməyi üstün tuan milyonlarla insanın yeganə çıxış yolu arzuladıqları xoşbəxt həyata öz vətənlərində nail olmaqdır. Artıq heç bir cəmiyyət onlara öz tarixi nailiyyətlərindən pay vermək, öz çiçəkli bağçasının qapısını açıb, sığınacaq vermək istəmir.
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ