İnsanlara hürriyət, millətlərə istiqlal!

Mina xəritələri yenə gündəmdə - İrəvan qarşılığında nə istəyir...

Məzarlıqlar və məscidlərin yaxınlığında, evlərin arasında minaların yerləşdirilməsi Ermənistanda dövlət səviyyəsində terror siyasətidir; hərbi və siyasi ekspertlər beynəlxalq təşkilatlardan humanizm gözləmir

“Ermənistanın ayrı-seçkilik etmədən yerləşdirdiyi minalar günahsız mülki əhali üçün təhlükə yaratmaqda davam edir”. “Yeni Müsavat”ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşləri Nazirliyi “X” sosial şəbəkəsində paylaşıb. Paylaşımda qeyd edilir ki, daha bir mülki şəxs minaya düşüb, 2020-ci ildən bu yana qurbanların sayı 342 nəfərə çatıb. 

Həmçinin hamı Ermənistana təzyiq göstərməlidir ki, mina xəritələri haqqında dəqiq məlumat versin. Minaların daha çox keçmiş təmas zonasında, “müdafiə” xətlərində yox, dinc insanların üz tuta biləcəyi yollar, bulaqlar, çaylar, qəbiristanlıqlar və məscidlərin yaxınlığında, eləcə də evlərin dağıntıları arasında yerləşdirilməsi minalanma prosesinin Ermənistanda dövlət səviyyəsində həyata keçirilən terror siyasətinin bir hissəsi olduğunu və bu gün də İrəvanın aidiyyəti istiqamətdə qeyri-konstruktiv davranışı erməni hakimiyyətinin terroru davam etdirməkdə israrlı olduğunu göstərir. 

Azərbaycanda Mina Agentliyi, Müdafiə Nazirliyində iki böyük hərbi hissə yaradılıb. Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyi də minatəmizləmə prosesinə cəlb edilib. Azərbaycan dövləti çox qısa bir zamanda böyük əraziləri minalardan təmizləmək istəyir. Məlumdur ki, minalar peşəkarlar tərəfindən basdırılır və üç xəritə hazırlanır. Ordu rəhbərliyinin icazəsi ilə minalar basdırılır, xəritə tətbiq edilir. Sonuncu dəfə Azərbaycana mina xəritələri 2021-ci ilin yayında verilib. Humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili vasitəçilik edib. 

Mina xəritəsi müqabilində 15 nəfər erməni Ermənistana təhvil verilib. Ardınca Rusiya prosesə töhfə vermək istiqamətində addım atıb. Ümumilikdə, 30 erməni diversantın təhvil verilməsi ilə Azərbaycan tərəfin 200 minədək minanın yerinin xəritəsini aldığı deyilirdi. Amma bu proses artıq uzun müddətdir ki, dayanıb. Üstəlik, verilən mina xəritələrinin heç də hamısı doğru-dürüst, dəqiq çıxmayıb. Bunu dövlət yetkililəri də açıqlayıblar. Yəni Ermənistan bizdən istədiyi diversantları vermişik, amma onlar mina xəritələrini dəqiq verməyiblər. Bundan əlavə, minalar xaotik şəkildə basdırılıb. Bu da əlavə çətinlik yaradır. Bəs bu dəfə Ermənistan bizdən nə istəyə bilər? Əgər mina xəritələri qarşılığında separatçıları azadlığa buraxmağı tələb edəcəksə, o zaman dirsək göstərə bilərik. Bu problem üç-beş günlük problem deyil və görünür, hələ uzun müddət bizimlə olacaq. Onu da nəzərə almaq lazımdır ki, keçmiş məcburi köçkünlər artıq öz dədə-baba torpaqlarına qayıdırlar. Bu, minaya düşmə hallarının sayına da təsir edə bilər.  

Qeyd edək ki, Minatəmizləmə işləri Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir. Əslində bu proseslərə aidiyyəti beynəlxalq təşkilatlar və ölkələr dəstək olub, yardım göstərməlidirlər. Amma bəzi Qərb dövlətləri bizi ittiham edərək ermənilərə dəstək verirlər. Ermənistanın törətdiyi müharibə cinayətləri beynəlxalq qurumlar tərəfindən araşdırılmalı, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməli və işğalçı ölkə törətdiyi bütün cinayətlərə görə cəzalandırılmalıdır.

Tovuz hadisələri zamanı da belə olmuşdu - Ramil Məmmədli - "İki sahil"

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a ətraflı izahında açıqladı ki, Ermənistanın Qarabağda xaotik, dağınıq şəkildə basdırdığı minalarla bağlı problem uzun illər bizi narahat edəcək: “Nəqliyyat infrastrukturlarında, strateji əhəmiyyətli ərazilərdə, yaşayış məntəqələrində minalar tam təmizlənəcək. Amma yoldan 2-5 metr kənarda, yaxud kəndlərin ətrafındakı torpaq yollarda bu problem bir müddət qalacaq. Bu təhlükənin həlli vətəndaşların ayıq-sayıqlığı, vaxtında aidiyyəti qurumlara məlumat verməsindən asılıdır. Çünki problemin nə qədər mürəkkəb və çətin olduğunu artıq xalqımız da son dövrlərdə anlamaqdadır”. Hərbi ekspert qeyd etdi ki, digər tərəfdən, Azərbaycan bütün texniki avadanlıqlarla ANAMA-nı və güc strukturlarının mühəndis-istehkam qurumlarını təmin edib: “Xüsusən də Müdafiə Nazirliyinə və Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam qurumlarına yük düşür. Bu istiqamətdə bir sıra addımlar da atılıb. Sadəcə, burada iki məsələ var: hərbi yönümlü minatəmizləmə işləri, bir də mülki yönümlü... Humanitar xarakterli minatəmizləmə işləri hər hansı azərbaycanlının yaşadığı evdən ta ulu babasının dəfn olunduğu yerə qədər əhatə edən prosesdir. Bu da hər daşın altı, hər evin yan-yörəsinin axtarılması deməkdir. Təbii ki, bu da çətin və ağır işdir. Hərbi təyinatlı minatəmizləmə işləri isə yüksək səviyyədə aparılır, bu sahədə resurslarımız var. Amma mülki yönümlü minaların təmizlənməsi işlərində çətinliklər var. Bu da mütəxəssislərin çox olmaması səbəbindən irəli gəlir. Qənaətimə görə, bu təhlükələrin aradan qaldırılmasında xarici təşkilatların, humanitar qurumların dəstəyi çox ciddi rol oynaya bilər. Ümumiyyətlə, bir mina təmizləyən şəxsin hazırlanması zaman alır və qısa müddətdə onları yetişdirmək asan deyil”. 

Lakin həmsöhbətimiz vurğuladı ki, humanitar təşkilatlar ABŞ, Britaniyanın yaratdığı strukturlardır, onların qarşısında qoyulan əsas tapşırıq 60-cı illərdə Helsinki sammitindən sonra başlayıb və  əsas vəzifələri də missioner fəaliyyəti göstərmək, kəşfiyyat məlumatları əldə etməkdir: “Bu baxımdan Qərb humanitar təşkilatları Azərbaycanda bu məsələlərə əhəmiyyət vermirlər, vətəndaşlarla işləməyi, onları "verbovka" etməyi üstün tuturlar. Belə olmayasaydı, mina təmizlənməsi üçün canlı qüvvə ilə dəstək verər, evi dağılmış, yuvası vuran qoyulmuş insanlarımızın yanında olardılar. Ona görə də öz işini gərək elə özün görəsən və Qərbin humanitar təşkilatlarından uzaq olasan. Bu namərdlərin körpüsündən keçməkdənsə, öz resurslarımız, potensialımız hesabına ərazilərimizi minalardan təmizləyərik. Qərbdən də Ermənistana hər hansı təzyiq göstəriləcəyini gözləməyə dəyməz. Onsuz da bizə dolayısı ilə mesaj verirlər ki, torpaqlarını azad etmisən, buna şükür elə..."

Brüssel platformasının bərpa edilməsi Azərbaycanın siyasi və diplomatik  uğurunun nəticəsidir – Xəyal Bəşirov (ÖZƏL) - Turkic World

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə “Yeni Müsavat”a qeyd etdi ki, 3 ildir bu problem qalmaqdadır. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət bu məsələdə həvəssiz, etinasızdır: “Avropa Şurası, Avropa İttifaqı, bəzi dövlətlər Azərbaycana təsir göstərmək istəyirlər. Ancaq təsir göstərməli tərəf biz deyilik. Biz zərər çəkən dövlətik. Mina terroru elə bir dəhşətli təhlükədir ki, bunun miqyası bəlli deyil. Həmin beynəlxalq qurumlar guya insan hüquq və azadlıqları ilə bağlı həyəcanlanırlar, amma Cənubi Qafqazda, hamının diqqət mərkəzində olan bir regionda insanların mina terroru zamanı həyatını itirməsinə biganə yanaşırlar. Ona görə həmin beynəlxalq təşkilatlardan nəyisə gözləməyə dəyməz”. Siyasi ekspert hesab edir ki, onlar insan həyatı üçün səfərbər olmalı idi, amma bunu etmirlərsə, digər siyasi proseslərlə bağlı onlardan obyektiv yanaşma gözləməli deyilik: “Müharibədən dərhal sonra bu problemə son qoymaq olardı. Biz tələb edirdik, amma Ermənistanda 2021-ci ildə istehsal olunmuş tank, piyada əleyhinə minalar ərazilərimizdə basdırıldı. O zaman da beynəlxalq təsisatların reaksiyası olmadı. Fransa, Almaniya baş verənlərə laqeyd yanaşdı, di gəl, Qarabağdan könüllü gedən ermənilər üçün ajiotaj yaradırlar. Deməli, çağırış etməklə deyil, onlardan ədalətli münasibət gözləməyə dəyməz”. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR