İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis üzvündən şimal və cənubdakı anti-Azərbaycan mərkəzlərə “nöqtəli-zərbələr”  

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin Qarabağı "mübahisəli ərazi" adlandırması ilə İranın əsas rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi haqqındakı açıqlaması prinsipcə eyni mahiyyətlidir.

 Musavat.com-un məlumatına görə, bunu deputat Sahib Alıyev bildirib. Onun sözlərinə görə, Moskva da, Tehran da bununla bir daha Azərbaycanın yaratdığı geosiyasi reallığın, torpaqlarını işğaldan qurtarıb  üzərində suverenliyini tam təmin etməsinin onların heç ürəklərindən olmadığını sərgiləyirlər:

“Ötən əsrin 90-cı illərinin xiffətini çəkənlərin gözgötürməzlikdən qaynaqlanan bu açıqlamaları üstəlik, sırf cəfəngiyatdır. Rusiyanı demirəm - çünki onun 1994-cü ildə təhlükəsizliyinin təminatını öz üzərinə götürdüyü Ukraynada nələr etdiyini görürük - dünyada elə bir dövlət varmı ki, Qarabağı Azərbaycanın bir parçası kimi tanımasın? Əgər hətta Ermənistan baş naziri belə "Qarabağ Azərbaycandır" deyirsə, o, necə mübahisəli ərazi ola bilər?”

S.Alıyev əlavə edib ki, Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizini Ermənistan torpaqlarının ələ keçirilməsi, NATO-nun regiona gətirilməsi, Baydenin bu planı dəstəkləməsi haqda dedikləri də,  ölkəsinin guya "heç vaxt indiki qədər güclü və nüfuzlu olmadığı" fikri qədər reallıqdan uzaqdır:

“Əgər Zəngəzur dəhlizini açmaqda məqsəd Ermənistan torpaqlarını ələ keçirməkdisə, onda İran Araz dəhlizinə niyə izn verirdi? Axı bu dəhliz də Azərbaycanın bir hissəsi ilə digər hissəsi arasında əlaqə yaratmaq üçündür.  Bayden administrasiyalının Zəngəzur dəhlizini dəstəkləməsinə gəldikdə, burada həqiqət payı həmən Vilayətinin bizim Qarabağı işğaldan qurtarmamıza guya sevindikləriylə bağlı bir vaxtlar səsləndirdiyi açıqlamadakı qədərdir. Əgər İran onun dediyi kimi Zəngəzur dəhlizinin açılmasını həm də NATO-nun regiona gəlməməsi üçün istəmirsə, onda gözlərini yaxşı açsalar, görərlər ki, həmən NATO artıq buradadır”. 

Qaldı İranın heç vaxt indiki qədər güclü və nüfuzlu olmamasına, Milli Məclis üzvü qeyd edib ki, ağaye - Vilayətinin güc və nüfuz deyəndə nəyi nəzərdə tutduğunu açığı anlamaq çətindir:

 “Əgər İranın gücü elə aşıb-daşırsa, onda strateji obyektlərini bir-bir, zərgər dəqiqliyi ilə və istədikləri vaxt sıradan çıxaranlara, neçə generallarını, göz bəbəyi kimi qoruduqları evdə ən əziz qonaqlarını məhv edənlərə, Livanda, Suriyada, Yəməndəki proksilərinə ağır zərbə endirənlərə bunu niyə göstərmir? 

Sonda onu deyim ki, bu qəbildən olan açıqlamalarlarla onu səsləndirənlər qətiyyən dəyişmədiklərini və dəyişməyəcəklərini göstərməkdən başqa çətin nəsə əldə etsinlər. Yəni belə hərəkətlərlə bizi  yolumuzdan döndərə bilməyəcəklər. Qarabağın "mübahisəliliyini" təmin üçün ora hərbi kontingent yeridənlərin planları necə alt-üst edildisə, Zəngəzur dəhlizi də o cür açılacaq. Mane olmaq istəyənlər yəqin Azərbaycanın həmən dəhlizin bir neçə kilometrliyində hər cür təyyarənin endiyi  iki beynəlxalq hava limanını niyə tikdiyini, onlardan birinin açılışını iki qardaş dövlətin başçısının nədən  birgə etdiyini, eyni gündə Laçında keçirilən üçlü Zirvənin və  Naxçıvanda yəqin sabah başlayacaq "Sarsılmaz Qardaşlıq-2025",  "Mustafa Kamal Atatürk-2025" təlimlərinin nə anlam daşıdığını bilməmiş deyillər”.

E.Paşasoy,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR