İnsanlara hürriyət, millətlərə istiqlal!

Mətbuat Şurasının İdarə Heyətinin 2024-cü ildəki son iclası keçirildi - FOTOLAR

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

Musavat.com xəbər verir ki, iclasda dekabrın 25-də təyyarə qəzasında həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Əvvəlcə İdarə Heyətinin ötən iclasından bəri MŞ-nin gördüyü işlərə dair məlumat dinlənildi. R.Məcid bildirdi ki, hesabat dövründə Şuranın təşəbbüsü ilə “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans təşkil olundu. Toplantıda Prezident İlham Əliyevin bəzi beynəlxalq dairələrin ölkəmizə qarşı informasiya savaşı və ideoloji müharibə apardıqlarına dair fikirləri üzərində dayanıldı, ölkə mediasının və jurnalistlərin qlobal çağırışlara, ölkəmizdəki sabitliyi və əminamanlığı pozmağa hesablanmış informasiya diversiyalarına adekvat yanaşmalarının, hər zaman peşəkarlığı və həssaslığı əsas tutaraq çevik fəaliyyət göstərmələrinin zəruriliyi vurğulanıb.

Hesabat dövründə, həmçinin, Mətbuat Şurasında ömürünü-gününü peşəsinə sərf etmiş jurnalistlərin yubileyləri ilə bağlı 5 toplantı reallaşdırıldı ki, bu tədbirlər Şuranın Ahıl Jurnalistlər Məclisi tərəfindən təşkil olundu. MŞ 3 müxtəlif media orqanının yubileyi ilə əlaqədar təbrik mətni yaydı, Şurada xaricdən gələn media təmsilçiləri ilə 3, o cümlədən Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.

R.Məcid onu da bildirib ki, Mətbuat Şurası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsini başa çatdırıb. Layihə çərçivəsində, ümumən, 5 toplantı keçirildi ki, onların dördündüsü və beşincisi hesabat dövrünə təsadüf etdi. Layihə çərçivəsində, həmçinin, MŞ-nin “presscouncil.az” saytında “Azərbaycanın media landşaftı” adlı xüsusi kateqoriya yaradıldı. Həmin kateqoriya özündə “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri və jurnalist təşkilatları”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımkateqoriyalarını, məqalələri və keçirilmiş tədbirlərin icmallarını birləşdirdi.  

MŞ sədri rəhbərlik etdiyi qurumun COP29-la bağlı fəaliyyətinin də müstəsna önəm daşıdığını bildirdi. Belə ki, noyabrın 6-da Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsəd və mahiyyəti” mövzusunda dəyirmi masa keçirildi.

Habelə, Şura dekabrın 17-də Bakı Dövlət Universitetində görkəmli alim və mətbuat tədqiqatçısı, ustad Şirməmməd Hüseynovun 100 illik yubiliyenə həsr olunmuş “Azərbaycan mediası: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi-praktik konfransın, Milli Kitabxanada “Şirməmməd Hüseynov Biblioqrafiya” kitabının təqdimat mərasiminin təşkilində yaxından iştirak etdi. Bundan başqa, MŞ-nin İdarə Heyətinin üzvləri Bakı Dövlət Universitetində Medianın İnkişafı Agentliyinin otağının, “Xalq qəzeti”nin debat otağının açılışına qatıldılar. BDU Jurnalistika fakültəsində Mətbuat Şurasının da otağı var. Hesabat müddətində bu auditoriyada MŞ İdarə Heyətinin üzvlərinin tələbələrlə görüşləri gerçəkləşdirildi.

R.Məcid hesabat dövründə Şuraya ünvanlanmış iki şikayətlə bağlı müvafiq tədbirlərin də reallaşdırıldığını diqqətə çatdırdı. Mövcud xüsusdakı müzakirələr zamanı ayrı-ayrı media orqanlarının tənqid obyektlərini hədəfə götürmələrinin, onlarla bağlı silsilə yazılar təqdim etmələrinin və bununla da medianın ictimai missiyasına zidd davranmalarının, qərəzli mövqe tutmalarının yolverilməzliyi vurğulandı.

Toplantıda İH üzvləri - APA Holdinqin rəhbəri Vüsalə Mahirqızına APA-nın 20 illiyi, BDU-nin Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmliyə 70 illik yubileyi ilə əlaqədar Şuranın təbrik plaketləri təqdim olundu. Q.Məhərrəmliyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Prezident sərəncamı bütövlükdə ölkə jurnalistikasına verilən növbəti dəyər nümunəsi kimi dəyərləndirildi, buna görə dövlət başçısına təşəkkür edildi.

MŞ sədrinin müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun, Şuranın İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları – Vüqar Rəhimzadənin və Elçin Mirzəbəylinin, həmçinin “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin və başqalarının çıxışlarında dekabrın 25-də baş vermiş təyyarə qəzasının işıqlandırılması məsələlərinə də toxunuldu. Bildirildi ki, MŞ-nin, ümumən, ekstremal şəraitlərdə jurnalistlərin davranışları ilə əlaqədar tövsiyələr hazırlamasının, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na müvafiq əlavələrin edilməsinin zəruriliyi üzərində dayanıldı.

Vurğulandı ki, media təmsilçilərinin bədbəxt hadisə nəticəsində zərər çəkmiş şəxslərlə münasibətlərində ikincilərin düşdükləri durumu mütləq qaydada nəzərə almaları şərtdir. Onlara sual xatirinə sual verilməməli, vəziyyətlərinə həssas yanaşılmalı, cavablarının ictimai maraqlara, cəmiyyətin informasiya almaq hüququnun təminatına nə dərəcədə adekvat ola biləcəyi barədə düşünülməli, ajiotaj yaratmamalıdırlar. Habelə, ekstremal situasiyaların işıqlandırılmasında zərərçəkənlərin yaxın qohumlarının, doğmalarının yayılmış informasiyaları emalında sarsıntı keçirə bilmə ehtimallarına da ciddi şəkildə diqqət yetirilməlidir.

Toplantıda Medianın İnkişafı Agentliyinin start verdiyi media savadlılığı həftəsinin əhəmiyyəti vurğulandı. Bildirildi ki, mövzuya kompleks yanaşılması mütləqdir və Mətbuat Şurası da mövcud istiqamətdə fəal olmalıdır. Çünki “Media haqqında” Qanundakı media savadlılığı anlayışı geniş mahiyyət daşıyır, bütövlükdə ölkənin informasiya təhlükəsizliyini də özündə ehtiva edir.

İH üzvləri çıxışlarında informasiyanın artan qlobal mahiyyətinə də toxundular, bununla əlaqədar misallar gətirdilər. Bu baxımdan peşəkar kadrların hazırlanmasının vacibliyi üzərində dayanıldı və diqqətə çatdırıldı ki, Azərbaycanın ayrı-ayrı təhsil ocaqlarında jurnalistika fakültələri fəaliyyət göstərirlər. Ancaq məsələyə daha sistemli yanaşılması üçün media sahəsində ayrıca ali məktəbin formalaşdırılması günün təxirəsalınmaz tələbidir. Çünki həm media özü dinamik struktura malikdir, həm də informasiya amili ölkələrin milli təhlükəsizlik məsələsi kimi özünü daha qabarıq formada göstərməkdədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR