Onlayn ictimai-siyasi qəzet
İran prezidenti, Azərbaycan kökənli Məsud Pezeşkian Məhərrəm ayının üçüncü günü təşkil olunan əzadarlıq mərasimində iştirak edib.
Musavat.com xəbər verir ki, mərasim imam Musa ibn Cəfər adına keçirilən ənənəvi Məhərrəmlik toplantısı olub.
Prezident Pezeşkian burada digər ictimai simalarla birlikdə Məhərrəmlik rituallarlnda iştirak edib, dualar oxuyub, sinə vurub, dini mərasimlərdə fəal rol alıb.
Maraqlıdır ki, son günlər ABŞ və İsrailin hücumları ilə əlaqədar İran cəmiyyətində artan gərginliyə baxmayaraq, Pezeşkian özünü digər rejim nümayəndələrindən fərqli aparır. O, təhlükəsizlik səbəbi ilə bunker və gizli sığınacaqlara çəkilməyib, əksinə, xalqın arasında görünərək Məhərrəmlik mərasimlərinə qatılıb. Tehran bombalanan günlərdə də Pezeşkian ali ruhaniyyat kimi bunkerə girmədi, gizlənmədi, xalqın arasında oldu, xəstəxalaradakı yaralılara baş çəkdi.
Siyasi şərhçilər hesab edirlər ki, bu addım Pezeşkianın həm fərqli idarəçilik üslubuna, həm də ictimai dəstəyi saxlamağa çalışmasına xidmət edir. Xüsusilə də molla rejiminin qapalı dairələrdə idarəetmə ənənəsindən fərqli olaraq, Pezeşkianın açıq siyasət yürütməsi onu həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə fərqli mövqeyə gətirib.
Xatırladaq ki, Pezeşkian uzun illər İran parlamentində və səhiyyə nazirliyində çalışıb, tibb elmləri doktorudur. O, prezident seçildikdən sonra da şəffaf və dürüst idarəçilik vəd edib. Hazırda isə İran ABŞ və İsrail ilə münasibətlərində ən ağır dövrlərindən birini yaşayır.
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ