İnsanlara hürriyət, millətlərə istiqlal!

Məzar üstünə ehsan qoymaq ənənəsi - İslam deyir ki...

İlahiyyatçılar hesab edir ki, dinimizə aid olmayan bu ənənə kökündən yanlışdır və...

Azərbaycanda mərhumun qəbrini ziyarət edən yaxınlarının başına qəribə olay gəlib. Mərhumun yaxınları onun qəbrinin üzərinə ehsan üçün nəzərdə tutulan azuqəni qoyub. Qəbrin yaxınlığındaca bu fürsəti gözləyən bir qrup şəxs həmin an ehsana hücum ediblər. Bu an vəfat etmişin yaxınları tərəfindən lentə alınıb.

Qəbir üstünə azuqə qoymaq və ardınca da xoşagəlməz mənzərə. Qeyd edək ki, bu ilk belə hal deyil.

Sosial şəbəkələrdə də bəzən ölən adamın doğum günü ilə bağlı, hətta tort hazırlatdırıb qəbri üstündən şəkil paylaşanlar olub,  bu görüntülər də xeyli müzakirələrə və tənqidlərə səbəb olub. 

Ümumiyyətlə, buna ehtiyac varmı? Belə hərəkətlər dinimizlə, şəriətlə nə dərəcədə uzlaşır? Bu şəkildə ehsanatın ölüyə, mərhumun ruhuna hər hansı savabı varmı?

Yeri gəlmişkən, Azərbaycanda neçə il əvvəl yas mərasimlərinin dəbdəbəli keçirilməsinə rəsmi qadağa qoyulub. Amma biz insanların bu qadağalara məhəl qoymadığının, yenə də hüzr məclislərində israfçılığa yol verildiyinin şahidi oluruq. Bununla belə, qeyd etmək lazımdır ki, bəzi kəndlərdə ehsan məclisləri qadağan olunub. Misal üçün, bir neçə ay öncə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Belə ki, kənd ərazisindəki 3, 7 və 40 mərasimlərində ehsan verilməyəcək. Əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılacaq. Həmçinin xüsusi vurğulanıb ki, hər hansı kənd sakini bu qaydanı pozarsa, həmin şəxsin keçirdiyi yasda sakinlər iştirak etməyəcək.

Ümumiyyətlə isə Azərbaycanda yas mərasimləri ilə bağlı formalaşan bir sıra adətlər var ki, bunun İslama aidiyyəti yoxdur. İlahiyyatçılar bildirirlər ki, ölən üçün 3, 5, 7, 40 mərasimlərinin keçirilməsi, ehsan süfrələrinin açılması İslamda yoxdur, bu, sonradan formalaşan ənənələrdir. O zaman məzar kənarına qoyulan yeyəcək-içəcəklər nə dərəcədə doğrudur?

Qiyamət gününün dəqiq tarixi - Allahın yazısını bəndə necə oxuya bilər?

 Fərid Abdulla

İlahiyyatçı Fərid Abdulla mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, insanı dəfn etdikdən sonra onun məzarının kənarına azuqələrin qoyulması kökündən yanlışdır: “Bu, Novruz bayramında da özünü qabarıq göstərir, xonça, səməni və sairə qoyurlar. Qəbirüstünə çox adam gəldiyi üçün dilənçilər də orada çox olur. Əslində insan vəfat etdikdən sonra onun adına xeyir əməllər etmək lazımdır, adətən bu ehsan sözü ilə işlənilir. Ehsan dedikdə bizim camaat yemək paylamağı düşünür. Ehsan yaxşılıq etmək anlamına gəlir. Bir mərhumun adına yaxşılıq edirsən, xeyirli bir iş görürsən, onun savabı həmin mərhuma getsin. Məzarın yanına yemək qoymaq və bu qəbildən olan hərəkətlər İslam dininin ənənəsi deyil. Biz bunun xoşagəlməz nəticələri də üzləşirik. Vəfat edənin yaxınları gedəndən sonra imkansız adamlar toplaşır ora, o yeməyi götürmək uğrunda mübarizə aparırlar. Bu nəyə lazımdır. Xoşagəlməz bir görüntü yaranır. Elə o ehsanı ehtiyacı olanlara et də. Ölənin adından xeyir iş görmək istəyirsənsə, bunu başqa şəkildə edə bilərsən. İllərdir ki, İslama aid olmayan bu ənənəni davam etdirirlər. Bu, tamamilə yanlışdır”. 

Rəsul Mirhəşimli - 55

Rəsul Mirhəşimli 

Araşdırmaçı jurnalist, ilahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanda yas mərasimlərindəki ehsan anlayışı artıq uzun illərdir həqiqi mənasından uzaqlaşıb: “Elə buna görə də yas mərasimlərində və qəbir ziyarətlərində belə biabırçı halların yaşanması artıq təəccüblü görünmür. Təmtəraqlı qəbir daşları, yas mərasimlərində ehsan adı altında verilən "banketlər"in İslamın təməl prinsipləri ilə heç bir əlaqəsi yoxdur.

Qurani-Kərimdə ehsan anlayışı 70-dən çox ayədə keçir. Bu ayələrin bir qismində başqalarına yaxşılıq etmək bir qismində isə gördüyü işi gözəl şəkildə etmək mənasında işlənir. Bütün yaxşılıqlar isə Allahın razılığını almaq üçün edilməlidir. Ehsan kəlməsi ərəb dilindəki “hasənə” kökündən törəyib, bütün gözəllikləri və rəğbət edilən şeyləri ifadə edər. Məzar daşlarının üzərinə səpilən şirniyyatlar, bu ərzaqlar üstündə az qala saçyolduya çıxmaq hansı gözəllikləri ifadə edə bilər?!

İnsanlar dünyasını dəyişmiş yaxınları üçün başqalarının dualarını almaq istəyirlərsə, imkansızlara əl tutsunlar, onlara yardım etsinlər. Təhsil haqqını ödəyə bilməyən bir kasıb tələbənin xərclərinin bir qismini ödəsinlər. Allahın izni ilə bu kimi yaxşılıqlar Yaradanın qatında ehsan olaraq qəbul edilər.

Ümumiyyətlə, qəbir ziyarətləri zamanı məzarlığa ərzaq götürmək ya ibtidai dinlərin ənənələrindən qalıb, ya da xristian düşüncəsinin bir qismini əhatə edir.

Hər bir müsəlman din qardaşına gizli və açıq şəkildə, sevincli və kədərli anlarında malı və canı ilə yardım edərək, onun xidmətinə tələsməlidir. Əgər bir insan yoxsuldursa və yardıma möhtacdırsa, soruşmadan ehtiyacını ödəməyə çalışmalıdır. Bütün bunlar dinimizdə ehsan əxlaqının əməlləridir".

R.Mirhəşimli əlavə edib ki, Azərbaycanda yas mərasimlərində ehsan etmək anlayışı bütün müsəlman ölkələrindən də köklü surətdə fərqlənir: “İnsanlar bir şeyi nəzərə almaq istəmirlər ki, bu cür dəbdəbəli yemək süfrələri və israfa yol verilən, dinə uyğun olmayan qəbir daşları, yaxud məzar üzərində qurulmuş abidələr yalnız bu işin ticarətini qurmuş adamlara sərf edir, həmin adamlar bu işlərdən milyonlar qazanır. Elə bu səbəbdəndir ki, mərasim zallarında növbələr yaranır, qəbir yerlərinin də qiyməti durmadan artır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR