Onlayn ictimai-siyasi qəzet
Ötən əsrdə çıxan satirik “Molla Nəsrəddin” jurnalının nömrələrinin birində üz qabığına belə karikatura çəkilib: azərbaycanlını yerə uzadıblar, 3 nəfər onun ağzını açıb və ora öz dilini soxmağa çalışır. Bunlar fars, osmanlı və ruslar kimi təsvir edilib.
Hər dəfə ana yurdumuzda dil mövzusunda yaxalaşma, uşağı hansı məktəbə qoymaq temasında təpikləşmə düşəndə mən ilk növbədə Mirzə Cəlilin o jurnalını xatırlayıram. Hərçənd ideyanı Mirzə versə də rəsmin müəllifi Oskar Şmerlinq-dir. Mövzudan uzaqlaşmaq olmasın, “Molla Nəsrəddin”in alman mənşəli bu möhtəşəm rəssamının xatirəsini əbədiləşdirmək üçün Azərbaycanda bir fırça ucu boyda iş görülməyib. Bu da bizim Oskar müəllimə “minnətdarlığımızın” əlamətidir.
Ümumiyyətlə, bizdə bəzi sarsaqlar var, görürsən hərdən ortaya düşürlər, həmin klassik maarifçilərimizi təhqir etməyə, gördüyü işləri guya sıfırlamağa çalışırlar. Sən demə, milləti tənqid eləmək onun inkişafına mane olurmuş. Gərək ancaq tərifləyəsən və yaltaqlanasan. Mən bu dəyirmanın suyunun haradan gəldiyini, altındakı məqsədi (məqsəd ümumiyyətlə kritik yanaşmanı aradan qaldırmaq, mətbuatı-filanı silmək və oğurluğa rahat davam etməkdir) yaxşı başa düşürəm və adətən fikir vermirəm, necə deyərlər, gülüb keçirəm. Amma 100 il sonra da millət hələ hansı dildə danışmaq, hansı məktəbdə oxumaq lazımdır tipli mövzuları özü üçün müəyyənləşdirə bilməyibsə, bu, maarifçilərin haqlı olduğunu göstərmirmi? Əlbəttə, maarifçilik müəyyən dövrlər tənəzzülə uğraya bilər, əkilən toxumların çürük çıxdığı mənzərəsi yaranar, ancaq başqa yol yoxdur. Oxumaq, öyrənmək, bilikləri, elmi yaymaq, kitabı təbliğ etmək həmişə lazımdır. Bunun alternativi yoxdur. Daha doğrusu, var: həmin alternativ cahillikdir.
Dil məsələsi Mirzə Cəlilin və onun jurnalının əsas narahatlıq mövzularından biri idi, buna dəfələrlə toxunub, hətta “Anamın kitabı” pyesi tam bu mövzudadır. Ancaq uca Mirzəmizin “Molla Nəsrəddin” jurnalının 3 noyabr 1906-cı il sayında dərc etdiyi “Meymunlar” felyetonu, məncə, son günlərin “uşağı hansı dildə oxudaq” mövzusunu bağlayıb və qapağını da qoyub. Həmin yazıdan böyük sitatla köşəmizi bitirək:
“Hürriyyət və hüquq davası düşəndən heç bir müsəlman məclisi olmayıb ki, orada bir obrazovannı müsəlman ayağa durub deməsin "hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək". (Hələ məzəsi budur ki, bu nitqlərin hamısı rus dilində söylənilir - bu sirdən də heç kəs baş aça bilməyib).
Bəli, keçək mətləbə. Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək.
Pəs ana dilimizi istəməyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur?
Mən indiyədək heç bir yanda görməmişəm ki, iki obrazovannı müsəlman bir-biri ilə görüşəndə müsəlmanca danışsınlar - amma hökumətin qanun qərardadlarının içində heç belə bir qərardad yoxdu ki, iki müsəlmanın bir-biri ilə müsəlmanca danışmağına mane olsun.
Kim bizi öz dilimizdən utanmağa və öz dilimiz ilə danışmağı ar bilməyə vadar edir? Bir təbrizli Tiflisə gəlib bir həftə burada qalmaqnan adının axırına “of” qondarır. Məgər bunu da hökumət edir?
Nə vaxt hökumət qaradavoy və pristav göndərib ki, get gör filan müsəlman oğluna nə ad qoyub və qızına nə ad qoyub və hökumət nə vaxt müsəlmanı məcbur edib ki, qızının adını Fatma əvəzinə Fatya qoysun və oğlunun Həsən adını dəyişdirib Qasanka eləsin?
İndiyədək görünməyibdir ki, iki oxumuş erməni bir-biri ilə rusca danışsın.
İndi gəl müsəlman aləminə. Gedirsən bir rəfiqin qapısını döyürsən. Bir balaca qız çıxır. Soruşursan ki, atan evdə?
Qız “papa” deyə-deyə qaçıb atasını çağırır. Girirsən içəri və qızın kefini soruşub deyirsən: “Maşallah, Münəvvər xanım, yekə qız olubsan”. Görürsən qız qaş-qabağını saldı. Sonra məlum olur ki, qıza gərək “Varya” deyə idin, Münəvvər dedin, acığı gəldi.
Hətta axır vaxtda İran məmurları da yavaş-yavaş adlarını çöndərməyə başlayıblar.
Hakimi-vilayəti-Ərdəbil Həsənqulu xan Cəfərxanov, naibi konsulgəriyi-Gəncə və Badkubə dər qəryeyi-Danabaş Mirzə Heydər Səlimxanov və qeyrə.
İşlər bu sayaqdır.
Axırda həmin qasankalar və varyalar böyüyüb başlayacaqlar məclislərdə haray təpib çığırmağa: “Ay aman, qoymayın hökumət ana dilimizi öyrənməyə mane olur”.
P.S. Acı olan budur ki, milli meymunlarımız bu qədər müddətdə bir damcı da tərəqqiyə, evolyusiyaya uğramayıbdır.
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ