İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurların sevimli istirahət məkanı, onları bu sirli adaya gətirən səbəb nə idi - REPORTAJ

Monteneqro adaları ilə məşhur ölkələrdəndir. Onlardan ən məşhuru isə Sveti Stefan (red: Müqəddəs Stefan) adasıdır. İnternetdə axtarış versəniz, adanın yalnız kənardan yaxud yüksəkdən çəkilmiş fotolarını görə bilərsiniz. Daxildən hər hansı şəkil yaxud video tapmaq demək olar ki, mümkün deyil. Səbəblər isə kifayət qədər maraqlıdır.

Ada Adriatik dənizinin sahilində, Budva Rivyerasında, Budva şəhərindən 5 kilometr cənub-şərqdə yerləşir. Budvadan avtobus vasitəsilə 2-2.50 avro (məsafədən asılı olaraq) ödəyərək adaya gedə bilərsiniz. Meşəlik ərazidən taxta pilləkənlərlə addımlayaraq adaya getmək olar.

Müqəddəs Stefan adasının adına ilk dəfə 1442-ci ilə aid salnamələrdə rast gəlinir. Budva və Bulyaritsa arasındakı böyük ərazidə uzun müddət Paştroviçi qəbiləsi məskunlaşmışdı. Tarixçilər iddia edirlər ki, etnik cəhətdən paştroviçlər 6-10-cu əsrlərdə buraya köçmüş serblər və digər slavyanlardır. O zaman Sveti Stefanda 12 kiçik tayfa var idi. Mənbələr yazır ki, adadakı qala XV əsrdə ucaldılıb. Onun tikintisini türklərə qarşı müqavimətlə əlaqələndirirlər. Tarixi məlumata görə, türklərdən əldə olunan qənimətlə Yaz sahili yaxınlığında ilk istehkam və 12 ev tikildi (hər tayfa üçün bir). Adanın adı isə eyniadlı kilsədən götürülüb. Onsuz da əhalisi az olan ada 20-ci əsrin ortalarında tədricən boşalmağa başladı. İnsanlar Balkan və Dünya Müharibələri səbəbindən kütləvi şəkildə Avropanın digər ölkələrinə, ABŞ-ə köç etdilər.

Ötən əsrin 50-ci illərdə Monteneqrolu rəssamlar adaya səfər edən Yuqoslaviya siyasətçisi Edvard Kardelə kəndi sənət koloniyasına çevirməyi təklif etdi. Lakin siyasətçi adanı turistlər və dünya ulduzları üçün cəlbedici etməyə qərar verdi. Və o buna nail oldu. Adada qalan azsaylı ailələr üçün yaxınlıqda evlər tikildi. Adadakı evlər isə otellərə çevrildi. Ada oteli qapılarını ilk qonaqlarına 1960-cı il iyulun 13-də açdı. O vaxtlar burada dincəlmək çox dəb idi. Qonaqlar üçün otaqların dar olması vacib deyildi. Elita-aktyorlar, müğənnilər, siyasətçilər üçün ən önəmlisi istirahət edəcəkləri ərazinin qapalı olması idi. Sofi Loren Müqəddəs Stefan adasına ilk dəfə gələndə demişdi: “Sanki uşaqlığımın ən gözəl nağılındakı şəhərə qayıtmışam”.

Kosmonavt Yuri Qaqarin, balerina Maya Plisetskaya və musiqiçi, aktyor Vladimir Vısotski, kino ulduzlar Cina Lollobridciada, Marina Vladi, rejissorlar Karlo Ponti, Kirk Duqlas, Sergey Bondarçuk, Silvester Stallone, Ceremy Ayrons, İtaliya prezidenti Sandro Pertini bu adada istirahət ediblər. Ada milyonçuların da diqqətində olub. Rotşildlər ailəsinin varisi olan Nat Rotşild 40 yaşını Monteneqroda böyük ziyafətlə qeyd edib. O, 400 məşhur və zəngin qonağın dəvət edildiyi məclis üçün 1 milyon sterlinq xərcləyib.

mng1.jpg (66 KB)

2007-ci ildə Yuqoslaviya böhranı səbəbindən ada qismən tərk edildi və lüks kurort statusunu itirdi. Monteneqro hökuməti bərpa üçün vəsait tapa bilmədi. Nəticədə ada 30 illik beynəlxalq turizm şirkəti “Aman Resorts”a icarəyə verildi. Otel iki il ərzində bərpa edildi və qonaqların üzünə açıldı. Lakin hər turist bura daxil ola bilmir. Sveti Stefan adası otel qonaqlarından başqa ziyarətçilər üçün bağlıdır. Lakin deyilənə görə, adadakı restoranda masa sifariş etməklə içəri daxil olmaq olar. Oteldən söz düşmüşkən, kurort mərkəzinin digər adı Aman Sveti Stefandır. 2020-ci ildə kurortda bir gecə üçün ən yüksək qiymət 6215 avro olub. Quruda, Miloçer villasının yanında “Villa “21” var ki, onun kirayə qiyməti kifayət qədər maraqlı üsulla, ildə bir dəfə keçirilən auksion vasitəsilə müəyyən edilir.  Deyilənə görə, bu, Adriatik sahilindəki ən bahalı villadır.

Ada tarixinə maraqlı tədbirlər də yazılıb. Məsələn, 1992-ci ildə Bobbi Fişer və Boris Spasski arasında Fişerin “dünya çempionatı matçı” adlandırdığı bir matç olub. 2010-cu ilin yayında otelin yubileyi şərəfinə Sveti Stefan adasında Andrea Boçellinin konserti baş tutub.

Adada toy edənlər də var. 10 il öncə serbiyalı tennisçi Novak Cokovic və Yelena Ristiçin tou burada olub.

Hazırda adanın materikə aid hissəsində də turizm infrastrukturu var. Burada mənzillərin qiyməti Monteneqrodakı orta qiymətdən yüksək olsa da, adadakı otellərdən xeyli aşağıdır. Buradakı Miloçer villası Yuqoslaviya Kraliçası Mariyanın keçmiş yay iqamətgahıdır. Ada yaxınlıqdakı çimərliklərdən biri hər kəs üçün açıq, digəri isə yalnız otelin qonaqları üçündür.

2021-ci ildə adadakı otel bağlandı. Buna səbəb Monteneqro hakimiyyəti ilə ada sahibləri ilə arasında yaranan mübahisə idi. Belə ki, yerli sakinlər çimərliyə pulsuz giriş tələb etdilər. Hətta etirazlar o həddə çatdı ki, hasarlar söküldü. Hökumət etirazçıları dəstəklədi və qonaqlar haqqında məlumatın məxfiliyinə zəmanət vermədiyini bəyan etdi. Nəticədə sahibkar London Arbitraj Məhkəməsinə müraciət edərək icarə müqaviləsini pozduğuna görə Monteneqro hakimiyyət orqanlarından 100 milyon avro tələb etdi. Prosesin gedişi ilə bağlı isə mətbuatda məlumat tapmaq mümkün olmadı. Bəlli olan yalnız bir neçə il sonra tərəflərin görüşdüyü və konsensus əldə olunduğudur. Şərtlərlə bağlı məlumat verilmir.

Ada qapalı olsa da, kiçik tərkibli ekskursiyalar təşkil olunur. Təəssüf ki, zaman darlığı səbəbindən mən qoşula bilmədim, lakin turist bürolarından maraqlanıb qruplara qoşulmaq olar. Kiçik ekskursiya adambaşı 20 avroya başa gələcək.

Əgər adada yemək yemək şansınız olmasa, narahat olmayın. Çimərlikdən üzüyuxarıda çox sayda restoran var. Günbatımında adaya açılan möhtəşəm mənzərə ilə şam etmək daha zövqlüdür, inanın! Bu restoranlarda yerli təamları və yerli şərabları dada bilərsiniz. Təxminən 10-15 avroya doyumlu şam edə bilərsiniz.

Monteneqro, Sveti Stefan,
Nigar Həsənli,
Fotolar müəllifindir
Musavat.com

mng3.jpg (85 KB)

mng2.jpg (120 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR