Onlayn ictimai-siyasi qəzet
Heç bir fəaliyyəti olmayan mənasız qurumun buraxılmasını əngəlləyən Fransadır
Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun və onun bəzi təsisatlarının ləğvinin vaxtının gəlib çatdığını bu ilin fevralında sözügedən təşkilatın baş katibi xanım Şmidlə Münxendəki görüşündə demişdi. Minsk Qrupuna həmsədrlik edənlərin və ümumiyyətlə, ATƏT-i təsiri altında saxlayan böyük güclərin sözügedən təsisatların ləğv olunmasını qətiyyən istəmədiklərini bilə-bilə dövlət başçısı bu məsələni ikinci dəfə bugünlərdə Bakıda səfərdə olan ATƏT sədri ilə görüşdə də dedi. Son olaraq Xudafərindəki açılışda da dövlət başçısı Azərbaycanın bu tələbini yenidən təzələdi. “Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bax, burada - bu yaxınlıqda yerləşən ərazilər işğal altında idi. Torpaqlarımızın təxminən 20 faizi zəbt edilmişdi, oradan Azərbaycan əhalisi çıxarılmışdı, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdı, bir milyon azərbaycanlı evsiz-eşiksiz qalmışdı. Uzun illər bu məsələ ilə məşğul olan ATƏT-in Minsk Qrupu və onun həmsədrləri məsələni həll etmək üçün yox, məsələni dondurmaq üçün çalışırdılar. 28 il ərzində fəaliyyət göstərən, əslində fəaliyyətsiz olan Minsk Qrupunun tamamilə ləğv edilməsi Azərbaycanın haqlı tələbidir. Onlar 28 il ərzində məsələni həll etməyə yox, yenə də deyirəm, dondurmağa səy göstəriblər”, - deyə dövlət başçısı bildirib.
Yada salaq ki, 1992-ci ildə Azərbaycanla Ermənistan o zaman ATƏM adlandırılan ATƏT-ə üzv qəbul edilərkən iki ölkə arasında konfliktin aradan qaldırılması üçün Minskdə konfrans keçirmək qərara alındı. Lakin həmin qərarın ardınca Ermənistan Azərbaycanın digər ərazilərini də işğal etməyə başladığına görə konfrans baş tutmadı. O zamandan bəri də həmin qrupa üzv olan dövlətlər heç zaman bir yerə yığışmayıb. Sadəcə olaraq, Minsk Qrupuna həmsədrlik edənlərin mandatı təsdiqlənib. Azərbaycan öz gücünə münaqişəni həll etdiyi üçün ATƏT təsisatlarının uzun illər heç bir nəticə verməyən fəaliyyətinə də ehtiyac yoxdur. Ermənistanın sülh danışıqlarına həmsədrləri cəlb etmək cəhdləri alınmadı.
O səbəbdən ATƏT Minsk Qrupunun və ona bağlı qurumların ləğvi haqda mümkün qədər tez qərar verməlidir. Çünki nə problem var, nə də onunla məşğul olmağa ehtiyac... Bəs ATƏT niyə qərar verməyə tələsmir?
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borqunu qəbul edərkən Minsk Qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin zəruri olduğu fikrini bir daha ona xatırladıb: “İlham Əliyev ATƏT sədri ilə əvvəlki görüşündə də Minsk Qrupunun tarixə qovuşduğu söyləmişdi. Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini bərpa edib. Ermənistan mövcud reallığı qəbul edib. Belə olan halda keçmişdə Qarabağ probleminin həlli məqsədilə yaradılan və nəticə əldə etməyən Minsk Qrupunun özünü buraxdığı barədə açıqlamanın niyə rəsmən verilmədiyi suallar yaradır. Minsk Qrupunun keçmiş həmsədri olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov 24 iyun 2022-ci ildə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə "Minsk Qrupu fəaliyyətini dayandırıb" açıqlamasını vermişdi. Minsk Qrupunun digər həmsədri olan ABŞ da Minsk Qrupuna ehtiyac görmür. ABŞ dövlət katibinin Qafqaz üzrə müşaviri Filip Riker 2022-ci ilin noyabrın 17-də verdiyi açıqlamada, faktiki Lavrovun sözlərini bu şəkildə təkrarlayıb: “Minsk Qrupu mexanizmi işləmir. Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh quruculuğuna dəstək verir”. Beləliklə, Minsk Qrupunun 3 həmsədrindən ikisi bu təşkilatın fəaliyyətinə ehtiyac duymadığını bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan da mövcud reallıqları qəbul edərək Minsk Qrupunun adını heç yerdə çəkmir. Buna baxmayaraq, qrupun üçüncü həmsədri Fransa bu mövzuda mövqeyini bildirməyib. Bunun səbəbi də məlumdur. Paris erməni separatizminin Azərbaycan ərazisinə qayıdışının mümkün olmadığı fikrindən imtina etmək istəmir. Minsk Qrupu Fransanın Cənubi Qafqazda “varlığını” təmin edən yeganə format idi. Ona görə də bu formatdan imtina etmir. Minsk Qrupunun yaradılması barədə ATƏT sədri qərar verməlidir. Ya da Minsk Qrupu özü bir araya gəlib qərar verməlidir. Minsk Qrupunun buraxılmasını əngəlləyən dövlət Fransadır".
Politoloq qeyd etdi ki, Minsk Qrupunun fəaliyyətini davam etdirməyin məntiqi qalmayıb. ATƏT rəhbərliyi bu məsələni uzatmamalıdır. Digər tərəfdən, Ukrayna müharibəsi fonunda ABŞ və Fransanın digər həmsədr Rusiya ilə dialoqunu davam etdirməsi mümkün deyil: “Minsk Qrupu məsələsində tək qalan Fransa ATƏT-ə "Minsk Qrupu qalmalıdır" siyasətini diktə edə bilməz. ATƏT-in hazırkı sədri mövcud reallıqları qəbul edib Minsk Qrupunu buraxa bilər. ATƏT sədri İrəvandakı mətbuat konfransında erməni jurnalistin “ATƏT Qarabağ məsələsini bağladı? ATƏT geri dönüşü necə təsəvvür edir” sualına belə cavab verib: “ATƏT özünün iştirak etmədiyi prosesə daxil ola bilməz və iki ölkənin mövqeyinə hörmətlə yanaşır”. Əslində bu cavab ondan xəbər verir ki, ATƏT sədri də Minsk Qrupuna ehtiyac olmadığına işarə edib, sadəcə, bunu rəsmiləşdirmək lazımdır. Fransa Minsk Qrupunun Ermənistan-Azərbaycan sülh danışıqlarında vasitəçiliyinə nail olmağa çalışır".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ