İnsanlara hürriyət, millətlərə istiqlal!

Minaların təmizlənməsinə hansı dövlətlər yardım edir - öhdəliyi olanlar və...

Həyata keçirilən minatəmizləmə fəaliyyətinə maliyyə yardımlarının yalnız 4-5%-i beynəlxalq donorların payına düşür

Birləşmiş Ərəb Əmirlikləri Hökuməti həmin ölkənin Azərbaycan Respublikasındakı Səfirliyi vasitəsilə Azərbaycan Respublikasında həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında deyilir ki, bu məqsədlə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov və Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında Anlaşma Memorandumu imzalanıb.

Fəaliyyət çərçivəsində agentliyin müvafiq minatəmizləmə fəaliyyətinin dəstəklənməsi, texniki potensialının gücləndirilməsi, zəruri avadanlıqların alınması, habelə keçmiş təmas xətti boyu yerləşən ərazilərdə mina təhlükəsinə qarşı maarifləndirmə tədbirlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

Səfir Məhəmməd Əl Bluşi Birləşmiş Ərəb Əmirlikləri tərəfindən göstərilən bu yardımı dost Azərbaycan Respublikasının humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə həyata keçirildiyini diqqətə çatdırıb.

Bəllidir ki, ermənilər Qarabağı işğal altında saxladığı 30 ildə əksər əraziləri minalayıblar və təqdim etdikləri xəritələr də reallığı əks etdirmir. Qarabağda minaların təmizlənməsi uzun müddət vaxt aparacaq. Təkcə postmüharibə dövründə 300-dən çox Azərbaycan vətəndaşı mina qurbanı olub.

Mina ilə mübarizə qlobal bir məsələdir. Bəs indiyədək Azərbaycana bu işdə konkret hansı dövlətlər yardım göstərib? Azərbaycana qara yaxan Avropa, Qərb təsisatları bu məsələdə hansısa yardım göstəribmi? Bəs konkret bu öhdəliyi olan beynəlxalq qurumlar hansılardır və onlar niyə aktiv deyil? 

İlk olaraq qeyd edək ki, müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olub, onlardan 68-i həlak olub, 293-ü isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. 

Azərbaycan Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tailand və Türkiyə ərazisi kimi daha çox minaların təsirinə məruz qalan ölkələrdən sayılır. 

İşğaldan azad edilmiş ərazilərdə 4 il ərzində ANAMA, Müdafiə Nazirliyi, FHN, DSX, 4 milli kommersiya şirkəti və milli QHT - “Beynəlxalq Avrasiya Mətbuat Fondu” (BAMF) tərəfindən 152 619 hektar ərazi minalardan və PHS-dən təmizlənib. 

Qarabağda minatəmizləmə prosesinə indiyədək 349,1 milyon dollar vəsait xərclənib. Bu vəsaitin 16,1 milyonu beynəlxalq mənbələrdən daxil olub. Azərbaycan hökuməti 2023-cü ildə minalarla mübarizəyə dövlət büdcəsindən 110.2 milyon manat (64.82 milyon ABŞ dolları) sərf edib.

Azərbaycan 2024-cü ildə minatəmizləmə fəaliyyəti üçün Səudiyyə Ərəbistanı Krallığından 3,0 milyon ABŞ dolları məbləğində maliyyə yardımı alıb. 2024-cü ildə Azərbaycanda minalarla mübarizə üçün Birləşmiş Ərəb Əmirlikləri tərəfindən 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb. 

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin hesabatında qeyd edilir ki, Avropa İttifaqı (Aİ) və onun 10 üzv dövlətinin “Team Europe” proqramı çərçivəsində Azərbaycanda  minalarla mübarizə üçün ayrılmış 10 milyon avro maliyyə yardımının son 2 milyon avro məbləğində olan hissəsini verib. Bu yardım texniki yardım, bacarıqların artırılması, mina təhlükəsinə qarşı maarifləndirmə və mina qurbanlarına yardımı əhatə edəcək. Aİ və üzv dövlətlər tərəfindən yardımın 13 milyon avroya çatdırılacağı gözlənilir. Belçika Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərini dəstəkləmək üçün 250 min avro ayırıb. Bundan başqa, Birləşmiş Krallıq hökuməti Azərbaycanda minalarla mübarizəyə son üç ildə 1,5 milyon funt sterlinq vəsait ayırıb. 1999-cu ildən bəri ABŞ Azərbaycana minalarla mübarizə humanitar proqramlarını dəstəkləmək üçün təxminən 38 milyon ABŞ dolları ayırıb. 2020-ci ilin noyabr ayından bu günə kimi 4.5 milyon ABŞ dolları minalarla mübarizə proqramlarını həyata keçirmək üçün ayrılıb, əlavə olaraq 2 milyon ABŞ dollarının ayrılması gözlənilir.

Mina və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə Türkiyə Azərbaycana böyük köməklik göstərib. Türkiyənin hərbi istehkamçılarının ilk qrupu Azərbaycana noyabrın 30-da, yəni müharibə başa çatdıqdan 20 gün sonra göndərilib. Qrup Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində kömək göstərməyə başlayıb. 

Azərbaycan Respublikasında həyata keçirilən minatəmizləmə fəaliyyətinə maliyyə yardımlarının yalnız 4-5%-i beynəlxalq donorların payına düşür. UNDP, UNICEF, UNHCR, Avropa Birliyi, ABŞ Dövlət Departamenti, Böyük Britaniya, Yaponiya İnkişaf Agentliyi tərəfindən bu istiqamətdə müxtəlif sahələr üzrə fəaliyyətlərə maliyyə dəstəyi göstərilib. Xüsusən qadın minaaxtaran qrupları, minaaxtaran siçovullarla təmizləmə, Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) tədbirləri, texniki dəstək istiqamətində beynəlxalq maliyyə yardımı göstərilib. 

Rövşən Məhərrəmov

Polkovnik Rövşən Məhərrəmov bildirir ki, işğal altında olan ərazilər tam şəkildə minalanıb. Ermənilər formulyar tutmadan minalanma həyata keçirib: “Mina yerləşdirilməsi planlaşdırılanda formulyar tərtib olunur və həmin formulyar döyüş xəritəsinin içində işlənilir.  Ermənilər isə hər iki müharibədə minaları haraya gəldi basdırıb qaçıblar. Onun yerini müəyyən etmək mühəndislər üçün çox çətin prosesdir. Bu məsələdə əsas yük Azərbaycanın boynundadır. Doğrudur, Türkiyə  texnika baxımından və digər məsələlərdə köməkliyini göstərdi. Rusiya sülhməramlıları Azərbaycanda olan dövrdə bu ölkə də minaların təmizlənməsinə yardımçı olacağını açıqladı. Böyük texnikaları isə Azərbaycan öz vəsaiti hesabına İsraildən aldı. Mina elə bir silah növüdür ki, uzun illər qala bilir. Ukraynada və Belarusda İkinci Dünya müharibəsindən qalma minalar var və onlar partlayır. 

Ermənilər Qarabağda təxminən 1 milyondan artıq mina basdırıb. Onların əksəriyyəti Ağdamın ərazisindədir. Hazırda onların təmizlənməsi işləri görülür.  Bu işdə BƏƏ Azərbaycana böyük dəstək göstərir. Çünki mina bütün bəşəriyyətin bəlasıdır. Onu da vurğulayım ki, burada söhbət tək minalardan deyil, müxtəlif raket və mərmilərdən gedir. Onlar uzun illər partlamamış vəziyyətdə qalır və hər an böyük faciəyə səbəb ola bilir. Onların təmizlənməsi də çox vacibdir".         

Şahanə RƏHİMLİ,
Musavat.com


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR