Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə AzTV-nin sabiq sədri Arif Alışanovun qardaşı oğlu Nizami Akif oğlu Alışanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, Nizami Alışan investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən 3 şəxsə qarşı külli miqdarda dələduzluqda ittiham olunur.
İş üzrə zərərçəkmiş şəxslər məhkəmə prosesinə qatılmayıblar. Məlum olub ki, zərərçəkmişlərdən Babək Məmmədzadə Türkiyədə işləyir, buna görə də prosesdə iştirak edə bilmir.
“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu olan Babək Məmmədzadənin nümayəndəsi bildirib ki, müvəkkili hər dəfə Azərbaycana gələ bilmir: "Bundan əvvəlki iclasların birində gəlmişdi. Amma proses baş tutmadı. Özü ilə əlaqə saxlayım, görüm nə vaxt gələcək. O işi ilə əlaqədar vaxt tapıb gələ bilmir".
Hakim bildirib ki, zərərçəkmiş mülki iddia qaldırıb, gəlib məhkəmədə ifadə verməlidir.
Digər zərərçəkmiş Yadigar İsrafilovun barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Proses zərərçəkmiş şəxslər iştirak etmədiklərinə görə təxirə salınıb.
İttihama görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin üç milyon dollara yaxın (4 milyon 156 min 500 AZN) pulu ələ keçirilib.
Alışan Nizami Akif oğlu asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.
Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur.
İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.
Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir.
Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb.
Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər.
Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir.
Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.
Xatırladaq ki, ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.
Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib. Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib.
Növbəti proses aprelin 24-nə təyin olunub.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ