İnsanlara hürriyət, millətlərə istiqlal!

Minsk Qrupunu Ərdoğanın dostu ləğv edəcək

ATƏT-də kritik rəhbər dəyişikliyi gorbagor olmuş həmsədrlik institutunun demontajını sürətləndirə bilər; deputat: “Minsk Qrupu bundan sonra nəyi həll edəcək?”

Ötən həftəsonu Maltada ATƏT-in yeni baş katibi seçildi. Bu mühüm Avropa strukturunun yeni məsul şəxsi təcrübəli türk diplomatı, səfir Firudin Sinirlioğludur. Prezident Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə tanınan Sinirlioğlunun ATƏT-in Baş katibi seçilməsi qardaş ölkə üçün böyük diplomatik qələbə hesab olunur. 

Deməli, bu həm də Azərbaycanın uğurudur. Bu təyinat Türkiyənin beynəlxalq arenada rolunun daha da möhkəmləndirilməsinə imkan yaradır. Xüsusilə ATƏT çərçivəsində qardaş ölkənin regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində daha fəal mövqe sərgiləməsi gözlənilir. Azərbaycan üçün də bu təyinat xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Sinirlioğlunun baş katib postunda olması Azərbaycanla ATƏT arasında münasibətlərin inkişafına, həmçinin regional təhlükəsizlik məsələlərində daha sıx əməkdaşlığa töhfə verə bilər.

“İstisna etmirəm ki, Sinirlioğlu hər cür səy göstərəcək və uğur qazanacağı təqdirdə ATƏT-in Minsk Qrupunun ləğvini şəxsən imzalayacaq. Amma bu xəbərin başqa maraqlı detalı var: Türkiyə diplomatının namizədliyinə Ermənistan da səs verib”. Bunu erməni türkoloq Varujan Geqamyan sosial şəbəkə hesabında yazıb. Bir türk diplomatın ATƏT-in Baş katibi olmasına Ermənistanın da razılıq verməsi pozitiv jest olmaqla bərabər, o da faktdır ki, İrəvan yaxın keçmişin mənasız qalığı olan Minsk Qrupunun rəsmi ləğvinə Bakı ilə sülh müqaviləsi imzalandıqdan sonra razı olacağını bəyan edib. Bu da Ermənistan rəhbərliyinin sülh istəyində axıradək səmimi olmadığının sübutudur. Bütövlükdə ATƏT sədrinin Türkiyədən və ya türk olması qurumun rəsmi ləğvini tezləşdirməyə zəmin yarada bilər? Baş katibin belə bir səlahiyyəti, yaxud üstünlüyü varmı?  

Xatırladaq ki, Prezident İlham Əliyev Minsk Qrupunun ləğvini sülh prosesinin vacib elementlərindən biri olaraq qeyd edib: “Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk Qrupu ləğv edilsin. Minsk Qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir”. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh prosesi kontekstində ATƏT-in Minsk Qrupunun ləğvini mümkün sayır. Lakin sülh sazişi imzalandıqdan sonra bu addımı atmağın tərəfdarıdır. 

“Moskva Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun işindən narazıdır”. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə deyib. “Biz özümüz də Minsk Qrupunun işindən narazı qaldıq, onu daha çox tənqid etdik, xüsusən də qərblilər onun işini əngəlləməyə başlayandan və bu mövqelərini açıq ifadə etdikdən sonra”, - Zaxarova bildirib. Diplomat vurğulayıb ki, Qərb dövlətləri 2022-ci ilin fevralında ATƏT-in Minsk Qrupunu şəxsən dəfn ediblər. Onun sözlərinə görə, Qərbi nizamlanma yox, başqa şeylər maraqlandırırdı.

Aydın Mirzəzadə: Ermənistan işğal dövründə minalara 400 milyon dollar  xərcləyib | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

Aydın Mirzəzadə

Deputat Aydın Mirzəzadənin “Yeni Müsavat”a bildirdiyinə görə, ATƏT-in Baş katibinin Minsk Qrupunu ləğv etməklə bağlı səlahiyyətinin olub-olmamasını beynəlxalq hüquq üzrə ekspertlər daha ətraflı söyləyə bilər, amma bir nəfərin rəyi ilə bu qərar verilmir: “Burada ATƏT-in üzvü olan ölkələr var və ümumi müzakirə əsasında qərar qəbul edilir. Eyni zamanda Minsk Qrupu ilə bağlı aparıcı dövlətlər mövqe bildirməlidirlər. Hazırda sülh mətninin 90 faizi razılaşdırılıb, münaqişə keçmişdə qalıb, o zaman Minsk Qrupu nəyi həll edəcək? Halbuki bu gün tərəflər olmadan ikili modeldə görüşlər keçirirlər, qeyri-formal münasibətlər sistemi qurublar. Ona görə də Minsk Qrupunun ləğvi artıq qaçılmazdır, sadəcə, zaman məsələsidir, yəni gec-tez bu rəy olacaq”. A.Mirzəzadə hesab edir ki, Ermənistanın bəyanatlarının hər zaman ikili mənası olur: “İrəvanın mövqeyi budur ki, sülh müqaviləsindən sonra Minsk Qrupu ləğv edilsin. Amma onun sonraya saxlanması ya Ermənistanın xarici havadarlarına hesabanıb, ya başqa niyyətlər güdülür, bunu demək həm çətindir, həm də özləri bilər. Fakt budur ki, sülh ən çox Ermənistana lazımdır. Azərbaycana formal sülh müqaviləsi lazım deyil və yekun sənədin imzalanması üçün tələblər yerinə yetirilməlidir”.  

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Ermənistan hələ də keçmiş həmsədr ölkələrə ümid edir ki, Azərbaycana təzyiq göstərə bilərlər: “Söhbət Qarabağ məsələsindən getmir. Elə Notrdam kilsəsinin bərpası tədbirində Paşinyanla iki keçmiş həmsədr dövlətin rəhbərinin görüşməsi buna kifayətdir. Ermənistan ABŞ və Fransanın ciddi dəstəyini qazanmağa başlamaqdadır. İrəvan bununla sülh müqaviləsinin imzalanmasında Bakıya hansısa şərtləri diqtə edəcəklərini gözləyir. Paşinyan hesab edir ki, ondan sonra Minsk Qrupu ləğv oluna bilər. Hərçənd artıq bu institut ölüb, Ukrayna münaqişəsi ona bir başdaşı da qoyub. Rusiya da eyni mövqedən çıxış edir. Ona görə də bundan sonra üç dövlətin bir araya gəlməsi mümkün deyil”. Ekspertin sözlərinə görə, hətta yenidən bu formatı reabilitasiya etməyə çalışsalar, əhəmiyyəti olmayacaq: “Çünki Minsk Qrupunun görəcəyi iş qalmayıb. Bu institut sülhə töhfə verə bilərsə, buyursun. Əslində Azərbaycan onların vasitəçiliyindən də imtina edib. Ona görə də de-fakto bu format yoxdur. İndi yeni baş katibin hansı qərarı verməsi çox maraqlıdır. Ən azından bu məsələni gündəmə gətirə bilər. Sadəcə, ATƏT-ə üzv ölkələr, eləcə də Minsk Qrupundakı ölkələr rəy bildirməlidirlər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR