Onlayn ictimai-siyasi qəzet
Qanun dəyişir, korrupsiyaya qarşı mübarizə sərtləşdiriləcək
Fevralın 14-də keçirilməsi nəzərdə tutulan Milli Məclisin plenar iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin hazırladığı “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişikliklər edilməsi də gündəliyə salınıb.
Bildirilir ki, layihə korrupsiyaya qarşı mübarizə üzrə səmərəliliyin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə bir sıra normaların təkmilləşdirilməsi və yeni normaların əlavə edilməsini nəzərdə tutur. Layihədə “korrupsiya” anlayışının yeni redaksiyada verilməsi təklif edilir. Belə ki, korrupsiya dedikdə vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştləri istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması, yaxud verilməsi nəzərdə tutulur. Həmçinin qanun layihəsində “korrupsiya riski”, “korrupsiya risklərinin idarə edilməsi” və “səlahiyyətli struktur bölmə (şəxs)” kimi yeni anlayışların da əlavə edilməsi təklif edilir.
İstənilən sahədə inkişafa mane olan əsas faktorlardan hesab olunan korrupsiya müasir dövrümüzdə dünyanın əksər ölkələrini narahat edən problemdir. Korrupsiyanın mövcudluğu ilk növbədə ümumbəşəri və milli dəyərləri sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur, iqtisadi və sosial inkişafı buxovlayır, cəmiyyətin ehtiyatlarından səmərəsiz istifadə edilməsinə şərait yaradır, aztəminatlı insanlara ziyan vurur. Ona görə korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Bəs sözügedən qanuna dəyişikliklər hansı zərurətdən meydana gəlib? “Korrupsiya” anlayışının yeni redaksiyada verilməsi nəyi dəyişəcək?
Aydın Mirzəzadə
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişikliklikləri etməkdə məqsəd təkcə korrupsiyanın aşkar edilməsi deyil, korrupsiya yaradan şəraiti əvvəldən proqnozlaşdırmaq, korrupsiya ehtimalını aradan qaldırmaq, korrupsiya yaradan şəraiti əvvəlcədən görmək məqsədi daşıyır: “Buna görə də qanunvericiliyimiz, eləcə də cəmiyyətimiz üçün yeni olan korrupsiya riski, risklərin idarə edilməsi kimi anlayışları ortaya qoyur. Harada ki, səlahiyyətli şəxs birbaşa maliyyə resurslarını idarə edə bilir, orada korrupsiya riski var. Əlbəttə, burada düzgün seçilmiş kadrdan çox şey asılıdır. Amma bununla belə, dövlət elə bir sistem yaratmağa çalışır ki, vəzifəli şəxs korrupsiya ilə məşğul ola bilməsin. Onun ilkin addımında belə, dövlət qarşısını ala bilsin. Yəni bu edilən dəyişikliklər ilk növbədə korrupsiyanın əvvəldən qarşısını almaq məqsədi daşıyır”.
Səbinə Salmanova
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova isə bildirdi ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə daha səmərəli nəticələr əldə etmək üçün ali siyasi iradə və qətiyyət mövcuddur: “Azərbaycan Prezidentinin əzmkarlığı, qətiyyəti və ardıcıl mübarizə tədbirləri ölkəmizdə korrupsiya və rüşvətin sonunu gətirməkdədir. Bildiyiniz kimi, ölkəmizdə korrupsiya fəaliyyəti cinayət məsuliyyəti daşıyır. Belə ki, Cinayət Məcəlləsinə görə, həm rüşvət alan, həm də rüşvət verən şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Son illər müvafiq dövlət qurumları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində əli korrupsiyaya bulaşmış şəxslərin həbsi də sübut edir ki, ölkəmizdə bu bəlaya qarşı ciddi mübarizə var, heç kim qanundan üstün deyil”.
Parlamentari onu da qeyd etdi ki, korrupsiya hallarının aşkar edilməsində ictimaiyyətin rolu danılmazdır: “Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev vaxtaşırı bu məsləyə toxunaraq ictimai nəzarət və ictimai qınaq faktorlarını xatırladır. Burada məqsəd korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə kütləviliyi və ümumi ictimai mənafelər naminə mübarizliyi təmin etməkdir. Çünki ictimai nəzarət yol verilmiş qanun pozuntularının aşkar edilməsində əlavə informasiya mənbəyi kimi çıxış etməklə müvafiq orqanları faydalı məlumatlarla təmin edə bilər. İctimai qınaq isə ən səmərəli çəkindirici vasitələrdən biridir. Ona görə də korrupsiya və rüşvətxorluq kimi ümumi bəlaya qarşı kütləvi şəkildə mübarizə aparmaq üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi faktorlar da prosesin tərkib hissəsinə çevrilməlidir. Bu sahədə əhalinin hüquqi cəhətdən maarifləndirilməsi və antikorrupsiya mədəniyyətinin formalaşdırılması da çox vacib məsələlərdəndir. Hesab edirəm ki, belə olarsa, daha tez və yaxşı nəticələri qısa müddətdə əldə edə bilərik”.
S.Salmanova dedi ki, ölkədə korrupsiya ilə mübarizədə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir: “Layihə korrupsiyaya qarşı mübarizə üzrə səmərəliliyin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə bir sıra normaların təkmilləşdirilməsi və yeni normaların əlavə edilməsini nəzərdə tutur. Belə ki, sənəddə "korrupsiya" anlayışının yeni redaksiyada verilməsi təklif edilir. Belə ki, korrupsiya dedikdə vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştləri istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması, yaxud verilməsi nəzərdə tutulur.
Qanuna təklif olunan digər dəyişikliklə isə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz. Hesab edirəm ki, bu da çox vacib dəyişikliklərdən biridir. Bu dəyişiklik yuxarıda qeyd etdiyim kimi, ictimai nəzarət və ictimai qınaq faktorlarının gücləndirilməsinə təkan verəcək".
Komitə üzvü vurğuladı ki, qanuna təklif olunan dəyişikliklərlə korrupsiyaya qarşı mübarizənin əhatə dairəsi genişləndiriləcək: “Bu, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət və yerli özünüidarəetmə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin, publik hüquqi şəxslərin və büdcə təşkilatlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlib. Ümumilikdə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər layihəsini vacib hesab edirəm. Əminəm ki, layihə ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə böyük töhfə verəcək".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ