Onlayn ictimai-siyasi qəzet
“Serbiyada təlim-məşq toplanışı keçəcəyik və ümid edirəm ki, martda komanda təsnifat mərhələsinə mümkün qədər hazır olacaq”.
Bunu İdman.biz saytına 3X3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ratomir Deliç deyib.
Martda yığma Olimpiya təsnifat turnirində qüvvəsini sınayacaq. Honkonqda keçiriləcək yarışda basketbolçularımız meydan sahibləri, Macarıstan, Niderland, Polşa, Misir, Monqolustan və Çili ilə mübarizə aparacaq. Rəqibi dəyərləndirən Deliç bildirib ki, hər biri güclüdür və hər birinin lisenziya şansı var: “Əgər mən ən çətin komanda seçsəm, bunun Niderland olduğunu deyərəm. Onlar Honkonqa Avropa çempionu kimi gələcək və kağız üzərində bəlkə də bir növ favorit olacaqlar. Amma idmanda bunun heç bir mənası yoxdur, sən nəyə qadir olduğunu meydanda göstərməlisən və yalnız bu vacibdir. Buna görə də əlimizdən gələni edəcəyik ki, ən yaxşı nəticəni əldə edək. Oyunçularıma inanıram və bilirəm ki, orada məqsədimiz üçün mübarizə aparacağıq”.
Qeyd edək ki, Azərbaycan yığması ötən il keçirilən dünya seriyasında toplanılan reytinq xalları sayəsində Olimpiya təsnifat turnirinə vəsiqə əldə edib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ